Azərbaycanın şimal bölgəsinin tarixi məkanlarına, muzeylərinə ekskursiyanı səbirsizliklə gözləyirdim. Bu gün Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə, Quba Soyqırımı Memorial Kompleksində, Cümə məscidində və başqa görməli yerlərdə olacağıq. Bu səyahət bizim Quba, Qusar, Xaçmaz rayonları haqqında biliklərimizi zənginləşdirməklə yanaşı, yeni dostlar qazanmağımıza şərait yaradır.
Astarainfo.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbirinə  “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiyaya Astara rayonundan qoşulan Nəzrin Məmmədova bunu müsahibəsində deyib.
Rayonun Ərçivan qəsəbə 1 saylı tam orta məktəbinin 11-ci sinif şagirdi şimal rayonlarına ilk dəfə səfər etdiyini, burada gördüklərindən çox məmnun olduğunu bildirib. “Ekskursiya zamanı gördüyümüz hər bir məkan haqqında daha çox öyrənməyə çalışırıq. Düşünürəm ki, dünyagörüşümüzün formalaşmasında bu tur-aksiyanın böyük əhəmiyyəti olacaq. Artıq iki gündür ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyada iştirak edirəm. Bu ekskursiya bölgələrin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq üçün əvəzsiz imkan, Azərbaycan tarixi və coğrafiyasını barədə əyani dərsdir”, – deyə Nəzrin Məmmədova qeyd edib.