62 yaşlı Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb.

Paytaxt Bakıda televiziya mərkəzi üçün binanın inşası 1954-cü ildə start götürdü. Tikinti üçün Bakının ən hündür məkanlarından biri olan Mehdi Hüseyn küçəsi 1 ünvanı seçildi.
 Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. Teleqüllənin inşası hələ başa çatmadığı üçün Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. 1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi.    İlk veriliş günü ekranda çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan gənc aktrisa Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirildi.
 Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5, 1962-ci ildən isə gündəlik 7, 70-ci illərdən isə 10, 80-ci illərdən 18, 2005-ci ildən isə 24 saatlıq fasiləsiz yayıma keçdi. Elə həmin ildən Azərbaycan Dövlət Televiziyası Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.
 Azərbaycanın ana televiziyasının ilk diktorları Gültəkin Cabbarlı, Tamara Gözəlova, Nailə Mehcibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva və Nizami Məmmədov var idi. Sonradan televiziyada istedadlı diktorlar nəsli meydana gəldi: Roza TağıyevaRafiq HüseynovOfelya SənaniŞərqiyyə HüseynovaSabir ƏləsgərovHicran HüseynovHəqiqət ƏsgərovaNatəvan HacıyevaTamilla ƏləkbərovaDavud ƏhmədovGülşən ƏkbərovaNərgiz CəlilovaÜlkər QuliyevaAygül QaradağlıDilarə SəlimRafiq Həşimov və başqaları.
 İlk dövrdə Bakı studiyası 30 kvadrat metrlik iki otaqdan ibarət idi. Yarıdan bölünmüş otaqların birində kino aparatları quraşdırılmışdı, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi. Studiyada yalnız 1 studiya telekamerası, eləcə də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında iki kamera yerləşdirilmişdi. Üç kameradan biri diktor, yaxud çıxışçı, digər ikisi isə film üçün idi. Studiyadakı kamera sıradan çıxdıqda, diktorun təsviri və mətni kinoproyeksiya otağından verilirdi.
  1957-ci il iyunun 9-da ilk dəfə Respublika Sstadionundan futbol oyunu translyasiya edildi. Stadiondan reportajı radiojurnalist Valid Sənani aparırdı. İyunun 28-də isə həmin stadiondan tələbə və gənclərin festivalı göstərildi. Sonra Azərbaycan Dövlət Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Ablarmoniyası və digər konsert salonlarından birbaşa yayımlara başlanıldı.
 Yalnız 1970–1972-ci illərdə çəkilişlər kinokameranın 16 millimetrlik lenti ilə aparıldıqdan sonra informasiya proqramlarında reportajların göstərilməsinə başlanıldı.
 1970-ci ildən Moskva, 1973-cü ildən isə Azərbaycan televiziyası proqramları rəngli yayımlamağa başladı.
  Azərbaycan televiziyası xəbərlər buraxılışını 1960-cı ildən efirə verib. İlk dövrdə bu veriliş «Günün yenilikləri» adlanırdı, sonradan «Son xəbərlər» adı ilə həftədə 5 dəfə efirdə göstərildi.
  1960-cı il dekabrın 31-də ilk dəfə «Sizinlə birlikdə» Yeni il proqramı nümayiş olundu. Canlı efirdə 2 saatdan artıq davam edən verilişdə musiqi, müsahibə, təbriklər, səhnəcik, bir neçə müəssisədən çəkilmiş süjet və söhbətlərdən istifadə edildi. Proqramın müəllifi və rejissoru Kərim Kərimov, aparıcısı isə xalq artisti Möhsün Sənani idi.
  70-80-ci illərdə televiziya jurnalistikası sahəsində Ələkbər Abbasov, Tofiq Axundov, Zeynal Məmmədli, Nadir Abdullayev, Qərib Əhmədli, Telman Qafarov, Tamilla Aşumova, Nadejda Ismayılova, Telli Əliyeva, Tofiq Abbasov, Ilqar Qasımov, Osman Mirzəyev, Samir Əsgərxanov, Famil Ismayılov kimi jurnalistlər fəaliyyət göstərirdilər. Onlar yeni forma və üslub nümayiş etdirməyə çalışırdılar.
  80-ci illərdə AzTV-də İdman verilişləri baş redaksiyası yaradıldı. AzTV-də futbol oyunlarından reportajlar hazırlayan şərhçi nəsli yetişdi. Onların arasında Çingiz Ismayılov, Aydın Əliyev, Aqşin Kazımzadə, Ələkbər Abbasov, Nicat Rəhimov kimi idman jurnalistləri var idi.
  1956-cı ildə Bakı televiziya studiyasına Ənvər Əlibəyli, Radioinformasiya idarəsinə isə İsrafil Nəzərov rəhbərlik edirdilər.
  1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanması Azərbaycan televiziyası üçün əsl sınağa çevrildi.
  1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan televiziyasının enerji bloku partladıldı. Yayımı yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu. Qara kostyumda və qalstuksuz efirə çıxan diktor Rafiq Hüseynov 138 dinc sakinin qətlə yetirilməsiylə əlaqədar Azərbaycan xalqına başsağlığı verdi. Lakin televiziya hərbçilərin nəzarəti altında fəaliyyət göstərdiyi üçün efirə yalnız hərbi senzorun «qayçı»ladığı məlumatlar, veriliş və proqramlar gedirdi. Bu cür vəziyyət 1991-ci ilin sentyabrına qədər davam etdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan televiziyası əyalət telekanalından müstəqil dövlətin əsas televiziyasına çevrildi.
 Hazırda Azərbaycan televiziyasında yenə rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli filmlər nümayiş etdirilir.
 Azərbaycan teleradiosuna peşəkar televiziyaçılardan və menecerlərdən ibarət komanda rəhbərlik edir. Təsadüfi deyil ki, Azərbaycan televiziya və radiosunun yarıməsrlik yubileyi ərəfəsində bir çox telejurnalist və rejissor müxtəlif dövlət mükafatlarına – fəxri adlara, orden və medallara layiq görülüblər.
 Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Televiziya məkanımızın birincisinin izi müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.
 Sonrakı illərdə Azərbaycan televiziya və radiosunda yetişən peşəkar televiziyaçılar Space TVLider TVİTV kanallarının yaradılması prosesində yaxından iştirak etmişlər.

Astarainfo.az