Azərbaycan prezidenti İlham Əliyev Xalq Rəssamı, heykəltəraş Ömər Eldarova “Heydər Əliyev” ordenini təqdim edib.
  Prezident İlham Əliyev Ö. Eldarovu qarşıdan gələn yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.
Ö. Eldarovun sənətinin artıq neçə onilliklərdir hamımızı sevindirdiyini deyən dövlət başçısı onun yaratdığı əsərlərin xalqımızın maddi-mədəniyyət nümunəsinə çevrildiyini bildirib. Prezident İlham Əliyevqeyd edib ki, Ömər Eldarovun yaratdığı əsərlər ölkəmizdə, həmçinin bir çox keçmiş sovet respublikalarında məşhurdur.
Ulu öndər Heydər Əliyevin Ömər Eldarovun sənətini hər zaman yüksək qiymətləndirdiyini deyən dövlət başçısı onun yaratdığı əsərlərin yüksək mədəniyyət nümunəsi olduğunu vurğulayıb. Dövlət başçısı H. Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın, həmçinin Azərbaycan mədəniyyətinin bir sıra məşhur simalarının – Məhəmməd Füzulinin, Natəvanın, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin, Niyazinin və digərlərinin abidələrinin müəllifi olan Ö. Eldarovun ölkəmizin hüdudlarından uzaqlarda da tanındığını, onun yaratdığı abidələrin xarici ölkələrdə də ucaldıldığını məmnunluqla qeyd edib.
Ö. Eldarovun Rəssamlıq Akademiyasının rektoru kimi də fəaliyyətini yüksək qiymətləndirildiyini deyən prezident İlham Əliyev gənc kadrların hazırlanmasında onun böyük rol oynadığını qeyd edib. Dövlət başçısı Ö. Eldarovun Vətəninə və xalqına ləyaqətlə xidmət etdiyini, dərin istedada malik şəxsiyyətinin böyük maraq doğurduğunu vurğulayıb. Prezident İlham Əliyev Ö. Eldarovu fəaliyyətinin və xidmətlərinin dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirildiyini, 1997-ci ildə H. Əliyev tərəfindən “İstiqlal” ordeni ilə, 2009-cu ildə Heydər Əliyev mükafatı ilə, 2012-ci ildə “Şərəf” ordeni ilə təltif olunduğunu dedi, indi isə Azərbaycanın ən yüksək mükafatına – “Heydər Əliyev” ordeninə layiq görüldüyünü bildirib, ona fəaliyyətində yeni uğurlar arzulayıb və mükafatı Ö. Eldarova təqdim edib.
Ö. Eldarov onun fəaliyyətini yüksək qiymətləndirdiyinə və “Heydər Əliyev” ordeni ilə təltif etdiyinə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib və bundan qürur duyduğunu deyib. Heydər Əliyevlə bağlı xatirələrini dərin ehtiramla yad edən Ö. Eldarov H. Əliyevin bir çox abidələrinin müəllifi olmaqdan şərəf hissi duyduğunu vurğulayıb və qeyd edib ki, bundan sonra da xalqımıza və Vətənimizə öz yaradıcılığı ilə xidmət göstərməkdə davam edəcək.
*** 11.55
Azərbaycan prezidenti İlham Əliyev Xalq Rəssamı, heykəltəraş Ömər Eldarova “Heydər Əliyev” ordenini təqdim edib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. APA