Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev  martın 9-da Siyaku kənd inzibati  ərazi dairəsi üzrə nümayəndəliyinin Şağlazüzə kəndinin sakinləri ilə görüşmüşdür.
İcra başçısı kənd  sakinlərini salamlayaraq onlarla bir neçə dəfə Şağlazüzədə və nümayəndəliyin ayrı-ayrı kəndlərində səyyar qəbul və görüş keçirdiyini bildirmiş, verilən təkliflər və qaldırılan problemlərin həlli istiqamətində görülən tədbirləri diqqətə çatdırmışdır. Hazırda əhali ilə  görüşərək arzu və təkliflərini, narahatlıq doğuran məsələlərin həllinə köməklik etmək məqsədi ilə gəldiyini  bildirmişdir.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanəhməd Zahirov  nümayəndəlikdə görülən işlər barədə məlumat vermişdir. O, sakinlərlə mütəmadi görüşə gəldiyinə görə icra başçısına əhali adından təşəkkür və minnətdarlığını ifadə etmişdir.  Ölkə Prezidentinin diqqət və qayğısı ilə Respublikanın digər rayonları kimi Astara rayonunun, o cümlədən, Şağlazüzə kəndinin də abad bir məkana çevrildiyini bildirmişdir. Yerli iş adamları tərəfindən son bir ildə kənddə 20 ha ərazidə  salınmış yeni sitrus bağlarında xeyli adamın işlə təmin olunduğunu qeyd edərək sahibkarlar üçün yaradılan əlverşli şəraitdən razılıqla danışmışdır.  Kəndə asfalt yolun, təbii qaz xəttinin çəkilişinin, yeni məktəb binasının tikintisinin, fasiləsiz elektrik enerjisi ilə təminatın əhali üçün çox böyük və qiymətli hədiyyə olduğunu bildirərək bu qayğı və diqqətə görə ölkə başçısı möhtərəm Prezident İlham Əliyevə minlərlə kənd sakini adından hədsiz məhəbbət və ehtiramlarını çatdırmışdır.
Kənd sakini Əhmədşah Quliyev, Hacıkişi Fətəliyev, İmamməddin Fətəliyev, Radik Mahmudov, Qəmbər Qəmbərov, Əbdülhüseyn Hüseynov, Süleyman Zahirov və başqaları da çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində ölkədə və rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərindən razılıqla söhbət açmışlar.
 Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək  əvvəlki görüşlərdə zaman-zaman həllini gözləyən məsələlər barədə qaldırılan problemlərin artıq olmadığını, bunun ürəkkaçan olduğunu bildirmişdir. Bu problemlərin həllində kənd sakinlərinin yüksək əməyinin olduğunu vurğulamış, onlara minnətdarlıq etmişdir. Son dövrdə ölkənin hər yerində olduğu kimi rayonumuzda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını qeyd edərək təkcə son beş ildə rayonda onlarla yeni məktəb binalarının inşa edildiyini, ən ucqar dağlıq ərazilərə gedən avtomobil yollarına yüksək keyfiyyətli asfalt döşəndiyini, əksər yaşayış məntəqələrinin qazlaşdırıldığını, əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edildiyini və digər sosial yönümlü tədbirlərin həyata keçirildiyini xatırladaraq insanlarımızın rifahının yaxşılaşmasına xidmət edən bu cür tədbirlərin gələcəkdə daha geniş miqyasda davam etdiriləcəyini bildirmişdir.
Bu il nümayəndəlik ərazisində elektrik xətt təsərrüfatının tamamilə yeniləşdiriləcəyi, qazlaşdırılmayan kəndlərin qazlaşdırılacağı, Pensərçayda sahilbərkitmə işlərinin aparılacağı barədə də sakinlərə məlumat vermişdir.
Ölkəmiz dünyada siyasi sabitliyi, yüksək iqtisadi göstəriciləri ilə tanınır. Ən mühüm beynəlxalaq tədbirlərin burada keçirilməsi müstəqil dövlətimizin dünya ölkələri arasında xüsusi yeri olduğunu bir daha sübut edir. Bütün bu uğurların  ilk növbədə Ulu Öndərimizin siyasi varisi, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin gərgin və səmərəli fəaliyyətinin ürəkaçan bəhrələri olduğunu qeyd edən icra başçısı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi böyük layihələrdən danışmışdır.
İcra başçısı görüş iştirakçılarının diqqətini aprelin 11-də keçiriləcək mühüm siyasi kampaniyaya – Prezident seçkilərinə  yönəldərək insanların ölkəmiz üçün taleyükülü bu məsələdə yüksək siyasi iradə göstərəcəyinə, dövlətimizin və xalqımızın parlaq gələcəyinə səs verəcəyinə inandığını vurğulamışdır.
İcra başçısı eyni zamanda kənd təsərrüfatı sahələrinin dirçəldilməsinə diqqətin artırılmasının vacibliyindən söhbət açmışdır. Bildirmişdir ki, torpağa qayıdış, torpaqıardan səmərəli istifadə etmək ölkədə ərzaq bolluğunun yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması və insanların güzəranının yaxşılaşdırılması deməkdir.
 Bütün qüvvələri səfərbərliyə almaqla istifadəsiz qalan torpaq sahələrinin əkin dövriyəsinə qaytarılmasının vacibliyini xüsusi vurğulayaraq  qeyd etmişdir ki, rayonumuzun torpaqları münbit və bərəkətli olduğuna görə hər qarışının əkilməsinə çalışmalıyıq. Əkinə yararlı torpaq sahələrindən daha səmərəli istifadə edilməli, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı üçün yaratdığı imkanlardan maksimum istifadə edərək ölkədə ərzaq bolluğuna sanballı töhfələrimizi verməliyik.
Astarainfo.az