“Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrini uğurla həyata keçirib”.
 Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı qeyd edib ki, hazırda 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur: “Bu layihəyə 40 milyard dollar sərmayə qoyulacaq. Boru kəmərləri Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verir. Milli təhlükəsizlik bir çox hallarda enerji təhlükəsizliyindən asılıdır. Azərbaycan nefti Avropada bəzi ölkələrini neftə tələbatının 40 faizini təmin edir. Biz bu il “Şahdəniz-2″ fazasını istifadəyə verəcəyik. Biz inanırıq ki, yaxın tarixdə bu fazanın açılışını edəcəyik”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin regional əməkdaşlığı uğurla davam edir: “Keçən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu xətdən istifadə etməklə iki həftə ərzində Asiyadan Avropaya yüklər daşına bilər. Asiya və Avropadan olan tərəfdaşlarımız bu dəmir yolundan istifadə etməkdədir və dəmir yoluna maraq artmaqdadır. Bu layihə üzrə marşrutun təşviq olunmasına çalışırıq”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın məramı Asiya və Avropa, müsəlman və xristian dünyası arasında anlaşmanı gücləndirməkdir: “Həyata keçirdiyimiz layihələr nəticəsində regionda 10 minlərlə iş yeri açılır. Azərbaycan regionda sabitləşdirici rol oynayır və onun bu rolu yüksək qiymətləndirilir”.APA