Rayonumuzun iri yaşayış məskənlərindən olan Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 7 kənd daxildir. Burada 1303 təsərrüfatda 5509 əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti çayçılıq, sitrusçuluq, heyvandarlıq, arıçılıqdır. Son illər əraziyə daxil olan, Şuvi, Sərək, Səlivə və Deqədi kəndlərinin ərazilərində 190 hektar yeni əkin sahəsi salınmış, bunun da 90 hektarı çay plantasiyalarından ibarətdir. Bu əkin sahələrindaə 6 briqada fəaliyyət göstərməklə 320 nəfərdən çox insan daimi işlə təmin olunmuşdur.
Son illərdə nümayəndəlikdə abadlıq-quruculuq işlərinə diqqət xeyli artmışdır. Ərçivan-Şuvi-Qapıçıməhəllə avtomobil yolu asfaltlaşdırılmış, Şuvi kəndində 480 yerlik müasir tipli orta məktəb binası inşa edilərək istifadəyə verilmiş, bir neçə kənd qazlaşdırılmışdır. Əhalini narahat edən məsələlərdən biri də Siyatük kənd ibtidai məktəb binasının qəzalı vəziyyətdə olması idi. Əvvəlki səyyar qəbul və görüşdə kənd sakinlərinin müraciətlərindən biri də məktəb barəsində idi. Rayon rəhbərliyinin yaxından köməkliyi ilə məktəb binasının tikintisinə başlanılmış, 56 şagird yerlik binada hazırda tikinti işləri başa çatdırılmaq üzrədir.
Martın 6-da Şuvi kəndində rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin keçirdiyi səyyar qəbul və görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. Görüşdə kənd sakinləri – Aqil Əhmədov, Ceyhun Babayev, Zikrulla Salayev, Günel Məmmədova, Səfər Abdullayev, Rəhimə İskəndərova, Əflan İbrahimov, İmaməli Məmmədov, Manaf Baxşıyev və başqaları respublikanın hər yerində olduğu kimi Astara rayonunda da bütün sahələrdə inkişafın geniş vüsət aldığını, xüsusən tikinti-quruculuq və abadlıq işlərinin sürətləndirilməsini razılıqla qeyd edərək əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Rayon rəhbərliyinin köməkliyi ilə sakinlərin qaldırdıqları problemlər vaxtında öz həllini tapmış, nümayəndəlikdə sitrus və çayçılığa daha çox qayğı göstərilməsi öz bəhrəsini vermişdir.
Çıxış edənlər həmçinin, çay sularının bir hissəsini yuduğu Deqədi-Sərək yolunun təmiri, yuxarı Şuvi yaşayış massivində əlavə elektrik transformatorunun qoyulması, Deqədi kənd ümumi orta məktəb binasının yaxınlığından keçən yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi, Sərək kənd tam orta məktəbi və Şuvi kənd uşaq bağçası üçün yeni binanın tikintisi və digər məsələlər barədə təkliflərini vermişlər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev həlli qısa müddətdə mümkün olan məsələlər barədə müəssisə rəhbərlərinə tapşırıqlar vermişdir. İcra başçısı Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir. Rayonumuzda aparılan geniş abadlıq və quruculuq işləri, ucqar dağlıq kəndlərə gedən avtomobil yollarının asfaltlaşdırılması, yeni park və xiyabanların salınması, kəndlərin qazlaşdırılması, elektrik xətt təsərrüfatının yeniləşdirilməsi sahəsində görülən işlər barədə söhbət açaraq, həmçinin cənab Prezidentin tövsiyəsi və tapşırığına uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində rayonda həyata keçirilən səmərəli işləri diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, nümayəndəliyin Səlivə və Deqədi kəndlərinin təbii qazla təmin edilməsi istiqamətində işlərə start verilmiş, aidiyyəti qurumun mütəxəsisləri ərazidə layihələşdirmə işlərinə başlamışlar.
İcra başçısı son dövrdə Şuvi kəndində torpaqlardan səmərəli istifadə edilməsinə diqqətin artdığını razılıqla qeyd etmiş, nümayəndəlikdə xüsusən çayçılığın bərpasını təqdirəlayiq hesab etmişdir. Astara çayının şöhrəti ilbəil artır. Ona görə də çalışmalıyıq ki, əkinə yararlı mövcud torpaq sahələrinin hamısından səmərəli istifadə olunsun.
Rayonun ayrı-ayrı yaşayış məntəqlərində, o cümlədən Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində son illər yüz hektarlarla kənd təsərrüfatına yararlı torpaq sahəsi əkin dövriyyəsinə qaytarılmaqla, çayçılıq, sitrusçuluq, çəltikçilik sahəsində uğurlu nəticələrə nail olunduğunu qeyd edən natiq, cənab Prezidentin arıçılığın inkişafına dövlət dəstəyinin artırılması barədə Sərəncamının da rayonumuz üçün xarakterik sahələrdən biri olan arıçılığın daha səmərəli inkişafına imkanların yaradacağını diqqətə çatdırmışdır.
Tam cəsarətlə demək olar ki, görülən çoxmiqyaslı tikinti-quruculuq, abadlıq işləri nəticəsində Astara bölgəmizin, bir növ mərkəzinə çevrilmişdir. Kənd sakinlərinin qaldırdıqları təkliflər əsasında bir çox mühüm məsələlər həllini tapmış, bundan sonra da təkcə Şuvi kəndində deyil, rayonun bütün yaşayış məntəqələrində vətəndaşların müraciətlərinin icrasından ötrü var-qüvvəmizi sərf edəcəyik.
İcra başçısı Siyatük kənd ibtidai məktəbində tikinti işlərinin gedişi ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.
Astarainfo.az