Astarainfo.az xəbər verir ki, dekabrın 22-də Astara Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Astara rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Gənclərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Uğurlu gələcək üçün doğru addımlar” adlı layihənin icrası ilə əlaqədar məktəblilər üçün təlim keçirilmişdir.
  Tədbirin açılışında çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov və Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Murad İbrahimov layihənin məqsədinin cənub bölgəsində gənc məktəblilərin düzgün peşə-ixtisas seçimində maarifləndirmək, regionun peşəkar kadr ehtiyacının ödənilməsində düzgün istiqamətləndirməkdən ibarət olduğunu qeyd etmişlər.
 Daha sonra layihənin təlimçisi, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin mühasibi Mehman Əliyev yuxarı sinif şagirdlərinə düzgün peşə və ixtisas seçimi, gələcək ixtisaslarına qarşı sevgi oyatmaq, gənclərdə innovativ və biznes yönümlü düşüncənin, təşəbbüskarlığın artırılması istiqamətində iştirakçılara geniş məlumat vermişdir.
 Təlimdə həmçinin Astara Pedaqoji Kollecinin gənc müəllim və tələbə heyyəti, rayonun fəal gəncləri də iştirak etmişlər.
 Sonda iştirakçıların sualları cavablandırılmış və sertifikatlar təqdim olunmuşdur.

Elnur Qurbanlı

Astarainfo.az