Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti – milli dövlətçiliyin ideya əsasları və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamının icrası ilə əlaqədar tədbiri AMEA-nın İctimai Elmlər Bölməsi, Fəlsəfə İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu birgə təşkil edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə həmin Sərəncama əsasən Şərqdə ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunduğunu bildirib. AXC-nin yaranma tarixindən, onun süquta uğramasının səbəblərindən danışan akademik müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin qurulmasında və inkişafında, ölkəmizin beynəlxalq aləmdə tanınmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova dövlətimizin başçısının imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb, AXC-nin mövcud olduğu qısa müddətdə həyata keçirdiyi tədbirlərdən, müxtəlif illərdə cümhuriyyət tarixinin öyrənilməsinə laqeyd münasibətdən danışıb.
Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev və başqaları tariximizin bu səhifəsinin tədqiqinin məhz ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırıldığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini konkret faktlarla əsaslandırıblar. Natiqlər AXC banilərinin həm İslam fəlsəfəsi, həm də dünya fəlsəfi fikir tarixi barədə kifayət qədər biliyə malik olmalarından və bu təfəkkür tərzinin yeni yaradılmış dövlətə milli çalar verməsindən bəhs ediblər.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...