Dekabrın 15-də Astara rayonunun Artupa kənd tam orta məktəbində “Ümumi və ali təhsil müəssisəsi üzrə pilot layihənin tətbiqi barədə” Təhsil nazirinin 27 noyabr 2017-ci il tarixli əmrinin icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
 Tədbirdə pilot layihənin iştirakçısıları olan Astara və Yardımlı rayonlarının təhsil işçiləri, Lənkəran Dövlət Universitetinin, Astara Pedaqoji Kollecinin, Lənkəran Humanitar Kollecinin müəllimləri iştirak ediblər.
Toplantıda çıxış edən Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova pilot layihə barədə məlumat verib.
Qeyd olunub ki, ali təhsil müəssisələri ilə səmərəli pedaqoji əməkdaşlıq yaratmaqla ümumtəhsil məktəblərində yaradıcı və təşəbbüskar mühitin təmin edilməsinə, tədris-metodiki işlərin effektiv qurulmasına, müəllimlərin peşə bacarıqlarının və şagirdlərin təlim nailiyyətlərinin davamlı inkişafına, eləcə də qabaqcıl pedaqoji təcrübə nümunələrinin aşkara çıxarılıb yayılmasına elmi-təşkilati dəstək göstərmək məqsədilə Lənkəran Dövlət Universiteti (LDU) ilə Astara və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair pilot layihə həyata keçirilir.
Bildirilib ki, layihədə LDU, Astara və Yardımlı rayon təhsil şöbələrinin elmi-pedaqoji əməkdaşlıq sahəsində 2017-2018 və 2018-2019-cu dərs illəri üzrə birgə “Tədbirlər Planını”nın hazırlanması, ümumtəhsil məktəblərində keçirilən fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi sahəsində müəllimlərə kömək məqsədilə təlimlərin, konfrans, seminar və “dəyirmi masa”ların keçirilməsi, LDU-nun ayrı-ayrı fənlər üzrə professor-müəllim heyətinin nümayəndələri tərəfindən məktəb müəllimlərinə “ustad dərsləri”nin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev bildirib ki, Lənkəran Dövlət Universitetinin təşəbbüsü ilə bu ali təhsil müəssisəsi ilə Astara və Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair pilot layihənin artıq icrasına başlanılıb.
İki ili əhatə edəcək layihənin gələcəkdə öz töhfələrini verəcəyini vurğulayan R.Ağayev pilot layihənin icrasının yekunlarının Təhsil Nazirliyində müzakirə edilərək müvafiq qərar qəbul ediləcəyini diqqətə çatdırıb.
LDU—nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxışında qeyd edib ki, 2500 nəfərin çalışdığı ali təhsil müəssisəsində əsas devizimiz “Şəffaf universitet, sağlam təhsil və keyfiyyətli məzun”dur.
Pilot layihənin nəticələrinin qarşlıqlı fəaliyyətimizdən daha çox asılı olduğunu vurğulayan N.İbrahimov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov pilot layihənin əhəmiyyətini yüksək dəyərləndərək, bunun müəlimlərin peşə bacarıqlarının və şagirdlərin təlim nailiyyətlərinin inkişafına, şagirdlərin fənlər üzrə ixtisaslaşmasına və peşə yönümünə müsbət təsir göstərəcəyini bildirib.
Tədbirdə çıxış edən LDU-nun müəllimləri Yədulla Ağazadə və Kamran Kazımlı, Astara Təhsil Şöbəsinin metodkabinetin müdiri Emin Fətəliyev, Astara şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Həşimova və valideyn Girdənaz İsgəndərova pilot layihə ilə bağlı rəy və təkliflərini bildiriblər.
Tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub..
/Azərtac/Astarainfo.az

Astarainfo.az