Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib.
Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qurultayın açılış mərasimindən əvvəl Azərbaycan gənc alimlərinin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış olub. Sərgini ziyarət edənlərə AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdikləri innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan qurultayın əhəmiyyətindən danışıb. O, Dövlət Proqramının gənclər siyasətini daha səmərəli həyata keçirmək, cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edən gənclərin innovativ potensialını üzə çıxarmaq, gənc nəslin sağlamlığını qorumaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək kimi hədəflər müəyyənləşdirdiyini diqqətə çatdırıb.
Akademik Akif Əlizadə müasir Azərbaycan elminin qarşısında duran vəzifələr, elmin müxtəlif sahələrinin inkişafına gənclərin verdiyi töhfələr və innovativ fəaliyyət sahələrində əldə olunan nailiyyətlərdən bəhs edib. Müasir dövr və onun sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdiyini söyləyən AMEA-nın prezidenti bildirib ki, akademiyada gənclərin intellektual potensialının inkişafı, daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunması, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması istiqamətində görülən işlər əvəzsizdir.
Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, rəhbərlik etdiyi qurum yeniyetmə və gənclərin elmə maraqlarının artırılması istiqamətində bir sıra layihələr həyata keçirir. Belə ki, “İstedadların hazırlığı laboratoriyası” layihəsi artıq beş ildir ki, həyata keçirilir. Layihə riyazi düşüncəyə malik məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır. Bu illər ərzində 8 min yeniyetmə fizika, riyaziyyat və kimya üzrə olimpiadada iştirak edib. Qaliblər artıq beynəlxalq fənn olimpiadalarında da uğurla iştirak edirlər.
Azad Rəhimov, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən ilk dəfə keçirilən milli “İdeya var!” müsabiqəsi haqqında məlumat verib. O, bu cür layihələrin kadrların yetişdirilməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Təhsil nazirinin müavini Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizdə elm və təhsilin inkişafı üçün bir çox fərman və sərəncamlar imzaladıqlarını qeyd edib. Elm və təhsilin inkişafı ilə bağlı həyata keçirilən layihələrdən danışan nazir müavini bu gün ölkə iqtisadiyyatının tələblərini ödəmək məqsədilə yüksəkixtisaslı mütəxəssis və alimlərin hazırlandığını vurğulayıb. XXI əsrin milli təhsil quruculuğunun “Yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən görülən işlərdən söz açan Ceyhun Bayramov ali təhsil sisteminin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və formalaşdırılması üzrə həyata keçirilən tədbirlərin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu söyləyib.
Sonra qurultayın bəyannamə layihəsinin hazırlanması məqsədilə işçi orqanın yaradılması təklif olunub.
Tədbirdə təşkilat komitəsi tərəfindən qurultayın mandat komissiyası və katibliyinin tərkibi təsdiq edilib.
Qurultay gənc alimlərin çıxışları ilə davam etdirilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...