Nə qədər ki, Azərbaycanın iyirmi faizdən çox ərazisi işğal altındadır, nə qədər ki, Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar azad edilməyib, biz rahat ola bilmərik. Xüsusən, cəbhə bölgəsində tez-tez baş verən təxribatlar bir daha sübut edir ki, həm ön cəbhədə, həm də arxa cəbhə də həssas və diqqətli olmalıyıq. Məhz bu mənada yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsinə ciddi yanaşmalıyıq.
Son dövrdə rayonumuzda hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər diqqəti cəlb edir. Rayon rəhbərliyinin bu vacib sahəyə xüsusi ilə ciddi diqqət yetirməsi bütün idarə, müəssisə və təşkilatlarda, xüsusən tədris müəssisələrində gənclərin fəallığının artmasına səbəb olmuşdur. Bir sıra ümumtəhsil məktəblərində hərbi-vətənpərvərlik mövzusunda tədbirlərin sayı artırılmışdır. Hərbi dərslərin keyfiyyətinin yüksəldilməsinə ciddi diqqət yetirilir, bu məqsədlə ayrıca kabinələr hazırlanır, lazımi inventarlarla və təbliğat materialları ilə təmin olunur. Son dövrdə rayonumuzun ümumtəhsil məktəblərinin məzunlarından hərbi məktəblərə daxil olanların sayı xeyli artmışdır. Bu ilin avqust ayında rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev hərbi məktəblərə daxil olan məzunlarla görüşmüş, onlara fəxri fərman və qiymətli hədiyyələr vermişdir. İcra başçısı hər il ümumtəhsil məktəbləri bitirən məzunlardan hərbi məktəblərə daxil olanlara təqaüd verilməsi barədə təşəbbüs qaldırmışdır. Bu da tədris müəssisələrində hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində uğurla nailiyyətlərin qazanılmasına səbəb olacaqdır.
Hərbi vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər kompaniya xarakteri daşımamalıdır. Bu iş hər gün, fasiləsiz aparılmalıdır. Ötən əsrin 90-cı illərində, xüsusən 1993-1995-ci illərdə döyüş bölgələrində qəhrəmanlıq göstərən hərbiçilərlə rayon ictimaiyyətinin nümayəndələrinin görüşləri keçirilərdi. Məhz həmin illərdə Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhid olanlar da az deyildi. Təkcə Astara rayonundan yüz nəfərə yaxın həmyerlimiz şəhid olmuşdu. Bu gün onların əziz xatirəsi daim qəlblərdə yaşayır. Onların bir çoxunun adı əbədiləşdirilib. Əksər məktəblərimiz şəhidlərimizin adını daşıyır.
O ağır, dəhşətli günlərdən xeyli müddət keçib. Hazırda ümumtəhsil məktəblərində təhsil alan gənclərimiz həmin günlərdə baş verən hadisələri yalnız dərsliklərdən, mətbuatdan öyrənir və bununla kifayətlənirlər. Açıq etiraf edək ki, hərbi vətənpərvərlik tərbiyəsi kimi vacib bir məsələ də bir müddət diqqətdən kənarda qalıb.
Rayonun əksər məktəblərində hərbi vətənpərvərlik tərbiyəsi və fiziki hazırlıq sahəsində xeyli işlər görülmüş, “Astara şəhidləri”, “Milli Qəhrəmanlar”, “Sənin hər əmrinə hazırıq Vətən” və digər mövzularda hazırlanan guşələrin tərtibatı yeniləşdirilmişdir. Məktəb məzunu olmuş şəhidlərin ayrıca guşələrinin yaradılması, büstlərinin qoyulması diqqətəlayiqdir.
Astaramızın ilk milli qəhrəmanı olan Yalçın Nəsirovun adını daşıyan Sərək kənd tam orta məktəbində olarkən müəllimlər qeyd etdilər ki, qəhrəmanımızın anadan olduğu və şəhid olduğu tarixlərdə məzarı üzərində xatirə mərasimləri keçirilir. Ümumiyyətlə isə 20 yanvar faciəsinin ildönümü günlərindən rayonumuzun bütün şəhidləri də anılır, ruhuna dualar oxunur, məzarları məktəb kollektivləri tərəfindən ziyarət edilirdi. Rayonumuzun ümumtəhsil məktəblərinin şagirdlərinin vaxtaşırı olaraq milli qəhrəmanın adını daşıyan Sərək kənd tam orta məktəbinə gəlməsi, oxuduğu sinifdə yaradılmış guşə ilə tanış olması və məzarını ziyarət etməsi barədə verilən təklif də diqqətə layiqdir.
Bəli, biz yeniyetmə və gənclərimizdə döyüşkənlik ruhunu, vətənpərvərlik hissini formalaşdırmaq, onları qəhrəman kimi yetişdirmək istəyiriksə, hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi ilə ciddi diqqət yetirməli, fəaliyyətimizdə əsaslı dönüş yaratmalıyıq.
Bu gün hərbi vətənpərvərlik tərbiyəsi həmişəkindən daha vacibdir.
Fəridə Söhrabqızı
Astarainfo.az