“Glensol” şirkəti “BP Azerbaijan” üçün növbəti layihəyə başlayıb

“Global Energy Solutions” (“Glensol”) şirkəti Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda elektrik avadanlıqları və nəzarət-ölçü cihazlarına xidmətin göstərilməsi üzrə “BP Azerbaijan” şirkəti üçün növbəti layihəyə başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Glensol” tərəfindən göstərilən xidmətlər Səngəçal terminalını, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft ixrac kəmərlərini, eləcə də BP şirkətinin dənizdə yerləşən 7 platformasını əhatə edəcək. Layihə elektrik avadanlıqlarının və nəzarət-ölçü cihazlarının fasiləsiz istismar müddətinin maksimum səviyyəyə çatdırılması və fəaliyyət dövrünün optimallaşdırılması üçün müxtəlif işlərin icrasını, texniki xidmətin göstərilməsini, quraşdırma, istismara vermə, modifikasiya, inspeksiya işlərini nəzərə tutur. Layihə 3 il müddətində, əlavə 2 il uzadılma imkanı nəzərdə tutulmaqla həyata keçiriləcək.
“Son 2 il ərzində BP şirkəti üçün ikinci iri layihəni əldə etməklə “Glensol” regionda öz sahəsində ən yaxşı yerli şirkətlər sırasında olduğunu təsdiq edib”, – deyə “Glensol”un baş direktoru Tamerlan Əliyev qeyd edib.
“Hazırda biz həmçinin xarici bazarlarda işgüzar fəaliyyətimiz üzərində çalışırıq, xüsusilə Qazaxıstanda başladığımız fəaliyyət yerli iş təcrübəmizi xarici bazarda nümayiş etdirmək imkanı verəcək. Biz, ölkəmizi beynəlxalq səviyyədə təmsil edərək, beynəlxalq səviyyəli xidmətlərin göstərilməsində ön sıralarda olmağımızla fəxr edirik”, – deyə o əlavə edib.
2012-ci ildə “Nobel Oil Services” şirkətinin törəməsi kimi yaradılan “Glensol” neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşır. “Glensol” avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.