Bakı Nəqliyyat Agentliyi (BNA) yanvarın 6-da Bakıda 175 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda baş verən qəza ilə bağlı rəsmi açıqlama yayıb.
AZƏRTAC Agentliyin saytına istinadla xəbər verir ki, yanvarın 6-da saat 17:00 radələrində Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-XM-581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb. Hazırda hüquq mühafizə orqanları yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır. İlkin ehtimallara görə, hadisə sürücünün ehtiyatsızlığı səbəbindən baş verib.
“Mövcud qanunvericiliyə əsasən, sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir. Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarə edilməsinə şərait yaradır.
Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən, bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaqlar”, – deyə BNA-nın rəsmi məlumatında bildirilir.