Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) ölkəmizin cənub bölgəsində təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların ikinci günündə seçki hüququ üzrə müxtəlif məsələlər müzakirə olunub.
Fevralın 20-də 77 saylı Astara seçki dairəsində keçirilən kurslarda dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Təlim məşğələsində MSK-nın üzvü Nizami Nadirov “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri”, Astara Rayon Polis Şöbəsinin rəisi Adil Həsənov “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının sədri Hikmət Əkbərov “Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili” mövzularında çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, qarşıdan gələn prezident seçkilərinə hazırlıq məqsədi ilə təşkil olunan ixtisaslaşdırılmış kurslar seçkilərin beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirilməsində mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, əvvəlki seçkilərdə olduğu kimi, növbəti prezident seçkilərində də obyektivliyin təmin olunması üçün ölkəmizdə hər cür şərait yaradılıb. Dairə və məntəqə seçki komissiyaları üzvlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri var.
Seçki prosesinin bütün mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayan natiqlər dairə seçki komissiyaları üzvlərinin məntəqə seçki komissiyalarında maarifləndirmə istiqamətində zəruri işlər aparmalarının vacibliyindən də danışaraq, seçki prosesində mənfi hallara qarşı mümkün olan bütün işlərin görülməsinin vacibliyini diqqətə çatdırıblar.
Qeyd olunub ki, aprelin 11-də ölkəmizdə növbəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçməsi, ilk növbədə, seçki məntəqələrində səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkil edilməsindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən asılıdır. Demokratik seçkilərin keçirilməsi üçün möhkəm qanunvericilik bazası yaradılıb, ictimai-siyasi sabitlik təmin edilib.
Tədbirdə MSK-nın hüquq şöbəsinin böyük məsləhətçisi Cavid Zeynalov da iştirak edib.
Həmin gün 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara və 78 saylı Lerik seçki dairələri dairə seçki komissiyalarında da ixtisaslaşdırılmış kurslar keçirilib. Kurslarda seçki hüququna dair müxtəlif məsələlər barədə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.AZƏRTAC-Bağır Əliyev
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...