Astara Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev mütəmadi olaraq rayonun şəhər, qəsəbə və kəndlərində əhali ilə görüşür, problemləri və onları narahat edən məsələlərlə yaxından tanış olur, həlli üçün tapşırıqlar verərək icrasını nəzarətə götürür.
Dekabrın 19-da Kijəbə qəsəbə sakinləri ilə keçirdiyi  səyyar qəbul və görüşdə əhalini salamlayan icra başçısı bildirdi ki, ərazilərdə əhali ilə səyyar qəbulların keçirilməsi ümumi işimizə böyük fayda verir. Hər görüşdə tərəfinizdən qaldırılan problemlər təhlil edilərək həlli yolları axtaraılır, aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Elə son illər qəsəbənizdə görülən çoxsaylı abadlıq işləri də görüşlərdə verdiyiniz təkliflər əsasında görülmüşdür.
Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahin Əmənullayev rayon İcra hakimiyyətinin başçısının əhali ilə əvvəlki görüşündən sonra ərazidə görülən abadlıq və quruculuq işlərindən, səyyar qəbul zamanı qaldırılan təkliflərin yerinə yetirilməsi ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, son vaxtlar rayon rəhbərliyinin yaxından köməkliyi ilə qəsəbə daxilində piyada səkilərə tamet düzülmüş, hasarlar suvaqla suvanaraq rənglənmiş, suötürücü kanallar təmir edilərək, suyun maneəsiz axını təmin edilmişdir.
Sakinlərdən Xanağa Babayev, Ağadadaş Əliyev, Firudin Abbasov, Azər Kişiyev, Əbülhəsən Muradov, Muradəli Ağayev, Təbrizə Rəsulova və başqaları çıxış edərək icra başçısının Kijəbə qəsəbəsinə vaxtaşırı gəlişi və  əhali ilə səmimi görüşündən razılıq etdilər. Çıxış edənlər son illər Respublikamızda və Astara rayonunda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirmiş, həmişə olduğu kimi bundan sonra da dövlətçiliyin möhkəmləndirilməsi yolunda səy və bacarıqlarını əsirgəməyəcəklərini, ölkə başçısının ətrafında daha sıx birləşəcəklərini xüsusi vurğulamışlar. Tədbirdə iştirak edənlər görülən işlərlə yanaşı bir sıra problemlərin həlli üçün tədbirlər görülməsi barədə təkliflər vermişlər. Onlar Kijəbə qəsəbə tam orta məktəbin istilik sisteminin yaxşılaşdırılması, çay fabriki yaşayış massivində subartezian quyusunun qazılması, Maşxan-Kijəbə avtomobil yolunun əsaslı təmiri və başqa problemlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edənlərin hamısına xoş sözlərə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, təkcə rayonumuzda deyil bütün ölkədə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə hamımız möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini uğurla davam etdirən hörmətli Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycan ilbəil yüksək sürətlə inkişaf edir və qüdrətli dövlətə çevrilir. Bu inkişafı rayonumuzun, elə Kijəbə qəsəbəsinin timsalında görə bilərik.
İlk növbədə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyü qeyd olunmalıdır. İllər uzunu həllini tapmayan, əhalinin böyük əziyyətlə getdiyi Deqədi-Pəlikəş, Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yollarının asfaltlaşdırılması rayomnumuzun tarixində ən yaddaqalan hadisə olacaqdır. Hər iki istiqamətdə salınan yolun çox çətin, sıldırımlı qayalıqlardan ibarət rayonun ən ucqar dağlıq ərazilərini əhatə etdiyini nəzərə alsaq, bu işin nə qədər böyük əhəmiyyət kəsb etdiyini görərik. Əhalinin normal istirahəti, vaxtını səmərəli keçirməsi üçün Astara şəhərində salınan və hazırda genişləndirilməsi həyata keçirilən park-bulvar layihəsinin icrası da rayonumuzun sakinlərinə möhtərəm Prezidentimizin hədiyyəsidir. Bu yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə hədsiz minnətadarlığımızı bildiririk.
Rayonun digər yaşayış məntəqələrində olduğu kimi son illər Kijəbə qəsəbəsində də genişmiqyaslı abadlıq və quruculuq işləri aparılmışdır. Yeni məktəb binaları tikilmiş, qəsəbə sahə xəstəxanası əsaslı təmir olunmuş, yolların asfaltlaşdırılmış, avtomobil və piyada körpüləri salınmış, yaşayış məntəqələrinin böyük əksəriyyəti qazlaşdırılmış və digər sosial infrastruktur layihələrin icrası həyata keçirilmişdir. Əhalinin içməli və suvarma suyuna olan tələbatını ödəmək məqsədilə Ojakəran kəndində və qəsəbədə iki subartezian quyusu qazılmış, qəsəbəyə su xətti çəkilmişdir. Əhaliyə fasiləsiz elektrik enerjisi verilməsi məqsədilə yüksək gərginlikli elektrik stansiyasında bütün avadanlıqlar yenisi ilə əvəz olunmuş, yeni transformator quraşdırılmış, elektrik dirəkləri və xətləri dəyişdirilmişdir.
Əkin sahələrinin artırılması, çayçılıq və sitrusçuluğun inkişafında olan müsbət irəliləyişlər də ürəkaçandır. Bu sahələrin inkişafı daim diqqətdə saxlanılmalı, daha müasir, səmərəli üsullardan istifadə etməklə, məhsuldarlığı daha çox olan, şaxtaya davamlı yeni sort sitrus tinglərinin yetişdirlməsinə diqqət artırılmalıdır.
İcra başçısı səyyar qəbula gələn sakinlər tərəfindən qaldırılan  problemlərin həlli ilə əlaqədar aidiyyəti şəxslərə tapşırıqlar verərək, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə onları təbrik etmiş, xoş arzularını bildirmişdir.

Astarainfo.az