Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir
Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.
Silahlı Qüvvələrimizin strukturuna daxil olan müxtəlif qoşun növlərini peşəkar hərbi kadrlarla təmin etmək üçün Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Azərbaycan Tibb Universitetində Hərbi tibb fakültəsi yaradılmışdır. Bu təhsil müəssisələri ordumuz üçün bütün hərbi mütəxəssisləri hazırlamaq imkanına malikdir.
Hərbi təhsildən danışanda yada düşən məktəblərdən biri də əsası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Liseydir. Heydər Əliyevin səyi nəticəsində bu məktəbin yaradılması Azərbaycanın hərbi təhsil tarixində yeni bir səhifə açmışdır. İndi Hərbi Lisey kimi fəaliyyət göstərən bu məktəbin o zaman təsis edilməsi respublikamızda milli zabit kadrları hazırlığının yüksəlməsinə, azərbaycanlıların hərb sənətinə marağının artmasına təkan vermişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində əsasını qoyduğu strategiya onun siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyata mütənasib güclü ordu formulu ötən 10 ildə Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən biri kimi diqqəti cəlb etmişdir. Bu bir həqiqətdir ki, ölkəmizin ildən-ilə artan iqtisadi inkişaf tempi silahlı qüvvələrimizin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynamışdır.
Azərbaycanın hərbi büdcəsinin milyardlarla dollar səviyyəsinə ölçülməsi ilə Prezident İlham Əliyevin daha bir vədi real həyata vəsiqə aldı. Ölkəmizin hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötdü. Cənab Prezidentin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkəmizin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca hərbi sahədə həyata keçirilən tədbirlərin miqyası daha da genişlənəcəkdir: “Azərbaycanın hərbi potensialının möhkəmlənməsi çox sürətlə gedir. Biz hərbi xərclərə böyük diqqət göstəririk… Çox böyük sayda hərbi texnika, təyyarələr, silah-sursat alınır və bu siyasət davam etdiriləcəkdir”.
Hərbi məqsədlər üçün xərclərin artımı son bir neçə ildə hərbçilərin sosial vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bunun nəticəsidir ki, son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində də daim sistemli tədbirlər həyata keçirilir. Hərbi qulluqçuların rütbə və vəzifə maaşları, dövlət icbari şəxsi sığorta məbləği dəfələrlə artırılmış, onlara güzəştli ipoteka kreditlərinin verilməsi təmin olunmuşdur. Təsadüfi deyil ki, bu gün ölkədə ən yüksək əməkhaqqı alan vətəndaşların bir hissəsi məhz orduda xidmət edən zabitlərdir.
Fərəhlisi odur ki, Azərbaycanın hərbi sənaye kompleksi də formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin və iqtisadi qüdrətinin göstəricisidir.
Prezident İlham Əliyevin silahlı qüvvələrdə islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi bütün ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Eyni zamanda, ordu məsələlərinə yüksək diqqət Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir. Ermənistan hakimiyyətində bunu yaxşı anlayır və təlaş keçirirlər.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan heç vaxt – nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcəkdir. Azərbaycan öz tarixi torpağı olan, tarixən azərbaycanlıların yaşadığı Dağlıq Qarabağın müstəqilliyinə heç vaxt imkan verməyəcək.
Rayonumuzda hərbi vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzindədir. Məktəblərdə hərbi vətənpərvərlik mövzusunda tədbirlərin sayı artırılmışdır. Son dövrdə rayonumuzun ümumtəhsil məktəblərinin məzunlarından hərbi məktəblərə daxil olanların sayı xeyli artmışdır. Bu ilin avqust ayında rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev hərbi məktəblərə daxil olan məzunlarla görüşmüş, onlara fəxri fərman və qiymətli hədiyyələr vermişdir. İcra başçısı hər il ümumtəhsil məktəblərini bitirən məzunlardan hərbi məktəblərə daxil olanlara təqaüd verilməsi barədə təşəbbüs qaldırmışdır. İnanırıq ki, rayon rəhbərliyinin qayğısına məzunlarımız əməli işləri ilə cavab verəcəklər.
Fəridə Söhrabqızı
Astarainfo.az