Rayonda görülən çoxşaxəli nəhəng işlər gələcək nailiyyətlərlə bağlı böyük əminlik yaradır
“Dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi” barədə qədim yunan filosoflarının söylədiyi fikirlər Astaraya qonaq gələn insanlar üçün romantika deyil, əsil reallıqdır. Qədim dünya alimlərinin kitablarında, səyyahların qeydlərində, coğrafiyaşünasların xəritələrində əksini tapan bu əsrarəngiz rayon ölkəmizin əski və inkişaf etmiş bölgələrindən sayılır. Görkəmli səyyahlar ərazidəki torpaqların yüksək məhsuldarlığa, burada yaşayan xalqın gözəl folklor nümunələrinə malik olmasını qeyd edirdilər. Tarixi İpək yolunun üzərində yerləşib, qədim yaşayış məntəqəsi kimi Orta, Ön, Kiçik Asiya dövlətləri, Çin, Hindistan və ərəb dünyası arasında əlaqələrin qurulmasında rol oynayan bu bölgə hazırda da ölkəmiz üçün əhəmiyyətini qoruyub saxlamaqdadır.
Dövlət başçısının elan etdiyi Cümhuriyyət İlində müstəqilliyimizin ölkəmizə bəxş etdiyi inkişafla, regionlarda həyata keçirilən iqtisadi, sosial və mədəni layihələrin yaratdığı dəyişikliklərlə yerində tanış olmaq üçün “Region” layihəsi ilə cənub bölgəsinin bu qədim diyarına – Astara rayonuna səfər etdik.
Rayonun inkişafı üçün görülən işlər
Astara Rayon İcra Hakimiyyətində 2017-ci il ərzində rayonda tikinti-abadlıq və quruculuq sahəsində xeyli iş görüldüyünü bildirdilər. Minlərlə insanın yaşadığı ərazini əhatə edən, mürəkkəb relyefə malik Taxtanakəran-Toradi və Taxtanakəran-Miki avtomobil yolunun çəkilişi başa çatdırılıb ki, bu istiqamətdə yerləşən 38 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin ən böyük problemi həllini tapıb. Pəlikəş kənd sahə xəstəxanası üçün müasir tipli bina tikilərək istifadəyə verilib. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınan Astara şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası istiqamətində işlər hazırda davam etdirilir.
Tarixən elektrik enerjisi olmayan Şəvqo kəndi elektrik enerjisi ilə təmin edilib. Beynəlxalq əhəmiyyətli Ələt-Astara avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsində tikinti işləri başa çatdırılmaq üzrədir: “Bu avtomobil yolunun tikintisi turizmin, kənd təsərrüfatının və iqtisadiyyatın bütün sahələrinin inkişafına sanballı töhfə verəcək”. Rayonun ərazisindən keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Astara stansiyasından İran sərhədinə qədər olan hissədə 8,3 km-lik yeni dəmir yolu xəttinin və Astara çayı üzərində 85 metrlik dəmir yolu körpüsünün tikintisində işlər yekunlaşıb. Şəhərin su təchizatının yaxşılaşdırılmasından ötrü Xanbulançay su anbarından Astara şəhərinə çəkilən içməli su xətti layihəsi çərçivəsində görülən işlər yekunlaşmaq üzrədir.
62 ümumtəhsil məktəbi, iki məktəbdənkənar təhsil müəssisəsinin olduğu rayonda 2003-2017-ci illər ərzində 9440 şagird yerlik 34 məktəb, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1720 şagird yerlik 5 məktəb binası inşa edilib, bir neçə məktəb binası əsaslı təmir edilib. Hal-hazırda Təhsil Nazirliyi tərəfindən Bala Şahağac kənd ümumi orta məktəbi üçün 96, Siyatük kənd ibtidai məktəbi üçün 56 şagird yerlik modul tipli məktəb binasının tikintisi davam edir.
“2018-ci ildə start veriləcək ən böyük layihə dəmir yolunun köçürülməsi olacaq. Dəmir yolu Ələt-Astara magistral yoluna paralel salınacaq” – deyə İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdir müavini Mərasim Hacıyev bildirir: “Dəniz sahili genişlənəcək və dənizlə sərhəd aradan qaldırılacaq. Həmçinin ərazidə infrastruktur layihələr həyata keçiriləcək. Ələt-Astara yolu istifadəyə veriləndən sonra Lənkəran hava limanından Astaraya məsafə 15 dəqiqə təşkil edəcək ki, bu da rayona gələcək turistlər üçün əlverişli olacaq. Dağlara çəkiləcək avtomobil yolları isə ekoturizmin inkişafına kömək edəcək”.
İran sərhədinə qədər
Tikinti-quruculuq sahəsində rayonda həyata keçirilən ən böyük layihələrdən biri də park-bulvar ərazisinin genişləndirilməsidir. Ölkə rəhbərinin 8 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq, Astara şəhərindəki park-bulvar kompleksinin genişləndirilməsi ilə əlaqədar ayrılan vəsait hesabına tikinti işlərinə başlanılıb, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan işlər ardıcıl olaraq həyata keçirilir. 8 ha ərazidə Bayraq meydanı, şəlalə, fantan, fitnes və uşaq əyləncə meydançasının tikintisinə başlanılıb, hazırda işin icrası müvəffəqiyyətlə davam etdirilir.
İran sərhədinə yaxın ərazidə 50 metrdən çox hündürlükdə Azərbaycan bayrağı dalğalanacaq. Astaranın rəmzi kimi 450 metrlik qala divarı tikiləcək və yanında yaradılacaq açıq səma altında muzeydə rayonun tarixini əks etdirən nümunələr sərgilənəcək. Park-bulvarın bütünlüklə may-iyun aylarında istifadəyə verilməsi nəzərdə tutulur. Park Bulvarın “Lumiland istirahət mərkəzi”ndə yerləşən və dünyanın ən böyük təndiri hesab olunan təndir Ginnesin rekordlar kitabına düşüb. Yay aylarında təndirin içərisində çörək və milli yeməklər bişirilir. Ərazidə çimərlik yerləri, çimərlik voleybolu yeri də mövcuddur. İstirahət mərkəzi dekorativ ağaclarla bəzədilib. “İki ildir ki, Novruz bayramı burada qeyd olunur. Yay ayları istirahət mərkəzində xüsusi qələbəlik olur. Hər gün canlı konsertlər keçirilir. Təkcə bölgədən deyil, həmçinin İrandan, Rusiyadan və xarici ölkələrdən insanlar istirahət etməyə və əylənməyə gəlir”. Hazırda rayonda «Balıqçı», «Ceyhun”», «Abşeron», AAF, «Çayqırağı» və «İstisu» kimi istirahət mərkəzləri fəaliyyət göstərir.
Çayçılıq, çəltikçilik, sitrusçuluq
Respublikamızda qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Astarada da tədbirlərin həyata keçirilməsi davam edir. M.Hacıyev bölgədə əhalinin əsas dolanışığının əkinçilik, çəltikçilik, tərəvəzçilik, sitrusçuluq və çayçılıq olduğunu bildirir: “Astara ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli çayı, çəltiyi, sitrusu, tərəvəzi və balı ilə məşhurdur. Burada yetişdirilən narıngi, limon, portağal, feyxoa, kinkan, kivi və başqa sitrus və subtropik meyvələr respublika və xarici ölkə bazarlarında özünəməxsus yer tutur. Astara çayı Moskva və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə mükafata layiq görülüb, Dubayda keçirilən sərgidə nümayiş olunub”.
Astara düyüsünün sorağı da geniş yayılıb. Son illər çəltik əkininin rentabelli olması əhalinin bu sahəyə marağını daha da artırıb. Nəticədə çəltik sahələri genişləndirilərək 447,5 hektara çatdırılıb ki, bu da keçən illə müqayisədə 3 dəfə çoxdur.
“Haşimi”, “Sədri”, “Ənbərbu” və digər çəltik növlərindən emal edilən düyü məhsulları özünəməxsus ətri, dadı və bərəkəti ilə bölgənin brendi sayılır. Hazırda ekoloji cəhətdən ən təmiz olan Astara düyüsünün qiyməti növündən asılı olaraq, 3-5 manat arasında dəyişir. Düyüdən 26 növ plov bişirilir. “Rayonda 500 hektara yaxın çəltik sahəsi var”- deyə İctimai siyasi şöbənin baş məsləhətçisi Rəşad Həsənov söyləyir: “Bizdə ətirli düyü “Haşimi” və “Sədri” sortlarıdır. Həmçinin qara düyü yetişdirilir. Yerli çaylar məxməri, kəklikotulu, yaşıl, eləcə də yerli düyülərin bütün növləri Astaraçay MMC-nin nəzdindəki mağazada satılır”. Astara çayı da Azərbaycan brendi hesab edilir. Rayonda çay istehsal edən üç fabrik əsasən mövsümi işləyir. İlboyu fəaliyyət göstərən “Astaraçay” fabrikində isə çay Yaponiya və Koreyadan gətirilən texnologiyalarla istehsal edilir: “Bu gün, həmçinin Bakıda və respublikanın digər bölgələrində müxtəlif satış nöqtələri var ki, orada Astarada istehsal olunan çay məhsulları satılır. Çayçılıq rayonda ölkə prezidenti tərəfindən verilən subsidiyalar hesabına bərpa olunub və işlər davam etdirilir. Qarşıdakı illərdə 1000 ha çay sahəsinin salınması üçün tədbirlər həyata keçirilir”.
Rayonda sitrus meyvələrinin istehsalına da diqqət artıb. Hazırda rayonda salınan sitrus bağlarının sahəsi genişləndirilir. Yerli növlərdən başqa Yaponiyadan gətirilən limon və narıngi sortlarından ibarət bir neçə sahə də salınıb. Bu sortların fərqliliyi isə məhsuldarlığın yüksək olması və şaxtaya davamlılığı ilə bağlıdır: “Artıq iki ildir ki, həmin sahələrdən məhsul yığılır. Həmçinin ölkə bazarlarına çıxarılan kivi məhsulu da Astarada yetişdirilir. Bu il əhalidən yığılan feyxoa məhsulları Rusiya bazarlarına göndərildi. Əvvəllər isə məhsulun alıcısı yox idi”. Məhsulların istehsalına gəlincə, çeşidli növlər üçün müəssisə olmadığından yalnız evlərdə – fərdi təsərrüfatlarda hazırlanır: «Sahələr genişləndikcə, məhsuldarlıq artdıqca, yəqin ki, istehsal müəssisəsi də yaranacaq. Əvvəl mövcud olan konserv zavodu isə dağılıb. Məhsuldarlıq artdıqca, belə bir zavodun yaranmasına ehtiyac yarana bilər. Təsərrüfatlar dağılandan sonra insanlar torpaqdan soyumuşdular. Ölkə rəhbərliyinin təşəbbüsü ilə torpaqlara verilən subsidiyalar insanların yenidən torpağa olan bağlılığını artırdı. İnsanlar pomidor, kələm, xiyar, taxıl, sitrus meyvələri yetişdirməyə başladılar. Hətta bir sahibkarın 90 hektarda sitrus meyvələri əkdiyi sahələr var. Burada ilboyu yüzə yaxın insan çalışır”. Baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar rayona daha 3 min ədəd tut tingi gətirilərək əkilib, əkilən ağacların sayı ümumilikdə 21 min ədədə çatdırılıb.
Onu da deyək ki, Astaranın Xəzərin sahilində yerləşməsi təkcə rayona gözəl mənzərə, qara qumlu, müalicəvi əhəmiyyətli çimərliklər, təmiz sahillər deyil, həmçinin insanlarına nadir balıq növləri bəxş edir, Astara mətbəxini daha da zənginləşdirir: «Astara balığı fərqlidir. Çünki bu ərazidə su daha təmizdir”.
Astarada kənd təsərrüfatına ayrılan böyük diqqətlə yanaşı, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı turizmin dirçəldilməsi də prioritet məsələ kimi nəzərdə tutulur.kaspi.az
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...