Azərbaycanın istiqlaliyyəti və Vətən torpağı uğrunda gedən savaşda düşmən gülləsinin qurbanı olmuş həmvətənlilərimizin bir müqəddəs adı vardır – Şəhid. Onların sayı birdirmi, ikidirmi bilinmir… Ümumilikdə isə hər biri şəhid adı ilə yada salınır məhəbbətlə, ehtiramla xatırlanır…
Əlbəttə, özündən sonra körpəsi doğulmuş döyüş zabiti Azərdən, bacarıqlı komandir kimi düşmənin canına vəsvəsə salmış Rövşəndən, “Döyüşdən qaçan namərddir” söyləmiş və düşmənin üstünə hücuma keçmiş Sahibdən, “Ya qələbə ilə qayıdacam, ya da qəhrəmancasına həlak olacağam” demiş Xanlardan, 18 yaşı tamamlanmamış əzizlərinə qəm-qüssə bəxş etmiş Ceyhundan, qəlbi niskili halda dünyasını dəyişmiş Raufdan, kiçicik Əzərüd kəndini ölümü ilə dünyada tanıtmış Pəncəlidən, nəşi Vətən torpağına qayıtmayan nakam Aqildən, anasının ağlamaqdan bir gözü tutulmuş 19 yaşlı Çinardan, Allahın adını özünə təsəlli bilmiş Rəhmandan, yaşadığı kənddə gözəl əl işləri ilə tanınmış Bəkirdən və başqa şəhidlərdən nə qədər danışsaq da söz söhbətimiz heç zaman bitib tükənməyəcək…
İstəyirəm düşüncələrimi Bakıdan Şəhidlər Xiyabanından aldığım təəssüratlarla davam etdirim.
20 Yanvar – o dəhşətli gecə xalqımız üçün dünyada misli olmayan faciə kimi tarixə yazıldı.
Odlar yurdu Azərbaycanın paytaxtı gözəl Bakı! İlk dəfə sənin qoynuna milyonlardan biri kimi atıldım. Tələbə olmaq arzusu ilə səni tanıdım və sevdim. Qədim şəhəri gəzərkən insanların çoxluğu məni heyrətləndirmiş “ilahi bu adamlar hara gedir belə”düşünmüşdüm. Zaman ötdü özüm də bir gün bu axına qoşuldum..
Bakı,əziz şəhər. Qanadı bərkiməmiş körpə quş kimi ağuşuna almışdın bizi. Düz altı il gecəli-gündüzlü mənim kimi yüzlərlə tələbəyə həyan oldun, dəstək oldun. Bir yay səhəri universiteti bitirmiş məzunlarla isti qucağından ayrılanda “əlvida” yox, “görüşərik” söylədik.
Bu gün yenə görüşünə gəlmişəm əziz Bakı! Qaynar tələbə həyatımı özündə yaşadan doğma şəhər! Necə də qəmli görünürsən, bilirəm mənfur düşmən tərəfindən sinənə çalın-çarpaz dağ çəkilib. Elə dağ ki, çözələndikcə qaysağlanmış yaralar yenidən qanıyacaq. Nakam insanların faciəli ölümü səni necə də yandırıb-yaxır. Köksünün odlanması ahuzarın ərşə çəkilməsi təbii haldır. Amma neynəməli, “olacağa çarə yox” deyiblər.Əslində gözlənilməz fəlakət yeni dövlət yaratmaq sevdasında olan ocaq başındakı düşməni sənə yaxından tanıtdı. Bu faciə ilə qəddini əymək istədilər amma bacarmadılar. Bu qara yaraya da mərdi mərdanə sinə gərdin. Ağrı-acını içinə çəkdin, dözməyə çalışdın.
Bakı, əziz şəhər! Şəhidlər Xiyabanın yüksəklikdə bərqərar oldu. Salındığı gündən irqindən, dinindən, dilindən aslı olmayaraq ziyarətçilər axın-axındır. Bəs necə, tanklar altında əzilmiş, bədəni qamçır-qamçır olmuş günahsız insanların dərdinə yanmamaq olar mı? Bəlkə də bu xiyaban gözü nəmli qalmış ananın, qəlbi niskili sevgilinin, qəddi əyilmiş atanın son təsəllisidir. Bu müqəddəs abidə düşmənlərimiz üçün isə  göz dağıdır. Günahsız insanların ahı onları yandırıb yaxacaq, onların şərəfsizliyini, namərdliyini hər an onlara xatırladacaq.
Qara mərmərə həkk olunmuş şəkillərdən boylanan mükəddər baxışlardan sanki “ Torpaq uğrunda şəhid olduq Vətən sağ olsun” oxunur.
Bir zaman sevib-sevilənlərin müjdəçisi olmuş ağ qırmızı qərənfillər qara mərmər lövhədə qalaq-qalaq yığılmaqdadır. Aman Allah məchul nöqtəyə dikilmiş gəncin gözləri necə də təsirlidir. Görən ölümü ilə kimlərin qəlbinə dağ çəkdirib?!..
Nəhayət qara lövhələrdə “baxışlar” sona yetir, bəs qalanları!? Şirin canını qurtarmağa macal tapmamış yerindəcə güllələnmiş Rəşid, 32 güllədən sonra işgəncə ilə öldürülmüş, üç körpəsi yetim qalmış Rövşən, süngü yarasından bir göz qırpımında canını tapşırmış Nişenko, faciə zamanı insan cəsədinin parçalarını yığmağa məcbur edilmiş yeddi uşaq atası bədbəxt Nəriman necə oldu?
Nə qədər laqeyd olsan belə  ağlamaqdan gözləri şişmiş dili söz tutmayan ana bacılarının xiyabandakı ünsüz fəryadı adamın canını lərzəyə salır. Ürək bu hıçqırıqlı fəryada nisginli mənzərəyə dözməyə qadir deyil. Nə yazıq ki, pərən-pərən olmuş arzuların, viranə dönmüş  diləklərin təsəllisi heç kimin sorğulamadığı göz yaşı varmış…
Hönkürtümü içimdə boğaraq çiynimdə ağır yük aparırmış kimi xiyabandan ayrılmaq istiyirdim ki, “Oğul məni yandırıb yaxdın” deyən ağlar gözlü ananın yanıqlı harayından taqətsizləşdim. Addımlamağa halım qalmadı, ananı tanıyırmış kimi duruxdum. Onun qəmli hekayəti qəlbimə hakim kəsildi.
 … O da bir zaman həsrətində olduğu arzusuna qovuşmuş tələbə olmuşdur.Həyəcanlı günlər unudulmuş qaynar bulaq kimi aşıb-daşan tələbə həyatını başa vurmaq üzrə idi. Anasına yolladığı xoş xəbər ana qəlbini dağa döndərmişdi. “Allah gün o gün olsun balam diplomla qayıtsın, qurbanlığını qonum qonşuya paylasın”. Bir səhər ana oğlundan teleqrama alır. Oğlu yazırdı:  “anacan, sonuncu çətin imtahanı verən kimi görüşərik”.
Heyhat! qismət olmadı bu görüş ona. Çətin imtahanı verməmiş asan ölümlə yaxalandı O. Qurbanlığını görmədən özü bir anın qurbanı oldu. Əcəl macal vermədi muradı gözündə qaldı.
Sən demə, bəxti qara cavanın diplom işi “37 ci ilin günahsız qurbanları” imiş. Taleyin nə qəddar oyunları varmış. Amma nə biləydi ki,  özü də zalım fələyin oyununun qurbanı olacaq.
 Ana ağlayır, yana-yana ürəyindəkilərini açıb-tökürdü. Xiyabana axı-axın yürüyən insanların sükutu ananı daha da qəhərləndirir ününü ərşə çəkirdi…
 İllər keçəcək, fəsillər dəyişəcək, yağmur yağacaq göydən yerə qar ələnəcək, günəşin al şəfəqləri kainatı isidəcək. Dəyişilməyən isə həzin xatirələrlə yaddaşlarda əbədiləşən yalnız Şəhidlər olacaq.
 Hər il yanvar ayının 20-si – hüzn günü xatırlandıqca qəlblərdə qaysaqlanmış yaralar yenidən göynəyəcək. Ümumxalq hüzn gününə ithafən şəhidlərimizə Allahdan rəhmət, dövlətimizə qüdrət, mübariz ordumuzun əsgərlərinə mətinlik, qəhrəmanlıq diləyi ilə.
Astarainfo.az

Gülnar Əsədli