Məhsul  bayramının adı və dadı.

Bu gün Lənkəran şəhərinin mərkəzi Heydər Əliyev xatirə parkında əsl bayram əhval ruhiyyəsi yaşanırdı.Al-əlvan bəzədilmiş meydan,çöhrələrdəki təbəssüm,ocaqlarda bişən növbənöv təamların rayihəsi,sərgilənən nemətlərin görünüşü   bayram ovqatından xəbər verirdi.Bəli,bu gün  lənkəranlılar ölkədə ilk dəfə  Məhsul bayramını “Çat,çəltik və sitrus festivalı” şəklində  qeyd edirlər-həm də ellikcə.
 “Nənələr” in ifasında qədim bicar-əmək  nəğmələrinin səslənməsi keçmişlə bu günün Məhsul  bayramı fonunu sanki tamamlayır. Subut edir ki,qərinələr,əsrlər keçsə də,ənənələr  dəyişməz qalır.İnsanlar məhsul bolluğuna ta yaranışdan necə sevinibsə,biçin başa çatdıqdan  sonra  necə mağar qurub bayram düzənləyibsə , bu gün də belədir.
 Lənkərandakı  bu günkü  Məhsul  bayramı umummilli lider H.Əliyevin abidəsinin ziyarəti ilə başlandı.Rayon rəsmiləri,gələn qonaqlar ulu öndərin xatirəsini təzə-tər çiçəklərlə yad etdilər.
 Lənkəranlıların   sevincinə prezident aparatının təmsilçisi,millət vəkilləri, rayon rəsmiləri ,uzaqdan,yaxından gələn qonaqlar    birgə şərikdir.”Sevinc paylaşdıqca daha da artır,biz də bayram sevincimizi bir yerdə,qonaq-qaralı bölüşmək istədik,buna nail də olduq.Bu gün bizim “Çay,çəltik və sitrus” festivalında təkcə Lənkərandan,cənub bölgəsindən deyil, ölkənin hər yerindən gələn  qonaqlar iştirak edir,bayram süfrəmizə yüzlərcə əl uzanıb və bu bizi ürəkdən sevindirir,bayram ovqatımıza bir ayrı dad qatır”- festivalın qırmızı lentini kəsən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov belə deyir.İcra başçısı tədbirə qatılan bütün iştirakçıları salamlayaraq gözəl istirahət etməyi,əylənməyi,Lənkəran mətbəxinin ən ləziz təamlarından dadmağı təklif etdi,özü də onlarla birgə bayram bişmişlərinin dadına baxdı.Bu bişmişlər,birdimi,ondumu? Elə təkcə yerli Sədri,Haşimi,Akulə düyülərindən 50 növdən artıq plov bişirilmişdi. Qazanlar boşaldıqca  meydanda yenidən plov süzülürdü,isti-isti də  iştirakçılara təqdim olunurdu-növbənöv təamlarla bir yerdə. İsti təndir çörəklərinin ,ocaqda bişən kababların ətri ilimizin bol keçəcəyinə işarətdir.
 Cənub mətbəxinin sərgiləndiyi povilyonların qarşısında  cərgəyə düzülənlərin əksəriyyəti festivalın sorağına gəlmiş qonaqlardır.Gözümə Rusiyadan,MDB-dən,qonşu İran İslam Respublikasından gəlmiş   turistlər dəysə də,qələbəlik olduğundan,həm də  qonaqların bayram nəşələrini qaçırmamaq xatirinə onlarla söhbətləşməkdən vaz keçdim.Onsuz da çöhrələrdəki təbəssüm məmnunluq hissinə işarə idi.
Festivalın ən yaddaqalan məqamlarından biri də  2017-ci ilidə rayonun  ictimai-siyasi həyatında və mədəni-quruculuq işlərində fəal iştirak edən, çalışdığı sahədə fərqlənən qabaqcılların mükafatlandırılması oldu.Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov fərqlənənlərə Məhsul bayramından xatirə kimi  Fəxri Fərmanlar və qiymətli hədiyyələr  təqdim etdi.
Festival boyu bədii özfəaliyyət kollektivlərinin ifasında  rəngarəng ədəbi-bədii kompozisiyalar ifa olundu, rəngarəng  müsiqi nömrələri səsləndirildi, gənclərin iştirakı ilə əyləncəli proqramlar təqdim edildi.
 Amma festival bununla yekunlaşmadı.İştirakçıları axşam saatlarında respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və bayram ətəşfəşanlığı gözləyir.Məhsul bayramınız mübarək!
Esmira İsmayılova-Lənkəran.
Fotolar Xalid Kərimov

Astarainfo.az