Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 12 fevral tarixli
Sərəncamı ilə təsdiq edilmişdir
1. Giriş
Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan vermişdir. Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və mövcud ixrac potensialı aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır.
“Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldilmişdir.
2. Azərbaycanda çayçılığın mövcud vəziyyəti
Ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılmışdır. Bu sahənin inkişafı 70-80-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilmişdir. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılmışdır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin etmişdir.
Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.
Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatmışdır.
Qeyd edək ki, çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edən “Çayçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ölkədə çayçılığın inkişafı üçün əlverişli mühit yaratmışdır.
Dövlət Proqramı ölkədə çay əkini sahələrinin genişləndirilməsi sahəsində aparılan işlərin daha da sürətləndirilməsinə təkan verəcəkdir.
3. Dünyada çayçılığın inkişaf meyilləri
Dünyada çay istehsalının tarixi qədimdir və eramızdan əvvəllərə təsadüf edir. Hazırda Çin, Hindistan, Keniya, Şri-Lanka, Türkiyə və İndoneziya dünyanın çay istehsal edən ən böyük ölkələridir. Bu ölkələrdə istehsal edilmiş çay məhsullarının təxminən 60-65 faizi daxili tələbatın ödənilməsinə, 35-40 faizi isə ixraca yönəldilir. Hazırda beynəlxalq bazarlarda bir kiloqram quru çay yarpağının qiyməti 2,65 ABŞ dolları səviyyəsindədir.
Çay istehsalının həcminə görə dünya bazarında ən böyük istehsalçılardan olan Çin Xalq Respublikası hər il xaricə 300-350 min ton çay ixrac edir. Dünya bazarlarındakı paylarını artırmaq, yeni bazarları öyrənmək və yeni çay brendlərini formalaşdırmaq məqsədi ilə bu ölkədə 157 iri çay şirkətinin və 34 elmi tədqiqat institutunun iştirakı ilə Çin Çay İstehsalçıları Assosiasiyası yaradılmışdır.
Dünyada çay istehsalının həcminə görə ikinci yerdə qərarlaşmış Hindistanda yerli əhali çay içkisindən geniş istifadə etdiyi üçün istehsalın 70 faizi daxili tələbatın ödənilməsinə yönəldilir və beynəlxalq bazarlara təxminən 200 min ton çay çıxarılır.
Keniyada çay istehsalçılarının 90 faizinin plantasiyalarının ərazisinin 0,4 hektardan az olmasına baxmayaraq, yüksək yarpaq çıxımına malik sortlardan istifadə olunması hesabına 2013-cü ildə bu ölkə dünya bazarına 370 min ton çay ixrac etmişdir.
Çay yarpağının istehsal həcminə görə dünyada dördüncü yeri tutan Şri-Lankada “Seylon çayı” brendi altında qara, yaşıl və ağ Seylon çayları istehsal edilir.
Türkiyə Respublikasında çay bitkisi, əsasən, Qara dəniz sahillərində yerləşən Rizə vilayətində yetişdirilir. Çay yarpağı istehsalının həcmində qara çay sortlarının böyük payı vardır. Yerli bazarın qorunması məqsədi ilə ölkəyə idxal olunan çaylara 145 faiz gömrük rüsumu tətbiq edilir.
4. Dövlət Proqramının məqsədi və vəzifələri
4.1. Dövlət Proqramının məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdan ibarətdir.
4.2. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
4.2.1. çayçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi;
4.2.2. çayçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi;
4.2.3. çayçılıq sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi;
4.2.4. çay emalı potensialının artırılması;
4.2.5. çayçılıq sahəsində infrastruktur təminatının yaxşılaşdırılması;
4.2.6. çay istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;
4.2.7. çay istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi;
4.2.8. çay məhsullarının rəqabət qabiliyyətinin artırılması, ixracının dəstəklənməsi və təşviqi;
4.2.9. çayçılıqda kooperasiyanın inkişaf etdirilməsinin təşviqi.
5. Çayçılığın inkişafının əsas istiqamətləri
5.0. Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur:
5.0.1. çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması;
5.0.2. toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi;
5.0.3. çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması;
5.0.4. çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması;
5.0.5. mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi;
5.0.6. çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.
6. Dövlət Proqramının maliyyələşmə mənbələri
6.0. Dövlət Proqramında öz əksini tapmış tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
6.0.1. dövlət büdcəsi;
6.0.2. büdcədənkənar fondlar;
6.0.3. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri;
6.0.4. yerli və xarici investisiyalar;
6.0.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
7. Dövlət Proqramının icrasından gözlənilən nəticələr
7.1. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, rəqabətin qorunmasına, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına və çayçılıq rayonlarında əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi aqrar potensialını gücləndirəcəkdir.
7.2. Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur.
Sıra №-si |
Tədbirin adı |
İcra müddəti |
İcraçılar |
8.1. Çayçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlər |
|||
8.1.1. |
Çayçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi |
2018–2027 |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi |
8.1.2. |
Çayçılıq sahəsində standartların beynəlxalq tələblərə uyğunlaşdırılması |
2018–2020 |
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,Kənd Təsərrüfatı Nazirliyi |
8.1.3. |
Çay istehsalı və emalı sahəsində keyfiyyətə nəzarətin təkmilləşdirilməsi və daxili bazarın qorunması üçün təkliflər hazırlanması |
2018–2027 |
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,İqtisadiyyat Nazirliyi,Dövlət Gömrük Komitəsi,Kənd Təsərrüfatı Nazirliyi,Qida Təhlükəsizliyi Agentliyi |
8.1.4. |
Çayçılıq sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi |
2018–2020 |
Kənd Təsərrüfatı Nazirliyi,İqtisadiyyat Nazirliyi,Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları |
8.1.5. |
Çayçılıq sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələrin genişləndirilməsinin dəstəklənməsi |
2018–2027 |
Kənd Təsərrüfatı Nazirliyi,İqtisadiyyat Nazirliyi,Xarici İşlər Nazirliyi |
8.1.6. |
Çayçılıq sahəsində mütərəqqi sığorta mexanizminin yaradılması |
2018–2019 |
Kənd Təsərrüfatı Nazirliyi,İqtisadiyyat Nazirliyi,Maliyyə Bazarlarına Nəzarət Palatası |
8.2. Çayçılıq sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi |
|||
8.2.1. |
Çayçılıqla məşğul olan müvafiq elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi |
2018–2020 |
Kənd Təsərrüfatı Nazirliyi,İqtisadiyyat Nazirliyi,Maliyyə Nazirliyi,Elmin İnkişafı Fondu |
8.2.2. |
Peşə-ixtisas və ali təhsil müəssisələrində çayçılıq sahəsi üçün ixtisaslı kadrların hazırlanmasının təşkili |
2018–2027 |
Kənd Təsərrüfatı Nazirliyi,Təhsil Nazirliyi |
8.2.3. |
Aqrotexniki və aqrokimyəvi tədqiqatların aparılması və əldə olunmuş səmərəli nəticələrin tətbiqi |
2018–2027 |
Kənd Təsərrüfatı Nazirliyi,Azərbaycan Milli Elmlər Akademiyası |
8.2.4. |
Yeni çay sortlarının yaradılması, mövcud sortların anaclıq sahələrinin genişləndirilməsi və vegetativ üsulla əkin materialının yetişdirilməsi üçün dumanyaradıcı qurğularla təminatın yaxşılaşdırılması |
2018–2027 |
Kənd Təsərrüfatı Nazirliyi,Azərbaycan Milli Elmlər Akademiyası |
8.3. Çayçılığın infrastruktur təminatının yaxşılaşdırılması |
|||
8.3.1. |
Çay məhsullarının keyfiyyətinin beynəlxalq standartların tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi və sertifikasiyası üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, müasir laboratoriyaların yaradılması və beynəlxalq akkreditasiyadan keçirilməsi |
2018–2019 |
Kənd Təsərrüfatı Nazirliyi,Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,İqtisadiyyat Nazirliyi,Xarici İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi |
8.3.2. |
Yeni ərazilərdə çayayararlı torpaqların müəyyənləşdirilərək əkin dövriyyəsinə cəlb edilməsi üçün tədbirlər görülməsi |
2018–2019 |
Nazirlər Kabineti,Kənd Təsərrüfatı Nazirliyi,Əmlak Məsələləri Dövlət Komitəsi,Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC,İqtisadiyyat Nazirliyi,yerli icra hakimiyyəti orqanları |
8.3.3. |
Çayçılıq rayonlarında çay sahələrinin su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması və tikintisi (Viləşçay su anbarının 2-ci növbəsinin, Boladıçay, Viravulçay və digər su anbarlarının tikintisi) |
2018–2025 |
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC,Kənd Təsərrüfatı Nazirliyi,İqtisadiyyat Nazirliyi,Fövqəladə Hallar Nazirliyi |
8.3.4. |
Çay emalı müəssisələrinin elektrik, qaz, su ilə təchizatı və digər infrastruktur sistemlərinə qoşulmasının təmin edilməsi |
2018–2027 |
“Azərişıq” ASC,“Azərsu” ASC,Dövlət Neft Şirkəti,yerli icra hakimiyyəti orqanları |
8.4. Çayçılıq sahəsində dövlət dəstəyi tədbirləri |
|||
8.4.1. |
Mütərəqqi texnologiyaların tətbiqi yolu ilə iri çayçılıq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi |
2018–2027 |
İqtisadiyyat Nazirliyi,Kənd Təsərrüfatı Nazirliyi,yerli icra hakimiyyəti orqanları |
8.4.2. |
Çayçılıq sahəsində fəaliyyət göstərən fermerlər üçün müasir aqrotexniki, aqrokimyəvi, bitki mühafizəsi, logistika və sair sahələrdə məsləhət xidmətlərinin təşkili |
2018–2027 |
Kənd Təsərrüfatı Nazirliyi,Azərbaycan Milli Elmlər Akademiyası,İqtisadiyyat Nazirliyi,“ABAD” publik hüquqi şəxs |
8.4.3. |
Tinglik müəssisələrinin inkişaf etdirilməsi, ixtisaslaşdırılmış yeni təsərrüfatlar yaradılmasının dəstəklənməsi |
2018–2019 |
Kənd Təsərrüfatı Nazirliyi,İqtisadiyyat Nazirliyi |
8.4.4. |
Çay istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görülməsi |
2018–2027 |
İqtisadiyyat Nazirliyi,Kənd Təsərrüfatı Nazirliyi |
8.4.5. |
Müasir suvarma sistemlərinin tətbiqinin təşviq edilməsi |
2018–2027 |
Kənd Təsərrüfatı Nazirliyi,İqtisadiyyat Nazirliyi,Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
8.4.6. |
Çayçılıq sahəsinin texnika, maşın və mexanizmlərlə təminatının yaxşılaşdırılması |
2018–2027 |
Kənd Təsərrüfatı Nazirliyi,Maliyyə Nazirliyi |
8.4.7. |
Çay plantasiyalarının mineral və üzvi gübrələrlə təminatının yaxşılaşdırılması |
2018–2027 |
Kənd Təsərrüfatı Nazirliyi |
8.4.8. |
Çay emalı müəssisələrinin fəaliyyətinin mütərəqqi texnika və texnologiyalar əsasında bərpası və yeni emal müəssisələrin yaradılmasının dəstəklənməsi |
2018–2027 |
İqtisadiyyat Nazirliyi,Kənd Təsərrüfatı Nazirliyi,Əmlak Məsələləri Dövlət Komitəsi,“ABAD” publik hüquqi şəxs,yerli icra hakimiyyəti orqanları |
8.4.9. |
Çay məhsullarının çeşidinin (yaşıl, sarı, qarışıq və digər bitki növləri ilə birlikdə) artırılmasının təşviqi və dəstəklənməsi |
2018–2027 |
Kənd Təsərrüfatı Nazirliyi,İqtisadiyyat Nazirliyi |
8.5. Çayçılıq sahəsində marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi |
|||
8.5.1. |
Yerli çay məhsulları istehsalçılarının yerli və beynəlxalq bazarlarda marketinq fəaliyyətinin dəstəklənməsi, ixracın təşviqi |
2018–2027 |
İqtisadiyyat Nazirliyi,Kənd Təsərrüfatı Nazirliyi,“Ərzaq məhsullarının tədarükü və təchizatı”ASC,“ABAD” publik hüquqi şəxs |
8.5.2. |
Qabaqcıl çay istehsalçılarının nailiyyətlərinin təşviqi |
2018–2027 |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,Nazirlər Kabineti,Kənd Təsərrüfatı Nazirliyi,İqtisadiyyat Nazirliyi,“ABAD” publik hüquqi şəxs,yerli icra hakimiyyəti orqanları |
8.5.3. |
Çay məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi və mütəmadi olaraq yenilənməsi |
2018–2027 |
Kənd Təsərrüfatı Nazirliyi,İqtisadiyyat Nazirliyi,İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi |