Astarainfo.az xəbər verir ki, martın 13-də rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Astarada “Çay və Sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarı giriş sözü ilə açan rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov Astarada bu istiqamətdə elmi-praktik seminarların keçirilməsinin vacib olduğunu bildirmiş və qeyd etmişdir ki, regionların sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə ölkə başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar bütün rayonlarda olduğu kimi Astarada da uğurla həyata keçirilir. Vurğulamışdır ki, qeyri-neft sektorunun inkişafını stimullaşdıran təsərrüfat sahələrindən biri də çayçılıqdır. Bu məhsulun becərilməsi üzrə Azərbaycanda zəngin təcrübə var. Çayçılıq bizim üçün ənənəvi və populyar sahədir. Bu dadlı və xeyirli məhsulun ölkəmizdə istifadəsi mühüm qida növləri sırasındadır. Buna görə də çayın istehsalı, istehlakı və satışı əhalinin daim diqqət mərkəzindədir. Hətta elə əhali təbəqəsi var ki, çay onun üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi cəmiyyətin bu tələbatının ödənilməsində əsaslə rol oynamaqla bərabər həm qeyri-neft sektorunun genişlənməsinə müsbət təsir göstərəcək.
Bundan başqa Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Artıq sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək Azərbaycanda sitrus meyvələri istehsalının həcminin 100 min tona çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda sitrus meyvəçiliyi ənənələrinin inkişaf etdirilməsinə, sitrus meyvələrinə olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, sitrus meyvəçiliyi ilə məşğul olan rayonlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək. Bundan başqa sitrus meyvə istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək. Eyni zamanda, Tədbirlər Planına əsasən sitrusçuluq sahəsində mövcud standartlar beynəlxalq tələblərə uyğunlaşdırılmalı, bu sahədə fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyası təşviq olunmalı, istehsal və ixrac sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələr genişləndirilməli, mütərəqqi sığorta mexanizmi yaradılmalıdır. Həmçinin sitrus meyvəçiliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub.
Daha sonra AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru professor Fərman Quliyev çay və sitrus plantasiyalarının salınması, inkişafı,onlara düzgün şəkildə aqro-texniki qulluğun göstərilməsi, becərilməsi, əkilməsi istiqamətində öz fikirlərini geniş məruzə ilə seminar iştirakçılarına çatdırmışdır.
Seminarda Hirkan Milli Parkının direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Hacıağa Səfərov, LDU-nin kimiya-biologiya fakültəsinin dossenti İsa Hüseynov, Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, Tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov və fermerlər iştirak etmişlər.
Müzakirələr ətrafında davam edən seminarda fermerlərin çıxışları dinlənilmiş onları maraqlandıran sualları cavablandırılmışdır.
Astarainfo.az