Rayon İcra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin rəhbərliyi və yaxından köməkliyi ilə rayonumuzun bütün yaşayış məntəqələrində geniş miqyaslı infrastruktur layihələr uğurla həyata keçirilir. Ucqar dağlıq ərazidə yerləşən kəndlərimizə yeni və rahat yolların çəkilməsi, illər boyu işıq üzü görməyən Doli və Şəvqo kəndlərinə elektrik xətti çəkilməsi, yeni yolların açılması əhalinin böyük sevincinə səbəb olmuşdur. Son illərdə rayon mərkəzində aparılan tikinti-quruculuq, abadlıq işləri nəticəsində şəhərimizin siması nəzərəçarpacaq dərəcədə dəyişərək ən nümunəvi səviyyəyə çatmışdır.
Dənizkənarı park-bulvarın ərazisinin genişləndirilməsi, burada turizmin inkişafına, əhalinin mədəni istirahətinə xidmət edən infrastrukturun qurulması, küçə və səkilərin müasir tələblər səviyyəsində təmir edilməsi, bir sözlə şəhərdə aparılan abadlıq və quruculuq işləri əhalimizin rahatlığına, yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir.
Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına park-bulvar kompleksinin genişləndirilməsi istiqamətində xeyli iş görülmüş, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan tikinti işləri ardıcıl olaraq həyata keçirilmişdir. Cəngəlliyə çevrilmiş, bataqlıqdan ibarət olan bu ərazi gərgin zəhmət hesabına abadlaşdırılmış, bataqlıqların qurudulması üçün 100 minlərlə kubmetr qum, çınqıl və torpaq daşınaraq yerin səviyyəsi xeyli qaldırılmışdır.
Uzunluğu 480 metr, eni 15 metr olan gəzinti meydançasının, 450 metr uzunluğunda olan qala divarlarının, 52 metr hündürlükdə olan Bayraq meydanının tikintisi sürətlə davam etdirilir. Yeni park ərazisində hündür ölçülü qala divarlarının tikintisi heç də asanlıqla başa gəlmir. Ağır çəkili daşların yuxarı qaldırılaraq divarın işlənməsi həqiqətən böyük ustalıq tələb edir. Biz bu günlərdə dənizkənarı park-bulvarın ikinci hissəsində aparılan işlərlə yerində tanış olduq. Burada sözün həqiqi mənasında yüksək işgüzarlıq və coşqun ruh yüksəkliyi hiss olunurdu. Rayon rəhbərliyinin müntəzəm olaraq burada işlərin gedişi ilə maraqlanması sənətkar və ustaların ruh yüksəkliyinə səbəb olur.
Uzun müddət rayonun rəhbər orqanlarında işləmiş Həbib Rəsulov söhbət zamanı qeyd etdi ki, yaraşıqlı və füsunkar görkəm almış dənizkənarı park-bulvar Astaramızın simvoluna çevrilib. Respublikamızın tanınmış ziyalıları bu yaraşıqlı bulvarın sorağını eşidərək şəxsən şahidi olmaq üçün rayona gəlmək arzularını bildirirlər.
Dənizkənarı park-bulvarın ikinci hissəsində qala divarları, fantan, şəlalə, fitnes və uşaq əyləncə meydanları, ictimai-iaşə müəssisələri tikilməsi nəzərdə tutulmuşdur. Biz inanırıq ki, dünyada şöhrət qazanmış məşhur Bakı bulvarından sonra Astara bulvarı da turistlərin və qonaqların tez-tez gəldiyi guşəyə çevriləcəkdir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...