1. Giriş
Müasir dövrdə sosial-iqtisadi proseslərin idarə olunmasında, informasiya məkanının formalaşdırılmasında, ölkələrin inkişaf səviyyəsinin qiymətləndirilməsində rəsmi statistikanın əhəmiyyəti daha da artmışdır. Rəsmi statistika məlumatlarının beynəlxalq müqayisəliliyinin təmin edilməsi üçün milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və dünya statistika sisteminə inteqrasiyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə başlanmış və sonrakı illərdə uğurla davam etdirilmiş islahatlar rəsmi statistikanın da inkişafına güclü təkan vermiş, statistika sisteminin hüquqi bazası yaradılmış, bu sahədə ardıcıl olaraq icra edilmiş 5 dövlət proqramı çərçivəsində milli statistik təsnifatların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin (MHS) qurulması, yeni statistika sahələrinin, müasir metodologiyaların yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən hesabat yükünün azaldılması və rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. İxtisaslaşmış beynəlxalq təşkilatlar da həyata keçirilmiş xarici auditlərin nəticələri əsasında milli statistika sistemində aparılan islahatları yüksək qiymətləndirmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (DSK) “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür.
Dünyada baş verən qlobal siyasi, sosial və iqtisadi proseslər fonunda çevik qərarların qəbul edilməsi, onların icra vəziyyətinin qiymətləndirilməsi üçün adekvat informasiya təminatının təşkili zərurəti statistika sisteminin üzərinə bu gün yeni və daha mürəkkəb vəzifələr qoyur. “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndə qarşıya qoyulmuş məqsəd və hədəflərə çatma vəziyyətinin monitorinqi, müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun statistik məlumatlara, davamlı informasiya dəstəyinə tələbat rəsmi statistikanın yeni çağırışlar əsasında təkmilləşdirilməsini şərtləndirir. Təsadüfi deyildir ki, BMT-nin Dayanıqlı İnkişaf Sammitində üzv dövlətlər statistika potensialının gücləndirilməsini öhdəlik kimi qəbul etmişlər və milli statistika infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbir Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə öz əksini tapmışdır.
Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, milli statistika sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsini, inzibati məlumatlardan istifadəni genişləndirməklə ölkənin dayanıqlı inkişafı ilə bağlı statistik informasiya təminatının təkmilləşdirilməsini, bu hədəflərə çatmaq üçün statistika sahəsində maddi-texniki bazanın və kadr potensialının möhkəmləndirilməsini təmin etmək məqsədi ilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.
2. Dövlət Proqramının məqsədi və vəzifələri
Dövlət Proqramının əsas məqsədi statistika işlərinin ölkədə və beynəlxalq aləmdə cərəyan edən sosial-iqtisadi proseslərə və müasir çağırışlara uyğun təkmilləşdirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi yolu ilə rəsmi statistikanın inkişaf etdirilməsidir. Bu tədbirlərə sosial, iqtisadi və digər sahələr üzrə statistika müşahidələrinin təşkili və metodologiyaların hazırlanması, metaməlumatlar və təsnifatlar, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı, istifadəçi məmnunluğunun artırılması, beynəlxalq əməkdaşlıq, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi istiqamətlərini əhatə edən fəaliyyətlər daxildir.
2.1. Sosial, iqtisadi və çoxsahəli statistika sahəsində, iqtisadiyyatın kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm sektorları, sahibkarlıq, əmək bazarı, qeyri-formal məşğulluq, əlillərin məşğulluğu, uşaq əməyindən istifadə, həyat keyfiyyəti, əhalinin fasiləsiz təhsildə iştirakı, informasiya cəmiyyəti üzrə statistik müşahidələrin təşkili, onlara dair metodologiyaların hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə aşağıdakı vəzifələrin icrası təmin ediləcəkdir:
2.1.1. MHS-nin tələblərinə uyğun olaraq ölkə iqtisadiyyatının strukturunun və sahələrarası əlaqələrin təhlilinə imkan verən ehtiyat və istifadə cədvəllərinin tərtibi;
2.1.2. kənd təsərrüfatının strukturunun, inkişaf meyillərinin, maddi-texniki bazasının, işçi qüvvəsinin, kənd təsərrüfatı məhsullarının sifariş əsasında istehsalı səviyyəsinin və istehsalçıların kooperasiya meyillərinin statistik öyrənilməsi, kənd təsərrüfatı məhsullarının əkin sahəsinə, istehsalına və məhsuldarlığına dair məlumatların əldə edilməsi, əhalinin müxtəlif təbəqələrinin ərzağa əlyetərliyi səviyyəsinin və buna təsir edən amillərin statistik qiymətləndirilməsi;
2.1.3. sənaye müəssisələrində istifadə olunan avadanlıqlar və onların istehsal güclərindən istifadə vəziyyətinin öyrənilməsi, qeyri-formal istehsal da daxil olmaqla, ev təsərrüfatlarında istehsal edilən sənaye məhsullarına dair statistik məlumatların əldə edilməsi;
2.1.4. daxili bazarda idxal mallarının yerli istehsal malları ilə əvəzlənməsi istiqamətində iqtisadi təhlillər aparılması üçün statistik məlumatların hazırlanması;
2.1.5. avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmalarına dair statistik məlumatların əldə edilməsi;
2.1.6. daxili, getmə, gəlmə turizmə dair aktual və ətraflı statistik məlumatların əldə edilməsi, turizm sektoru üzrə təhlillərin aparılması, turizmin satellit hesabının qurulması üçün statistik məlumat bazasının genişləndirilməsi;
2.1.7. qeyri-neft sektorunda biznes mühitinin təhlili, iqtisadiyyatın əsas sahələri və ev təsərrüfatları üzrə istehlakçı əminliyinin, iqtisadi gözləntilərin, biznesin inkişafına mane olan amillərin müəyyənləşdirilməsi, biznes və investisiya mühitinin əlverişliliyinin artırılması məqsədi ilə qərarların qəbulu, mikro, kiçik və orta sahibkarlıqla bağlı vəziyyətin təhlili, proqnozların verilməsi, inkişaf proqramlarının hazırlanması üçün statistik məlumatların əhatə dairəsinin genişləndirilməsi;
2.1.8. əmək bazarının inkişafı ilə bağlı müvafiq qərarların qəbulu üçün informasiya təminatının yaxşılaşdırılması, qeyri-formal məşğulluq səviyyəsinin, əlillərin əmək bazarına inteqrasiyasının, ilk peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğunun, uşaq əməyindən istifadənin xarakteri və miqyasının, əhalinin fasiləsiz təhsildə iştirakı və kitab fondundan istifadə vəziyyətinin statistik öyrənilməsi;
2.1.9. ölkədə ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi;
2.1.10. ev təsərrüfatları üzrə statistik məlumatların əhatəliliyinin və MHS-də istifadə imkanlarının artırılması, əhalinin həyat səviyyəsini səciyyələndirən statistik məlumatların əldə edilməsi, gündəlik vaxt fondundan istifadə vəziyyətinin statistik öyrənilməsi;
2.1.11. ölkə əhalisinin informasiya və kommunikasiya texnologiyalarına əlyetərliyinin və onlardan istifadə vəziyyətinin statistik öyrənilməsi.
2.2. İstifadəçilərin statistik təsnifatlarla bağlı məlumatlılığının yüksəldilməsi, təsnifatlardan daha geniş istifadənin təmin edilməsi üçün onlara dair metaməlumatların hazırlanması əsas vəzifələrdən biri olacaqdır. Bununla yanaşı, statistik məlumatların toplanması, işlənməsi və yayılması, məlumat bazalarının yaradılması üçün tətbiq edilən milli “Məhsul Növləri Təsnifatı”nın, “Sənaye məhsullarının statistik təsnifatı”nın, “Nəqliyyat statistikası üçün yük təsnifatı”nın, “Tullantıların statistik təsnifatı”nın beynəlxalq təsnifatlar əsasında aktuallaşdırılması və BMT-nin “Vaxtdan istifadə statistikası üçün fəaliyyətlərin beynəlxalq təsnifatı” əsasında milli təsnifatın hazırlanması təmin ediləcəkdir.
2.3. Rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatının gücləndirilməsi üçün “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər etməklə, rəsmi statistika sahəsində milli qanunvericiliyin beynəlxalq norma və prinsiplərə uyğun təkmilləşdirilməsi, DİM üzrə əlavə statistik məlumatların əldə edilməsi, inzibati məlumatlardan rəsmi statistikanın məqsədləri baxımından istifadə imkanlarının artırılması üçün dövlət orqanlarının məlumat bazalarının DSK-nın statistik məlumat bazasına inteqrasiyası, respondentlərin üzərinə düşən məlumat yükünün azaldılması, rəsmi statistika materiallarının istehsalı prosesinə çəkilən xərclərin optimallaşdırılması yolu ilə onun səmərəliliyinin yüksəldilməsi, statistik məlumatların toplanması məqsədi ilə tətbiq edilən hesabat formalarının sistemləşdirilməsi və əlaqələndirilməsi, statistika müşahidələrinin və məlumatların keyfiyyətinin yüksəldilməsi üçün reprezentativ seçmə şəbəkəsinin formalaşdırılması qarşıda duran əsas vəzifələrdəndir.
2.4. DİM üzrə statistik məlumatların sistemləşdirilməsi, məlumatların yayılması texnologiyasının təkmilləşdirilməsi yolu ilə onlardan istifadə imkanlarını genişləndirməklə istifadəçi məmnunluğunun artırılması bu Dövlət Proqramı ilə müəyyən edilmiş vacib məsələlərdəndir.
2.5. Beynəlxalq təcrübədən bəhrələnməklə milli statistika potensialının gücləndirilməsi, qabaqcıl milli təcrübə əsasında beynəlxalq metodoloji bazanın təkmilləşdirilməsinə töhfə verilməsi, irihəcmli məlumatlar (Big Data), müəssisələr statistikası və rəsmi statistika materiallarının istehsalı proseslərinin layihələndirilməsi və icrası üzrə işçi heyətinin bilik və bacarıqlarının artırılması, statistik innovasiyaların tətbiqinə dair təcrübə mübadiləsi beynəlxalq əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşdirilmişdir.
2.6. Rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəli təşkili üçün infrastrukturun inkişaf etdirilməsi, istehsal proseslərinin dayanıqlılığının təmin edilməsi və müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə onların səmərəliliyinin yüksəldilməsi, milli statistika kadrlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə müvafiq tədbirlər görüləcəkdir.
3. Dövlət Proqramının əsas istiqamətləri və gözlənilən nəticələr
Dövlət Proqramına ümumilikdə 59, o cümlədən sosial, iqtisadi və çoxsahəli statistika sahəsində müşahidələrin təşkili və onlara dair metodologiyaların hazırlanması üzrə 29, metaməlumatlar və təsnifatlar üzrə 6, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı üzrə 7, istifadəçi məmnunluğunun artırılması üzrə 3, beynəlxalq əməkdaşlıq üzrə 7, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi üzrə 7 tədbir daxil edilmişdir. Dövlət Proqramına daxil edilmiş tədbirlərin icrası nəticəsində aşağıdakılara nail olunacağı gözlənilir:
3.1. Sosial, iqtisadi və çoxsahəli statistika
3.1.1. statistik müayinə keçirməklə, növbəti “ehtiyat və istifadə cədvəlləri”nin BMT, AK, İƏİT, BVF və DB tərəfindən birgə hazırlanmış MHS-nin sonuncu – 2008-ci il versiyasının tələblərinə uyğun qurulması mümkün olacaqdır;
3.1.2. Azərbaycanda növbəti kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi nəticəsində kənd təsərrüfatının dinamikası, strukturu, inkişaf meyilləri, maddi-texniki bazası, işçi qüvvəsi və s. barədə müfəssəl məlumatlar əldə ediləcəkdir;
3.1.3. istehsalçıların müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalında və fermer birliklərində iştirakına, həyətyanı sahələrdə yetişdirilən məhsullara, əhalinin müxtəlif təbəqələrinin ərzağa əlyetərliyi vəziyyətinin və ona təsir edən amillərin öyrənilməsi üçün statistik müayinələrin keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatma vəziyyətinin statistik qiymətləndirilməsinə imkan verəcəkdir;
3.1.4. sənaye müəssisələrində mövcud olan istehsal avadanlıqlarının vəziyyəti və onlardan istifadəyə dair statistik müayinənin keçirilməsi sənaye müəssisələrində mövcud olan istehsal avadanlıqlarının vəziyyəti, yaşı və onlardan istifadə ilə bağlı məlumatların hazırlanmasına, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatma vəziyyətinin statistik qiymətləndirilməsinə imkan verəcəkdir;
3.1.5. ev təsərrüfatlarında istehsal edilən sənaye məhsulları ilə bağlı statistik müayinə nəticəsində ölkədə qeyri-formal istehsal da daxil olmaqla, sənaye məhsullarının istehsalına dair aktual statistik məlumatlar əldə ediləcəkdir;
3.1.6. pərakəndə ticarət şəbəkəsində məhsul növləri üzrə yerli və idxal mallarının satışına dair statistik müayinə nəticəsində pərakəndə ticarət dövriyyəsinin yerli və idxal malları üzrə strukturuna dair statistika formalaşdırılacaqdır;
3.1.7. avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmalarına dair seçmə statistik müayinə vasitəsilə daşınmış yüklərin həcmi, növü, dövriyyəsi, sərnişindaşımalar, sərnişindaşımalarda istifadə olunan nəqliyyat vasitələri, daşınmalardan əldə olunan gəlir və s. göstəricilər üzrə statistik məlumatlar aktuallaşdırılacaqdır;
3.1.8. daxili, getmə, gəlmə turizmə dair statistik müayinənin keçirilməsi turizm statistikası üzrə göstəricilər sisteminin əhatə dairəsinin Ümumdünya Turizm Təşkilatının tövsiyələri əsasında genişləndirilməsinə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatma vəziyyətinin statistik qiymətləndirilməsinə imkan verəcəkdir;
3.1.9. mikro və kiçik sahibkarlıq subyektlərinin siyahıyaalınmasının keçirilməsi, mikro, kiçik və orta sahibkarlıq statistikası üzrə göstəricilər sisteminin hazırlanması və məlumat bazasının yaradılması sahibkarlıq sahəsində ətraflı məlumatları əldə etməyə, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatma vəziyyətinin statistik qiymətləndirilməsinə imkan verəcəkdir;
3.1.10. sahibkarlıq subyektlərinin işgüzar fəallığının, ev təsərrüfatlarının borc yükünün və ölkədəki iqtisadi vəziyyətlə bağlı gözləntilərinin öyrənilməsinə dair seçmə statistik müayinənin keçirilməsi ölkənin biznes mühitində, iqtisadiyyatın əsas sahələrinin inkişafında başlıca meyillərin izlənilməsinə, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatma vəziyyətinin statistik qiymətləndirilməsinə imkan verəcəkdir;
3.1.11. Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında işçi qüvvəsinə dair statistik müayinənin keçirilməsi ölkə və regionlar üzrə işçi qüvvəsi barədə ətraflı statistik məlumatların hazırlanmasına, beynəlxalq təşkilatlara təqdim olunan və beynəlxalq reytinqlərin tərtibində istifadə edilən məlumatların aktuallaşdırılmasına, müvafiq göstəricilər üzrə DİM-ə nailolma vəziyyətinin statistik qiymətləndirilməsinə imkan verəcəkdir;
3.1.12. qeyri-formal məşğulluqla bağlı statistik müayinənin keçirilməsi qeyri-formal məşğul əhaliyə dair cins tərkibi, yaş qrupları, təhsil səviyyəsi və s. göstəricilər barədə məlumatların hazırlanmasına, müvafiq göstəricilər üzrə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatma vəziyyətinin statistik qiymətləndirilməsinə imkan verəcəkdir;
3.1.13. əlillərin məşğulluğu ilə bağlı statistik müayinənin keçirilməsi ölkədə əlillərin məşğulluğuna dair cins tərkibi, yaş qrupları, təhsil səviyyəsi, əlillik dərəcəsi və s. göstəricilər bölgüsündə məlumatların hazırlanmasına, müvafiq göstəricilər üzrə DİM-ə nailolma vəziyyətinin statistik qiymətləndirilməsinə imkan verəcəkdir;
3.1.14. uşaq əməyindən istifadə vəziyyətinin öyrənilməsinə dair statistik müayinənin keçirilməsi cins tərkibi, yaş qrupları, məşğuliyyət növü, iqtisadi fəaliyyət sahələri, məşğulluğa münasibət, məktəbə davamiyyət, sağlamlıq vəziyyəti və s. göstəricilər bölgüsündə uşaq əməyindən istifadəyə dair məlumatların hazırlanmasına, müvafiq göstəricilər üzrə DİM-ə nailolma vəziyyətinin statistik qiymətləndirilməsinə imkan verəcəkdir;
3.1.15. Çoxgöstəricili Klaster Sorğusu (MICS) əsasında reproduktiv yaşda olan əhalinin və uşaqların həyat keyfiyyətini xarakterizə edən dezaqreqasiya olunmuş, beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatlar hazırlanacaqdır;
3.1.16. ev təsərrüfatları büdcələrinin tədqiqatı üzrə statistik müayinə formalarının və metodoloji göstərişlərin beynəlxalq tövsiyələrə uyğun təkmilləşdirilməsi və bu sahədə müayinənin keçirilməsi nəticəsində beynəlxalq müqayisəliliyi təmin edən həyat keyfiyyəti statistikası formalaşdırılacaqdır;
3.1.17. vaxtdan istifadə ilə bağlı statistik müayinənin keçirilməsi əhalinin müxtəlif sosial-demoqrafik qrupları bölgüsündə gündəlik fəaliyyətlər üzrə vaxt sərfiyyatına dair məlumatların hazırlanmasına, müvafiq göstəricilər üzrə DİM-ə nailolma vəziyyətinin statistik qiymətləndirilməsinə imkan verəcəkdir;
3.1.18. əhalinin fasiləsiz təhsildə iştirakı ilə bağlı statistik müayinə metodologiyasının hazırlanması və müayinənin keçirilməsi cins tərkibi, yaş qrupları, təhsil formaları bölgüsündə əhalinin fasiləsiz təhsildə iştirakı üzrə məlumatların hazırlanmasına, ilk peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğuna dair statistik müayinənin keçirilməsi peşə təhsili səviyyəsində kadr hazırlığı ilə əmək bazarının tələbləri arasında tarazlığın qiymətləndirilməsinə, müvafiq göstəricilər üzrə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatma vəziyyətinin statistik qiymətləndirilməsinə imkan verəcəkdir;
3.1.19. ev təsərrüfatlarında informasiya və kommunikasiya texnologiyalarından istifadə ilə bağlı statistik müayinənin keçirilməsi informasiya cəmiyyəti statistikasına dair məlumatların hazırlanmasına, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatma vəziyyətinin statistik qiymətləndirilməsinə imkan verəcəkdir;
3.1.20. kitabxanaların siyahıyaalınmasının keçirilməsi nəticəsində ölkədə mövcud olan kitabxanalar, kitab fondu və ondan istifadə ilə bağlı məlumatlar hazırlanacaqdır.
3.2. Metaməlumatlar və təsnifatlar
Bu istiqamətdə nəzərdə tutulan tədbirlər çərçivəsində milli “Məhsul növləri təsnifatı”nın, “Sənaye məhsullarının statistik təsnifatı”nın, “Nəqliyyat statistikası üçün yük təsnifatı”nın, “Tullantıların statistik təsnifatı”nın beynəlxalq təsnifatlar əsasında aktuallaşdırılması və BMT-nin “Vaxtdan istifadə statistikası üçün fəaliyyətlərin beynəlxalq təsnifatı” əsasında milli təsnifatın hazırlanması beynəlxalq müqayisəliliyi təmin edən təsnifləşdirmə sisteminin formalaşmasına xidmət edəcək, hazırlanacaq metaməlumatlar hesabına isə ölkədə tətbiq edilən statistik təsnifatlar barədə istifadəçilərin məlumatlılığı artacaqdır.
3.3. Rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı
3.3.1. BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının 2016-cı il 29 aprel tarixli plenar iclasında qəbul edilmiş “Rəsmi statistika haqqında” model qanun əsasında “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərlə bağlı hazırlanacaq təkliflər rəsmi statistika sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edəcəkdir.
3.3.2. Dövlət qurumlarının məlumat bazalarının DSK-nın statistik məlumat bazasına inteqrasiyası nəticəsində ölkənin dayanıqlı sosial-iqtisadi inkişafı ilə bağlı çevik qərarlar qəbul edilməsi üçün etibarlı və operativ məlumatlar əldə olunacaq, bununla yanaşı, müvafiq göstəricilər üzrə DİM-ə nailolma vəziyyətinin statistik qiymətləndirilməsi üçün əlavə imkanlar yaranacaqdır. Dövlət qurumlarında inzibati məlumatların istehsalı proseslərinin Statistik Biznes – Prosesin Ümumi Modelinə (GSBPM) uyğunluğuna dair qiymətləndirmənin aparılması inzibati məlumatların keyfiyyətinin yüksəldilməsinə imkan verəcəkdir. Sahibkarlıq subyektlərinin üzərinə düşən statistika yükünün öyrənilməsinə dair sorğunun keçirilməsi hesabatlılıq sahəsində fəaliyyətin optimallaşdırılmasına zəmin yaradacaqdır.
3.3.3. DSK-da rəsmi statistika materiallarının istehsalı proseslərinin idarə edilməsi üzrə işlərin elektronlaşdırılması statistik məlumatların hazırlanmasına sərf olunan vaxtın və xərclərin kağızsız texnologiyanın tətbiqi yolu ilə azaldılmasına imkan verəcək, sənədlərlə işin təşkilində səmərəliliyi yüksəldəcəkdir.
3.3.4. 2019-cu il əhali siyahıyaalınmasının məlumatları əsasında ev təsərrüfatlarının, təsərrüfatbaşına uçot sənədləri əsasında kənd təsərrüfatı ilə məşğul olan ailə kəndli və ev təsərrüfatlarının elektron məlumat bazalarının yaradılması nəticəsində statistika müşahidələrinin təşkili üçün aktual informasiya resursu formalaşacaqdır.
3.4. İstifadəçi məmnunluğunun artırılması
DİM-ə dair statistik məlumat bazasının və internet portalının yaradılması bu sahədə monitorinqin aparılması və ictimaiyyətin məlumatlandırılması üçün əsas vasitə olmaqla, istifadəçilərin tələbatının ödənilməsinə xidmət edəcəkdir. Bununla yanaşı, DSK-nın internet portalında istifadəçilər üçün “Şəxsi kabinet” bölməsinin yaradılması, məlumatların elektron yayım formalarına “machine readible” formatının əlavə edilməsi istifadəçilərin rəsmi statistika məlumatlarından öz tələbat və məqsədlərinə uyğun rahat istifadə imkanlarını artıracaqdır.
3.5. Beynəlxalq əməkdaşlıq
Statistika sahəsində beynəlxalq ekspert və işçi qruplarında DSK mütəxəssislərinin iştirakı, Avropa İttifaqının Statistika Bürosu, BMT-nin ixtisaslaşmış təşkilatları və digər beynəlxalq təşkilatlarla statistika sahəsində əməkdaşlığın davam etdirilməsi, qabaqcıl ölkələrin statistika qurumları ilə ikitərəfli əlaqələrin inkişafı təcrübə mübadiləsinin genişləndirilməsinə, beynəlxalq aləmdə milli statistika sisteminin nüfuzunun yüksəlməsinə, beynəlxalq təşkilatlarla statistika sahəsində əlaqələrin gücləndirilməsinə, ölkə statistikasının inkişafına beynəlxalq təşkilatların metodoloji və texniki dəstəyinin artırılmasına, statistika sahəsində yeni biliklər əldə olunmasının və innovativ yanaşmaların tətbiqinin sürətləndirilməsinə imkan verəcəkdir. Müəssisələr statistikası, irihəcmli məlumatlardan rəsmi statistik məqsədlər üçün istifadə, Statistik İnformasiyanın Ümumi Modelinin tətbiqi üzrə beynəlxalq təcrübənin öyrənilməsi isə statistika sahəsində tətbiq edilən ən yeni texnologiyalara dair bilik və bacarıqların əldə edilməsi, kadr potensialının artırılması üçün əlavə imkanlar yaradacaqdır.
3.6. Maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi
3.6.1. Statistika orqanlarının fiziki və mənəvi cəhətdən köhnəlmiş İKT avadanlıqlarının yenilənməsi rəsmi statistika materiallarının istehsalı proseslərinin müasir tələblərə uyğun qurulmasına, müvafiq proqram təminatlarının, məlumat bazalarının idarə edilməsi sistemlərinin alınması və tətbiqi isə statistik məlumatların toplanması, işlənməsi və yayılması proseslərinin müasirləşdirilməsinə imkan verəcəkdir. DSK-nın və bir sıra rayon statistika idarələrinin inzibati binalarının əsaslı təmiri, habelə bəzi rayon statistika idarələri üçün yeni inzibati binaların tikilməsi mühəndis-kommunikasiya sistemlərinin fəaliyyətinin etibarlılığını təmin edəcək, statistika orqanlarında çalışan işçilərin əməyinin səmərəliliyinin artırılmasına şərait yaradacaqdır.
3.6.2. DSK işçilərinin ixtisaslaşmış təlim-tədris mərkəzlərində qısamüddətli və uzunmüddətli təlimlərdə iştirakının təmin edilməsi, modul tipli statistik təlim proqramlarının tətbiqi yolu ilə yerli statistika orqanlarının işçiləri üçün tematik təlimlərin təşkili yüksək hazırlıqlı kadr resurslarının formalaşdırılmasına, kadr potensialından səmərəli istifadənin təmin edilməsinə, statistika sahəsində peşəkar kadrların yetişməsinə təkan verəcəkdir.
4. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə təminatı
Dövlət Proqramında müəyyən edilmiş tədbirlər dövlət büdcəsində DSK-ya bu məqsəd üçün nəzərdə tutulan vəsait və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.
5. Dövlət Proqramının həyata keçirilməsi üzrə
T Ə D B İ R L Ə R P L A N I
Sıra№-si |
Tədbirinadı |
Tədbirinməqsədi |
Gözlənilənnəticələr |
İcraçılar |
İcra müddəti(illər üzrə) |
---|