Səncərədi kəndi rayonumuzda qəhrəman , igid, cəsur oğulları ilə məşhurdur. Belə fədakar oğullardan biri də çətin peşə sahibi, rayonumuzun ilk təyyarəçisi kimi tanınan I dərəcəli pilot Natiq Hərif oğlu Salmanovdur.

O 1949-cı ildə ziyalı Hərif Salmanovun ailəsində dünyaya göz açıb. Ailədə ilk oğul övlad olan Natiq hələ uşaq yaşlarından yaraşıqlı, boy-buxunlu, sarıbəniz olduğuna görə atası və kənd sakinləri  onu ilk təyyarəçi kosmonavt Yuri Qaqarinə bənzədirdilər. 1965-ci ildə Astara şəhər 1 saylı orta məktəbi bitirərək ordu sıralarına gedib. Tərxis olunduqdan sonra Rusiyanın Norilsk şəhərinə işləməyə yollanır. Sürücülüklə məşğul olur. Atasının arzusunu həyata keçirərək Moskva Ali Aviasiya məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra təyyarəçi pilot kimi Rusiyanın Norilsk şəhərində Dövlət Mülki Aviasiyasında təyyarəçi-pilot, bort mexanik-mühəndis vəzifəsində işləyir. İşlədiyi qısa müddətdə özünü nümunəvi, intizamlı , cəsur təyyarəçi kimi tanıdır. O AN-24 , AN-26, AN-32, İL-76 yük daşıyan təyyarələrlə  dünyanın bir çox xarici ölkələrinə, xüsusən o dövrdə aclıqdan əziyyət çəkən Afrika ölkələrinə , Şimal Buzlu okeanı ətrafında fəaliyyət göstərən ekspedisiya üzvlərinə kömək məqsədilə çox saylı uçuşlar edib. Göstərdiyi xidmətləri layiqincə qiymətləndirilib.
Uzaq Rusiyada işləməsinə baxmayaraq o daim doğma Azərbaycanla , doğulub boya-başa çatdığı Astara rayonundakı qohum-qardaşları ilə  əlaqə saxlayır. İgid həmyerlimiz erməni işğalçıları tərəfindən Azərbaycan ərazilərinin zəbt olunmasından ciddi narahatlıq keçirərək doğma Vətəninə qayıtmağı üstün tutur.  Öz istedad və bacarığını xalqımızın ağır günündə Vətən üçün istifadə edir. I dərəcəli təyyarəli pilot kimi AZAL-da fəaliyyətə başlayır. Göylərin şahin oğlu öz həyatını təhlükəyə ataraq işğal altında qalan rayonlarda köməksiz dinc əhalini təhlükəli ərazidən xilas etmək üçün helikopter və təyyarələrlə Qarabağ səmasında uçuşlar edir, xüsusən Naxçıvanın blokada şəraitində yaşayan əhalisinə ərzaq və digər lazımı məhsulların daşınmasında müstəsna fədakarlıqlar göstərir. N.Salmanov 1991-ci ildən 1998-ci ilə qədər Azərbaycanın Milli Aviasiyasında mühüm tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgələrinə uçuşlar edir. Onun fədakar əməyi həmişə yüksək qiymətləndirilib, mükafatlara layiq görülüb.
 1998-ci ildə ehtiyata buraxılaraq təqaüdə çıxan Natiq Salmanov  63 yaşında dünyasını dəyişib, doğulub boya-başa çatdığı Səncərədi kəndində dəfn edilib. Bu gün Səncərədi kənd sakinləri igid həmyerliləri, Astaranın ilk təyyarəçilərindən olan Natiq Salmanovla fəxr edirlər. Onu tanıyanlar, xatirəsini əziz tutanlar göylərin şahin oğlunun məzarını ziyarət edir, gül-çiçək düzür, hörmətlə yad edirlər.

Fəxrəddin Məhərrəmov

Astarainfo.az