Yanvarın 23-də Davosda “Bakı Ekspo 2025”in təqdimat mərasimi keçirilib. Dünya İqtisadi Forumunun keçirildiyi bu şəhərin müxtəlif guşələri “Bakı Ekspo 2025”ə həsr olunan poster və banerlərlə bəzədilmişdi.
“Bakı Ekspo 2025”in Davosda keçirilən təqdimat mərasimi videoproyeksiyanın nümayişi ilə başladı.
Sonra “Bakı Ekspo 2025”in işçi qrupunun rəhbəri Elçin Əmirbəyov çıxış edərək bildirdi ki, Ümumdünya Sərgisi də Dünya İqtisadi Forumu kimi fikirləri bölüşmək üçün dünyanı bir araya gətirən vacib platformadır. “İnsan kapitalının inkişafı insanlara texnoloji və fərdi keyfiyyətləri yaxşılaşdırmaq imkanı verir”, – deyən işçi qrupunun rəhbəri vurğuladı ki, Azərbaycan Asiya ilə Avropa arasında körpüdür və qədim tarixə, zəngin mədəniyyətə malik ölkəmizdə son illərdə bir sıra dünya əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan beynəlxalq mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. Bu baxımdan “Ekspo 2025”in Bakıda keçirilməsi üçün hər cür şərait və infrastruktur var.
Daha sonra “Bakı Ekspo 2025”in təqdimatına həsr olunan film nümayiş etdirildi. Filmdə ölkəmizin tarixi, mədəniyyəti və ev sahibliyi etdiyi tədbirlər barədə geniş məlumat verildi.
Təqdimat mərasimi böyük maraqla qarşılandı.
Xatırladaq ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan Ekspo 2015”dəki pavilyonunu sərgi günlərində ziyarət edən insanların sayı 3 milyondan çox olub. Türkiyədə təşkil olunan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycanın milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “Ekspo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji yurdu – keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.
Azərbaycan “Bakı Ekspo 2025” sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.