Nanə xoş ətri və qoxusu ilə yanaşı, sağlamlıq üçün olduqca faydalı bitkilərdən biridir. Hələ qədim zamanlardan nanədən təbabətdə geniş istifadə olunub. Nanənin tərkibi orqanizm üçün vacib olan A, C, B qrup vitaminlərlə və mikroelementlərlə zəngindir.
Bu bitkinin faydalı xüsusiyyətlərindən ən başlıcası sinir sisteminə müsbət təsiri, əsəbləri sakitləşdirməsi, stressi və gərginliyi aradan qaldırmasıdır. Nanə ürək damar sistemi üçün də xeyirlidir və infarkt riskini azaldır.
Mədə problemləri olan insanlar üçün nanə ən effektli vasitələrdən biri sayıla bilər. Köp, mədə bulanması, mədənin yanması zamanı bu bitkidən istifadə etmək məsləhət görülür.
Həmçinin o, həzm sistemini normallaşdırır, həzmi asanlaşdırır.
Dərinin sağlam və gümrah görünməsində nanə bitkisindən dəmlənən çay kosmetik vasitə kimi istifadə olunur.
İştəhasından şikayətlənənlər üçün bu bitki təbii dərmandır.
Ağızdan xoşagəlməz qoxunu aradan qaldırmaq üçün nanədən istifadə etmək kifayətdir.
Xalq təbabətində nanə bitkisindən aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur:
– Astma;
– Hepatit;
– Xolesistit;
– Qastrit;
– Yuxarı tənəffüs yollarının xəstəlikləri;
– Kişi sonsuzluğu;
– İmpotensiya;
– Ekzema;
– Dəri iltihabı;
– Öd kisəsi xəstəliyi;
– Soyuqdəymə və qrip.
Nanə birkisi qurudulmuş və təzə formada istifadə olunur.
Dünyanın bir çox ölkələrində nanə çayı ən çox istifadə olunan içkilərdən biridir. Səhərlər bir fincan nanə çayı içmək gün ərzində insanın əhvalına müsbət təsir göstərməklə yanaşı, əsəblərin sakit olmasını da təmin edir. Nanə çayı soyuqdəymə zamanı qızdırmanı aşağı salır və nəfəsalmanı rahatlaşdırır. İsti havalarda nanə çayı ən yaxşı sərinləşdirici içkilərdən biridir.