Bu unikal bayramın rəmzləri qışla yayın,xeyirlə şərin mübarizəsini əks etdirir.
 Uzun əsrlər öncə yaranan,bu günə qədər yaşarı olan unikal adətlər çoxdur.Belə adətlərdən biri də dekabrın 20-də çillə bayramının  qeyd olunmasıdır.  Bahar kimi qışın gəlişi də bayram kimi qarşılanır. Bu adət-ənənənin kökü hardan başlanır-deyə bilmərəm.Amma  bayramın atributları bu günümüzəcən dəyişilməz qalıb-ağ boranı və qarpız. Elə buna görə də  bu gün    bazarlardan  ən çox alınan və  satılan boranı – qarpızdır. Çillə axşamı ağ boranı  bişirmək və qarpız kəsmək adət- ənənəsinə bu gün də qalmaqdadır.İnaclara görə  qış girəndə ata babalarımız qarpızı iki qapı arasında sındırıblar ki,qış yaxşı keçsin.Ağ boranı  qaynadıblar , 7 cür qovud ediblər  ki,bolluq olsun.
 Çillə axşamının ən gözəl adəti  nişanlı qızların evinə qış xonçası aparmaqdır.  Son günlərdə  bazarlarda yaşanan  qələbəliyin  əsl səbəbi də budur. Qız evinə yola salınacaq  qış xonçasına adətən gəlinə bu mövsümlə bağlı pal-paltar,balıq,çöl quşları və qış meyvələri qoyulur.Qırmızı lent bağlanmış qarpız və boranı da öz yerində. Çillə  bazarlığı  edənlərin çoxluğu isə satıcıların lap ürəyincədir.Bayram qarpızının hər kiloqramı 1 manat 50 qəpiyə satılır.
Çillə adət-ənələrinin cənub bölgəsində yaşarı olmasını folklorşünas alim,filologiya elmləri doktoru Yədulla Ağazadə  əhalinin oturaq həyat tərzi və tarixi köklərə bağlı olması ilə əlaqələndirir. Y.Ağazadənin bildirdiyinə görə çillə çevr-40 sözündən ibarətdir və ağırlıq,çətinlik mənasını verir.Çilləyə xalq arasında şəbi yəzda –yəni ən uzun qış gecəsi də  deyilir.İnsanlar  bunu bayram kimi  keçirməklə  qışdan qorxmadıqlarını,yaza  olan inamlarını  ifadə edirlər.
Çillə axşamı  niyə məhz boranı və qarpız  yeyilməsi ilə bağlı sualımıza folklorşünas alim belə  şərh verir”Əksliklər özünü həm qarpızda,həm boranıda göstərir.Əgər boranı günəşin rəmzidirsə,qarpız soyuqluğun qışın rəmzidir.Qarpızı kəsməklə qışdan qorxmadıqlarını,yaza doğru getdiklərini ifadə edirlər.Qarpızla boranı rəmzi mənada xeyirlə şərin mübarizəsi anlamına gəlir.”
 Qədim inanclara görə, hər kəs çillə axşamı ürəyində niyyət tutub, çillə qarpızından və ya boranısından  bir dilim kəsib  yesə,həm niyyətlərinə çatar,həm də növbəti qışa qədər azar bezardan qurtular.Gözəl adətdir.Elə isə hamıya xoş   bayram ovqatı,can sağlığı,ruzi bərəkət arzu edirəm. Bu gözəl axşamda-xeyirlə şərin,payızla qışın qovuşağında qəlbinizdəki xoş niyyətlər hasilə yetsin! Çillə bayramınız mübarək!
Esmira İsmayılova
Fotolar Xalid Kərimovundur.
Astarainfo.az