Astara Rayon Mərkəzi Kitabxanasında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr edilmiş “Nəsimi poeziyası” mövzusunda bədii qiraət müsabiqəsinin birinci turunun qalibi məlum olub.
Müsabiqənin birinci mərhələsində Astara şəhər 1, 2, 3, 4, 5 və 6 nömrəli, Kijəbə qəsəbə, Pensər, Təngərüd, Səncərədi, Şahağac, Siyakü kənd tam orta məktəblərindən 38 şagird iştirak edib.
Tədbirdə çıxış edən Astara Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Tural Eyvazov görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından danışıb.
Məktəblilər İmadəddin Nəsiminin yaradıcılığından müxtəlif qəzəllər və qəsidələr ifa ediblər.
Münsiflər heyətinin qərarına əsasən müsabiqədə fərqlənən 6 nəfərə fəxri fərman verilib.
Siyakü kənd tam orta məktəbin X sinif şagirdi Ruhiyyə Quluzadə qalib elan olunub və müsabiqənin birinci turunun ikinci mərhələsində iştirak etmək hüququ qazanıb.

Astarainfo.az