Martın 15-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının Astara-Quba-Qusar-Xaçmaz marşrutu iştirakçılarının yola salınması mərasimi keçirilib.
Mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, valideynlər, şəhər sakinləri iştirak ediblər.
Qrupun rəhbəri Şərəbanu Məmmədova deyib ki, dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən tur-aksiyanın iştirakçıları – Astara rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri bu gün Quba rayonuna yola düşürlər. Aksiyanın iştirakçıları Quba, Qusar və Xaçmaz rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar.
Tur-aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını vurğulayan qrup rəhbəri şagirdlərin və müəllimlərin ölkəmizi daha yaxından tanımaları üçün yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.
Astara şəhər 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Nuray Həsənzadə deyib: “Azərbaycanın tarixi, mədəniyyət abidələri ilə əyani tanışlıq hamımızın ürəyincədir. Quba, Qusar və Xaçmaz rayonlarının qədim tarixi, adət-ənənələri, mədəniyyət və incəsənəti bütün dünyada məşhurdur. Bunları görmək bizə də nəsib olacaq. Məktəblilər üçün bu imkanı yaradanlara minnətdarlığımızı bildiririk.”
Quba-Qusar-Xaçmaz bölgəsində son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları dörd gün müddətində bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək erməni vəhşiliyinin əyani şahidi olacaqlar.
İştirakçılar yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbədə, Quba xalçaçılıq emalatxanasında, Cümə məscidində, Tağlı körpüdə, “ASAN həyat” kompleksində, qolf meydançasında və digər yerlərdə də olacaqlar.
Məktəblilər Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzi, Şeyx Cüneyd türbəsi, Şəxsiyyətlər Muzeyi, Çənlibel parkı, Xalça Muzeyi ilə tanış olacaqlar.
Şagirdlərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.
Bu gün “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəran, Lerik və Yardımlı rayonlarının məktəbliləri də “Quba-Qusar-Xaçmaz” marşrutu üzrə şimal bölgəsinə səyahətə başlayıblar.AZƏRTAC
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...