Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir

Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanışının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələri xüsusi coşqu ilə bayram edir.
Fevralın 27-si Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ilki – Su çərşənbəsidir.
AMEA Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinin müdiri Ağaverdi Xəlil və institutun böyük elmi işçi Atəş Əhmədli AZƏRTAC-ın müxbirinə Novruz çərşənbələrində su ilə bağlı xalqımızın adət-ənənələrindən və inanclarından danışıblar.
“Rəvayətə görə, Tanrı ilk insanı – Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın – Novruzun müjdəçiləri olan Su, Od, Yel və Torpaq çərşənbələri yaranıb”, – deyə Ağaverdi Xəlil bildirib.
Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə – Su çərşənbəsi fevralın 27-də, Od çərşənbəsi martın 6-də, Yel çərşənbəsi martın 13-də, İlaxır çərşənbə – Torpaq çərşənbəsi isə martın 20-i qeyd ediləcək. El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir.
Şöbə müdiri qeyd edib ki, Su çərşənbəsi xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Bu çərşənbə həm də suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində evlər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.
Novruz mərasimlərində su ilə bağlı ayin və adətlərin xüsusi yer tutduğunu deyən folklorşünas qeyd edib ki, bölgələrimizdə bu mərasimlər özünəməxsus şəkildə qeyd olunur. Şəkidə əzəl çərşənbədə sübh tezdən bulaq başına gəlirlər:
Ağırlığım-uğurluğum suya,
Azarım-bezarım suya, – deyib, su üstündən atlanırlar. Sonra əl-üzlərini yuyur, bir-birlərinin üstünə su atırlar. Xəstəliyə tutulanları da su üstündən hoppandırırlar. Adamlar günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and içib, “Su haqqı, pis iş görməyəcəm”, – deyirlər. Sonda suyun ətrafında əl-ələ tutub oxuyurlar:
Sel çapar,
Su çapar,
Bir günah işlətmişəm,
Gəl onu,
Yel apar…
Ananın bir balası,
Nəyə möhtac qalası?
Meylin kimə salası?
Su axar, yolun tapar,
Su olmaz, ölüm qapar.
Suya verdiyin itməz,
Susuz buğda, ot bitməz.
Suyu bol olan elin
Əyənməz düşmən belin.
Su gəlsin, duru gəlsin,
Yazın uğuru gəlsin.
Söhbəti davam etdirən Atəş Əhmədli vurğulayıb ki, günahlardan təmizlənmə ilə bağlı bir sıra adət-mərasimlər də var. O, buna bir neçə misal göstərib.
Naxçıvan bölgəsi: belə mərasimlərdən biri “İlin on üçü” adlanır. Maraqlısı odur ki, mərasimin mahiyyətində “yalan yuma” adəti dayanır. Bayramdan iki gün sonra arvadlı-kişili, oğullu-uşaqlı bir çayın qırağına yığışar, yeyib-içər, kim də nə qədər istəyər, o qədər yalan danışar. Gün batana yaxın əllərini çayda yuyub deyərlər: “Bu yalanların hamısını axıtdıq suya, bununla da yalan qurtarır”.
Bu mərasim zamanı evdə əriştə də bişirilir. Odur ki, deyərlər: “Əriştə – əlin işdə”. Yeməkdən sonra da hər kəs öz bağçasına gedər. Bayramdan qalma səmənilər o vaxtadək saralıb-solur. Onları da suya atarlar. Bəzi yerlərdə isə suya atmırlar. “İlin on üçü”ndə qız-gəlin aparıb bağçada torpağın üstünə qoyar. Həmin gün qadınlar evə kibrit, kişilər isə odun gətirər.
Ağbaba bölgəsi (Qərbi Azərbaycan): ilin təhvil olunduğu gecə “sulaşma” deyilən mərasim olardı. Bu vaxt evdə yatanların üzünə su çilənərdi. Bu, qaramatın, yəni tənbəlliyin aradan qalxması, adamların da ayıq olmasını arzulamaq anlamına gəlir. Heç kəs su çiləməyə görə narazılıq edə bilməzdi, yəni, el adətinə xilaf çıxmaq olmaz.
“Su aydınlıqdır” deyiblər. Ona görə də ilin axır çərşənbəsində hamı bir-birinin üstünə su çiləyir ki, təzə il onlar üçün uğurlu olsun.
İnanclarda xüsusilə axır çərşənbə gecəsinin suyundan bəhs olunur. Bu su qeyri-adidir: o, dərd-bəlanı yox edir, xeyir-bərəkət gətirir.
Göyçə bölgəsi: Novruz bayramında kim gün çıxmamış hamıdan tez bulaqdan su gətirib onunla xəmir yoğursa, o evdən bərəkət heç vaxt əskik olmaz. Burada əsas məsələ suyun ilkin su olmasıdır. İnanca görə, il təhvil olandan sonra ilk dəfə gələn su pak və möcüzəli sudur.
Qaraqoyunlu və Dərələyəz bölgəsi (Qərbi Azərbaycan): axır çərşənbə gecəsinin səhəri sübh tezdən durub axar su üstünə gedər, suya salam verib, üstündən üç dəfə atlanardılar. Sonra da həmin sudan bir qab gətirib, həyət-bacaya, evin dörd bucağına səpərdilər. Belə etdikdə il xoş gələr, ağrı-acı görməzsən.
Axır çərşənbə axşamının səhərisi evdə uşaqdan böyüyə nə qədər adam varsa, gedib hamısı axar su üstündən üç dəfə atılar, sonra da həmin axar suyun əl-ayaqdan uzaq bir səmtində saxsıdan bir qab sındırıb deyərdilər: “Nə ki ağrı-acımız, qada-balamız varsa, hamısı bax bu suynan getsin”.
İlin axır çərşənbəsində gecə yarısı yuyunub pak olduqdan sonra axar suyun qırağında oturub niyyətini ona danışsan, istəyinə çatarsan. Dərdini, azarını, ağrını suya söyləsən, su gecə vaxtı hamısını özü ilə aparar.
Şəki-Zaqatala bölgəsi: bölgə sakinlərinin inancına görə, yazda birinci sel gələndə kim onun suyundan içərsə, bütün xəstəlikləri sağalar.
Quba-Şabran bölgəsi: Novruz bayramından iki gün əvvəl bulaqdan, yaxud çaydan – axar sudan “lal su” gətirilir. Su gətirməyə gedən şəxs qabı əlinə götürəndən ta suyu gətirib evdə iynə salınacaq qaba tökənəcən dinməməlidir. Həmin su şər qarışandan sonra gətirilir və onu gətirən şəxs bir neçə nəfər tərəfindən müşayiət oluna bilər. Suyu qaba tökəndən sonra iki iynənin gözünə pambıq dolayır və hərəsini bir tərəfdən suya salırlar. Sonra iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Uğurlu halda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə gedir və bir-birinə qovuşmur. İynə suyun dibinə çökərsə, deməli, su “lal su” deyil.
Gəncəbasar bölgəsi: axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini işarələyirlər. Dolçaların ikisini də bir uşağa verib suya göndərirlər. İşarələdiyin qab dolu gələrsə, niyyətinə çatarsan.
Zəngəzur bölgəsi: axır çərşənbənin səhəri o başdan durub, səhəngi götürüb, bulağa gedirlər. Üç dəfə bulağın üstündən atlanırlar. Hər dəfə də “ağırlığım-uğurluğum bu suda qalsın” deyirlər. Bulaqdan beş daş götürüb səhəngə atırlar ki, ağırlıq-uğurluq onun içində qalsın. Ətrafdan beş ədəd ot da qırıb səhəngə atılır. Bu isə ona işarədir ki, səhəng qayıtdığı evə ruzi-bərəkət gəlsin. Evdə həmin səhənglə gətirilən su on beş gün ərzində içilir. Sonra daşları evin künclərinə atırlar. Daşlar növbəti Novruza qədər evin küncündə, ot isə səhəngin içində qalır.
Su ilə bağlı belə inanclar da var: süfrəyə su dağılması aydınlıqdır. Lal axan sudan keçməzlər. Su çərşənbəsində övladı olmayan qadının başından su töksən, övladı olar. Qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su töksən, qorxusu keçər. Qorxunu götürmək üçün Su çərşənbəsində adama qorxduğu yerdə su içirdərlər.