Onu tanımırdım. Bir xoş təsadüf nəticəsində Azərbaycanı uğurlu fəaliyyəti ilə dünyada tanıdan eloğlumdan eşidəndə uzaqdan-uzağa onunla qürur duydum.Картинки по запросу Seymur Nəsirov

Tanıtma- 1976-cı ildə barlı-bəhrəli, toylu-büsatlı payız günlərin birində təbii gözəlliyi ilə göz oxşayan mənzərəli Şüvi kəndində dünyaya göz açmış Seymur ailənin  sonbeşik övladı kimi heç də fərqləndirici olmur. Amma illər keçəndən sonra onun qeyri –adi idrakı, zəkası valideynlərini heyrətləndirir. O, Azad İbrahimov adına Şüvi kənd tam orta məktəbində təhsil alarkən də  nümunəvi əxlaqı, fəallığı ilə yaşıdlarından seçilir. Orta təhsildən sonra böyük arzularla Bakı İslam Universitetinə daxil olmuş Seymur Nəsirovun  yəqin xəyalına gəlməzdi ki, müstəqil həyatda açdığı cığır onu gələcəkdə mötəbər bir yola yönəldəcək.
Seymur Nəsirov 1998-ci ildə Bakı İslam, 2002-ci ildə Misirdə Əl-Əzhər universitetinin “İslamşünaslıq və ərəb dili filologiya” fakültəsini bitirir. Onu da xatırladaq ki, Əl-Əzhər universitetinin hesabına gələn tələbələr arasında universiteti bitirən ilk azərbaycanlıdır. Arzuların qoynunda olan Seymur Nəsirov 2006-cı ildə Misir Fətva evində dörd il təhsil alandan sonra SSRİ ölkələri arasında ilk fətvaçı diplomunu alır. 2011-ci ildə Qahirədə Açıq Amerika universitetində ərəb dili və ədəbiyyatı üzrə magistraturanı əla qiymətlərlə bitirəndən sonra öz ixtisası üzrə doktorantura təhsilini davam etdirir və “Ərəb elminin xidmətlərində azərbaycanlı alimlərin səyləri” mövzusu üzrə elmi işini həvəslə işləyir. 2011-ci ildə nəfis tərtibatla çap edilmiş hicri tarixi ilə  onuncu əsrə qədər ərəb mənbələrində “Azərbaycanlıların həyatı və yaradıcılıqları” kitabının müəllifi, Misirdə Azərbaycan Diasporasının sədri, Qahirə universitetinin müəllimidir.
 Misirdə qəzet və jurnallarda işıq üzü görmüş elmi məqalələri, müxtəlif elmi-kütləvi konfranslarda ərəb dünyasında azərbaycanlıların rolu mövzusunda etdiyi çıxışları
Seymur Nəsirovun Azərbaycan alimlərinə, ümumilikdə Azərbaycana olan məhəbbətinin təzahürüdür.
2003-cü ildən Misir Müftisi professor, doktor Şeyx Əli Cümənin xarici tələbələr işi üzrə köməkçisi, 2007-ci ildən “Halqa” fondundakı təlim mərkəzinin, 2011-ci ildən isə Qahirədə yerləşən irsi canlandırma üzrə “Halqa” fondunun təsisçilərindən biri və baş direktorudur.
Xarici arenada Azərbaycanı elmi fəaliyyəti ilə təmsil edən   ömrünün 41-ci baharını yaşayan həmyerlimiz Milli Qəhrəman Yalçın Nəsirovun uşaqlıq dostu Seymur Nəsirovu sizlərə tanıtmaqla yanaşı onunla qürur  duymağa da dəyər. Rahim atanın və Həqiqət ananın qürur duyduğu kimi…

Seymur Nəsirov ilə müsahibə

-Seymur müəllim, sizi doğma torpaqda xoş gördük. Əvvəla xatırladım ki,  sizinlə tanışlığım mənə xoş təəssürat bağışlayır. Bəs siz özünüzü necə tanıdardınız?

Mən də sizi gözəl,doğma Astaramızda salamlayıram və bildirmək istərdim ki, ürəyi hər zaman Vətəni ilə döyünən onun üçün bütün imkanlarını səfərbər  edən, dünyanın hər guşəsində doğma yurdunu layiqincə tanıtmağa çalışan onlarla insanlardanam. Hz.Peyğəmbərin (s.ə.s)  buyurduğu kimi “insanların ən yaxşısı onlara ən çox fayda verənidir”. Mən də Azərbaycanımın daha da parlaq gələcəyi naminə var gücümlə çalışmaq niyyətindəyəm.

-İnsan üçün önəmli olan həyat və yaşam tərzi sizin üçün nə deməkdir?

-İnsan öz istəyi ilə dünyaya gəlmədiyi üçün bütün arzularının vaxtında yerinə yetirilməsi də mümkün deyil. Bu Yaradanın qüdrətinin hökmüdür. Yaradandan asılıyıqsa o zaman Allahın əmrinə tabe olaraq ömrümüzü yaşamalıyıq.
Hz.Peyğəmbərin (s.ə.s) fikrinə istinadən “dünya üçün elə çalış ki, sanki əbədi yaşayacaqsan və axirətin üçün elə çalış ki, sanki sabah öləcəksən”. Hər bir insan nikbin və aktiv həyat tərzi keçirməyə səy göstərməlidir. Hər kəs bizi heçdən var edən Allahı onun yaratdıqlarını, vətənini, əzizlərini, sevərək yaşasa onda həyat, yaşam tərzi də onun üçün  önəmli  olar.

 Uşaqlığınızı xatırlayan an gözünüzün önündə nələr canlanır? Yaddançıxmaz bir epizod

-Elmə marağım hələ uşaq ikən  oyanıb. Yaşım az olsa da, özümdən böyük bacımla hər gün məktəbə gedərdim. Məktəbin direktoru məni görən kimi sinifdən, hətta məktəbin həyətindən uzaqlaşdırardı. Mən də həsrətlə məktəbə baxa-baxa darvazanın arxasında bacımı gözləyərdim. Bu qovhaqovun nəticəsi o oldu ki, birinci sinfə gedərkən oxumağı yazmağı bildiyimdən yaşıdlarımdan seçilirdim.

Seymur müəllim, sizi həyatda sevindirən və təsirləndirən hallar?

 -Valideynlərimin həyatda olmasına, Azərbaycanımızın günü-gündən inkişafına, elmi nailiyyətlərimlə Vətənimi dünyada təbliğ etməyimə çox sevinirəm. Təbiətən duyğusal olduğumdan tez kövrəlirəm. Qarabağ işğalını, şəhidlərimizi düşündükcə təsirlənirəm.

Azərbaycanı xarici arenada uğurla təmsil edirsiniz. Özünüzdən razısınızmı?

İnsan ömrü qısa olduğundan  müəyyən nailiyyətlərin əldə edilməsindən ötrü çox  çalışmalıdır. Allahın  qismətini  çoxşaxəli  elmi fəaliyyətimlə yaşamağa çalışıram.
Məramım insanlara xidmət etməkdir. Ömrüm boyu qəlbimdə kiməsə qarşı kin, həsəd daşımamışam, daim xeyir işlər üzərində düşünmüşəm Hələ nə qədər görüləsi işlər olduğu halda özündən razı olmağa dəyərmi?

Ərəb dilini gözəl bilirsiniz. Bir dilçi alim kimi Azərbaycan dili ilə müqayisədə nə kimi oxşar  və fərqli cəhətlər görürsünüz?

 Azərbaycan dilinin üstün xüsusiyyətləri  çoxdur. Məsələn  dilimizdə sözün bütün hərfləri yazılır. Ərəb dilində isə sözün samitləri və uzun saitləri yazılır. Qısa saitləri oxuyan şəxs özü əlavə etməlidir. Bu da sözün doğru oxunmasında bir qədər çətinlik yaradır.
Ərəb dili çox zəngin bəlağətli  dildir. Bu dili mükəmməl öyrənməyin özü ayrıca elmdir. Əsrlərdən bəri bir dinə mənsub olduğumuzdan bu dillər bir-birindən təsirlənmişlər. Qurani-Kərim ərəbcə yazıldığından dilimizdə ərəb dilindən alınma sözlər çoxdur. Məsələn. “Təfiil” formasında olan sözlər ərəb mənşəli sözlərdir. Təlim, tədris, təkmil, təmir, təzim, təzad, təzyiq və sairə kimi sözləri nümunə göstərə bilərik.

– Sevdiyiniz ərəb və Azərbaycan şairlərinin şeirlərindən bir parça söyləmənizi  istərdik.

 Elmi fəaliyyətimin əsas hədəfi ərəb mənbələrində Azərbaycanla bağlı  məlumatları üzə çıxarmaqdır. İndiyə kimi yüzlərlə mənbə araşdırmış və araşdırmaqdayam. Elə ilk kitabım da, ərəb dilində şeirlər yazmış Azərbaycanlı ədiblərdən bəhs edir. Ərəb şairi Büseyrinin “Burdə” mədhiyəsi dünyanın hər guşəsində insanların dilinin əzbəridir.
Mühəmmdun Seyidul Kəoneyni və Səqəleyni,
Vəl Fəriqeyni min  urbin və min əcəmin
Qısa mənası: Hz. Məhəmməd yaradılmışların ağası və əfəndisidir. Azərbaycan şairlərindən çox sevdiyim Səməd Vurğunun “Azərbaycan” şeiri qərib diyarda həmdəmimdir.
El bilir ki, sən mənimsən
Yurdum yuvam məskənimsən-
Anam doğma vətənimsən
Ayrılarmı könül candan?
Azərbaycan! Azərbaycan!

-Bir gün sizi Azərbaycana məsul bir işə dəvət etsələr razılaşarsınızmı?

Harada yaşamağıma baxmayaraq Vətənimin keşiyində durmaq borcumdur. 22 ildir ki, Misirdə Azərbaycanı təmsil etməklə layiqli töhvələr qazanmağa çalışıram. Əgər vətənimdən münasib bir iş təklifi alsam və o işdə ölkəmə daha çox faydam toxunarsa yəqin ki, qərarım müsbət olar.

-Bir qədər ailəniz, övladlarınız barədə, onları da ərəb dili üzrə mütəxəssis görmək istərdinizmi?

-Bu gün ailəmizdə Azərbaycan dili kimi ərəb dilində də rahat danışa bilirik. Həyat yoldaşım Misirin Aynu-Şəms universitetində dillər fakültəsinin ərəb dili bölməsi üzrə məzunudur.Hazırda Diaspora Mərkəzində bir neçə universitetdə xarici tələbələrə Azərbaycan dilini tədris edir. Övladlarım-11 yaşlı Şeyx Əli, 9 yaşlı Mustafa  orta məktəbdə ərəb və ingilis dillərində təhsil alırlar. Onların gələcəkdə ərəbşünas olması məni çox sevindirər. Çünki hazırki, dövrdə  Azərbaycanımızın ərəb dilini güclü bilən mütəxəssislərə  böyük ehtiyacı var.

-Misirdə yüksək vəzifədə çalışmaq istərdinizmi?

-Misir vətəndaşı olmayan burada məsul, yüksək vəzifədə çalışa bilməz. Amma hazırki, fəaliyyətim də tutarlıdır. “Misru Əl Xeyir” fondunun xarici tələbələrin işi üzrə ümumi rəhbəri Azərbaycan-Misir qardaşlaşma(dostluq cəmiyyətinin sədr müavini) vəzifəsini icra edirəm. Əsas işim isə Vətənimlə bağlı ərəb mənbələrində tədqiqat aparmaqdır. Dünyanın 58 ölkəsindən 1000-dən artıq tələbəyə rəhbərlik mənə tapşırılıb.

-Qurani-Kərimdə deyilir ki, “Allah-Taala heç kəsi gücü çatmayan işi görməyə vadar etməz”.

-Bəli, doğru buyurursunuz Allah-Taala insanın gücü yetmədiyi bir işi ondan tələb etməz. Amma istəsə insan övladına istədiyi gücü də verər. Sadəcə, Allahdan diləmək lazımdır. Böyük alimlərin həyatını və onların yazdığı sanballı əsərlər haqqında oxuyanda   özümü tənbeh edirəm ki, hələ çox yaxşı çalışmıram. Böyük səhabələrdən biri hər zaman belə dua edərdi. “Allahım, verdiyiniz məsuliyyətin azaldılmasını istəmirəm, onu daşıyacaq güc istəyirəm”.
Bugünki problemlərimiz həm də həyatımızı plansız tərzdə yaşamağımızdan irəli gəlir.

 -Valideynləriniz arzu-istəklərinizin gerçəkləşməsində yardımçınız olub. Bu gün onlara qarşı məhəbbətinizi necə izhar edirsiniz?

-Hər bir valideyn övladının ondan daha yaxşı olmasını arzulayır. Amma mücərrəd istəklə də arzular yerinə yetmir, mütləq ciddi şəkildə zəhmət çəkilməlidir.
Valideyn baxımından çox şanslıyam. Əgər hər hansı bir insanın müvəffəqiyyəti varsa deməli o valideynin duasını almışdır. On doqquz yaşımdan qərib ölkədə yaşamağıma baxmayaraq hər an onlarla məsləhətləşməyi, tövsiyələrini dinləməyi özümə borc bilirəm. Bəzən iclaslarda, konfranslarda çox yorğun oluram evə gələn kimi ata-anamla telfonda  söhbətləşir, hal əhvalını soruşuram. İnanın ki, yorğunluğumdan əsər-əlamət belə qalmayır.   Valideyn övladının həmişə xoş sorağını eşitmək istər. Mən də xoş əməllərimlə onları sevindirməyə çalışıram.
Bir gün Hz. Peyğəmbərin(s.ə.s) yanına biri gəlib  deyir ki, “atası onun malını xərcləyir”. Hz buyurur ki, “sən də malın da atanın mülküsən”.
Kim xoşbəxt olmaq istəyirsə ata-anasının ehtiramını saxlamalı ona hörmət etməlidir.

Hz. Əli (ə) deyir ki, “hər bir insanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür”.

-Peyğəmbərimizin dediyi kimi elm şəhərinin qapısı olan Hz. Əlinin(s) bu ifadəsində çox böyük hikmət vardır. İnsanı ucaldan, şərəfləndirən onun əməlləri, yaxşılıqlarıdır. Çünki yaxşılıqlar həyatda heç zaman unudulmur.

 -Seymur müəllim  xarici ölkədə yaşamaq, işləmək sizinçün  .  qismətdir yoxsa əhdi-cəhd? Astara ilə bağlı təəssüratlarınız.Yəqin ki müəllimlərinizi də unutmamısınız.

-Əlbəttə, Allahın qismətidir. Ərəb ölkələrində təhsil almağı hələ uşaqlıqdan arzulamışdım. O zaman Qurani-Kərimi oxumaqdan ötrü ərəb həriflərini də öyrənmişdim. Bu gün arzularım qismən həyata keçibsə Allaha şükürlər olsun. Cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməyimizdə valideynlə   yanaşı müəllimlərin də rolu əvəzsizdir.   
Onlara minnətdar olmaq ehtiramını saxlamaq borcumuzdur. Uzaqda çalışdığımdan müəllimlərimi tez-tez görə bilmirəm. Fürsətdən istifadə edib qəzetiniz vasitəsi ilə mənə dərs demiş müəllimlərimə minnətdarlığımı bildirmək istərdim. Vəfat edənlərə uca Allahdan rəhmət yaşayanlara can sağlığı arzulayıram. Güman edirəm ki, onların haqqını bada verməmişəm.
Müstəqil Azərbaycanımızın hər guşəsi eyni zamanda doğulduğum Astara torpağı da çox gözəldir. Azərbaycan haqqında ərəb mənbələrində oxuyanda fərəh hissi keçirirəm. Qəriblikdə Vətən həsrəti Vətənimə olan sevgimi gündən-günə artırır. Bu sevgidə doğma Astaranın xüsusi yeri var. Astara son illər daha da gözəlləşir, inkişaf edir, abadlaşır tərəqqiyə doğru gedir. Ana torpağımda dünyaya göz açmış alim və qəhrəmanlarımızı torpaq uğrunda canından keçmiş şəhidlərimizi unutmaq olarmı?!.. Uşaqlıq dostum Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirov, şəhidlərdən Elşən Məmmədov, Azad İbrahimov  həmişə xatirələrimizdə yaşayacaqlar. Misirdə uğur qazansam da,  Vətənim, ana torpağım üçün hər zaman darıxır, necə deyərlər burnumun ucu göynəyir. İnsanı vətəninə bağlayan amillər-ruhu, imanı, valideynləri, ilk göz açdığı zaman aldığı nəfəsi, xatirələri, qohum-əqrəbaları və dostlarıdır. Vətən sadəcə bir torpaq kütləsi deyil. Vətən bağlılığı, Vətən sevgisi sözlə ifadə edilməyəcək bir məfhumdur.
Картинки по запросу Seymur Nəsirov

Seymur müəllim, sizi kövrəltməklə özüm də təsirlənmişəm. Amma Vətən anlamı, Vətən sevgisi həyatda mövqeyi hörməti, izzəti olan şəxslər üçün daha əziz, daha şərəflidir.  Söhbətimizin yönünü elmi tədqiqatlarınıza yönəltmək istərdik.

Uzun bir tarixi dövr ərzində Azərbaycan  ərəb-islam dünyası ilə bağlı olduğundan islam mədəniyyətinin mərkəzlərindən olan Misirin məşhur və qədim kitabxanalarında, araşdırmalar mərkəzində, arxivlərində, xüsusən dünyanın ən qədim islam elmi mərkəzi sayılan Əl-Əzhər universitetinin kitabxanasında Azərbaycana dair çoxsaylı mənbələrə rast gəlmək mümkündür. Sovet dönəmində Azərbaycan alimlərinə bu mənbələrlə daha yaxından işləməyə imkan verilməmiş, lazimi şərait yaradılmamış ideoloji əsasla məhdudiyyətlər qoyulmuşdur. Əslində  Azərbaycana  aid mənbələrin yenidən tədqiqi,  tariximizə böyük tövhədir.
 20 ildən artıq davam edən tədqiqatlarımın nəticəsində 700-ə yaxın müxtəlif mənbələrdən Azərbaycanın görkəmli şəxsiyyətləri barədə yeni məlumatlar əldə etməyə çalışmışıq.
9-cu əsrin böyük ərəb alimi ədəbiyyatşünas  Abdulla Bin Muslim ibn Quteybə “Şeir və Şairlər” kitabında Əbu YəQəzan Cüveyriyyədən nəql edərək yazır. “Mədinə şəhərində yaşayan nəvalilərdən,( islam dinini qəbul etmiş qeyri ərəblər) olan bütün şairlərin əsli azərbaycanlıdır.
11-ci əsr ərəb alimi Əbu-Tahir Əs-Siləfi Azərbaycan ilə Əndəlüs arasında müqayisə apararaq şərqdə Azərbaycanın, qərbdə isə Əndəlüsün(indiki İspaniya) elm və ədəbiyyatda xüsusi rolunu qeyd etmişdir.
13-cü əsrin ərəb alimi imam Cəzəri isə Azərbaycanın Mərənd şəhərindən söz açaraq demişdir: “Azərbaycan elmin hər bir sahəsində dahi alimlər yetişdirmişdir”.
Orta əsr ərəb mütəfəkkiri İmam Səməani “Əl-Ənsab” (Nəsəblər) əsərində yazmışdır: “Azərbaycan qədimdən bu günə qədər alimlər yetişdirən bir diyardır”.
Ərəb alimi İbn Aşur “ Ət-Təhrir və Ət Tənvir” (redaktə etmə və işıqlandırma) adlı təfsir kitabında müqqəddəs Qurani-Kərimin “Əl-Ğaşiyə” surəsinin 16-cı ayəsində Cənnətdə vəsfi verilmiş xalçanın Azərbaycanla bağlılığına işarə etmişdir. Quran təfsirçiləri arasında xüsusi hörmət və nüfuzu olan müəllif ayəni şərh edərək yazır ki, burada işlənən “zərabiy”, “zurbiyə” kəlməsinin cəmi olaraq “boyanmış”, “yumşaq yundan toxunmuş kilim və ya xalça” mənasındadır. İbn Aşur “zərbiyə” kəlməsinin ərəb dilinə xas inversiya olunmuş formada doğma vətənim   Azərbaycana işarə edildiyi qənaətindədir. Belə ki, “zurbiyə” kəlməsinin kar “z” samiti ilə işlənən “əzribiyyə”yə işarə olunduğunu yazan alim “a” hərfinin silinməsinin tələffüzünü asanlaşdırmaq üçün ərəb dilində geniş yayılmış fonetik qayda olduğunu qeyd edir.
Azərbaycanın qədim xalçaçlıq sənətinin dünyada şöhrət qazandığını nəzərə alsaq təfsirçi alimin fikrinə istinadən ayənin Azərbaycanla bağlı ehtimalı  xüsusi əhəmiyyət kəsb edə bilər.
 Tədqiqatlarımla əsas məqsədim ərəb mənbələrində Azərbaycan alimlərini aşkarlamaq, Qurani-Kərimdə Azərbaycan sözünü, böyük sərkərdə Səlahəddin Əyyubinin əslən azərbaycanlı olduğunu, dahi şair Nizami Gəncəvinin Qahirə Kitab evində “Xəmsə” əsərinin 6 nüsxəsini üzə çıxarmaq olub.

-Seymur müəllim, səmərəli fəaliyyətinizdən duyulur ki, Azərbaycana olan məhəbbətiniz sizi daha böyük işlər görməyə  sövq edəcək. Azərbaycanın Misirdəki Diaspor Təşkilatları birliyinin sədri kimi nə demək istərdiniz?

2017-ci ilin əvvəlində Misirdə yaşayan azərbaycanlılar Diaspor sədirliyi ilə bağlı keçirilən seçkidə bütün iştirakçılar yekdilliklə mənə səs verdilər. Əlbəttə, həm sevindirici həm də böyük məsuliyyət duyulan işdir. Qısa zaman ərzində Misirin dövlət televiziya kanalında Azərbaycanın tarixi, incəsənəti, turizm potensialından, dahi şəxsiyyətlərindən və  fəal xanımlar vasitəsi ilə Azərbaycanın çeşidli mətbəxindən geniş söhbətlər açdıq. Azərbaycan ilə Misir arasında tarixi əlaqələr haqqında maraqlı məqalələr dərc etdirdik. “ Mən Azərbaycan haqqında nə bilirəm” müsabiqəsini təşkil etməklə yanaşı beynəlxalq tədbirlərdə  Azərbaycanla  bağlı məlumatların yayılmasına nail olduq.
Azərbaycana gələn ərəb turistlərin artımı  ilə  əlaqədar Misirə ərəb dilini öyrənmək üçün gələn tələbələrə də böyük dəstək oluruq.

Azərbaycanın televizya kanallarında Qahirə Universitetinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədris olunmasından və fəaliyyətinizdən məlumat verilmişdir. Bu barədə ətraflı nə demək istərdinz?

Bəli, çoxdankı  arzum  2016-2017-ci tədris illərində həyata keçdi.  Qahirə Universitetində Azərbaycan dilinin tədrisi başlananda sevincim yerə-göyə sığmırdı. Tədris zamanı hiss edirdim ki, Azərbaycan dilinin öyrədilməsi istər yerli istərsə də xarici vətəndaşlara yaxşı təsir bağışlayır. Artıq üç  universitetdə yüzlərlə tələbəyə Azərbaycan dili tədris edilməklə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında ətraflı məlumat verilir. İnşallah, gələn ildən bütün mötəbər universitetlərdə Azərbaycan dilinin tədrisinə nail olmaq istərdik.
Bu xeyirxah missiyanın həyata keçirilməsində Misirdə Azərbaycan Səfirliyinin də dəstəyi  vardır.

Yeniyetmələrə, gənclərimizə tövsiyələrinizi də bilmək  maraqlı olar.

Mötəbər alimlərdən biri belə buyurmuşdur: “Vaxt qılnc kimidir,əgər sən onu kəsməzsənsə o mütləq səni kəsər” (ömrün faydasız keçər). “Ürəyini də haqla məşğul etməzsənsə səni batillə (faydasız əməllərlə) məşğul edər”.
Gənclərə tövsiyəm odur ki, vaxtın, ömrün qədrini bilməklə texnologiyadan səmərəli istifadə etsinlər. Bu günün yeniyetməsi sabahın cəmiyyətdə mütəxəssisidir. Hamınıza işıqlı sabahlar arzulayıram.
Ətirli yaz səhərini xatırladan, qışın girəcəyində daim əlçatmaz və xeyirxah işlər uğrunda Azərbaycanımızın daha da işıqlı olmasına çalışan Seymur Nəsirovun bir zamanlar   oxuduğu şəhid Azad İbrahimovun adını daşıyan Şüvi kənd tam orta məktəbində olduq.
Məktəbin direktoru Musa Qasımov, məktəbdə Seymur Nəsirova tarix fənnini tədris etmiş Misir və  dünya ölkələri haqqında bilgilərlə məlumatlandırmış, kəndin inkişafından ötrü fəallıqla çalışan, hazırda kəndin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əbülfət Qüdrətov, iptidai sinif müəlliməsi Tofiqə Qasımova və məktəbin müəllimi Fərhad Dədəyev bizi xoş üzlə qarşıladılar.
Məktəbdə Seymur Nəsirov müəllimlərin qarşısında özünü bir  sanki bir uşaq kimi hiss edirdi. Sən demə, qəhrəmanımız məktəbdə çox dəcəl olubmuş və  yaxşı oxuduğuna görə isə heç kim xətrinə dəyməzmiş. Məktəbdə fəaliyyət göstərən özfəaliyyət dərnəyinin üzvü kimi “Tapın görək” mahnısını elə avazla oxuyurmuş ki,müəllimləri onun gələcəkdə muğam ustası olacağını zənn ediblər. Düzdü, Seymur Nəsirov uzun illərdən sonra muğam ustası olmasa da   Misir kimi inkişaf etmiş ölkədə yaxşı səsi ilə münəzzin kimi məsciddə azan vermiş və avazı mötəbər şəxslər tərəfindən təqdir edilmişdir.
Məktəbdən sonra elə xatirələrin işığında doğma ata ocağında, Həqiqət ananın laylası ilə yuxuya daldığı və bu laylanın sədası ilə boya-başa çatdığı uşaqlığını yaşadan evdə söhbətimizi davam etdirdik.
Elmi nailiyyətləri ilə tanınan Seymur Nəsirov çox təvazökar, səmimi, mehriban insandır.
Üç övladına da ali təhsil vermiş ata-ananın təbəssümlü baxışlarından duyulurdu ki, övladları ilə xüsusən Seymurla öyünürlər.
Azərbaycanın talantlı,işgüzar övladlarından olan Seymur Nəsirovun bir xeyirxah missiyasını da açıqlamaq istərdim. O Misirin ən görkəmli məkanında  Diaspora Mərkəzinin açılmasına nail olmuşdur. Mərkəzdə Azərbaycan dili ilə yanaşı Xəttatlıq və dekorasiya fənni də tədris olunur. Yaxın gələcəkdə muğam sənətinin tədrisinə başlamaq arzusundadırlar.
Əziz oxucum! Azərbaycanın layiqli övladlarından biri olan həmyerlimiz Seymur Nəsirovu sizlərə beləcə tanıtdıq. Gəlin  sizinlə birgə vətənpərvər həmyerlimizə həyatında və gələcək fəaliyyətində daha yüksək uğurlar arzulayaq.
Uğur olsun!

Astarainfo.az

Gülnar Əsədli.

.