Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında xəsarət alan 2010-cu və 2015-ci il təvəllüdlü azyaşlılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 Astarainfo.az Milli.az-a istinadən bildirir ki, bu barədə report-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, qəza nəticəsində iki qadın yerində keçinib: “Vəziyyətləri orta ağır olan iki azyaşlı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə zamanı daha bir kişi kəllə-beyin travması ilə xəstəxanaya gətirilib”.
Nazirlik rəsmisi qeyd edib ki, hazırda Bakıdan həmin xəstəxanaya reanimatoloqlar göndərilib.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Bakı şəhəri istiqamətində hərəkət edən 10 XN 136 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşınının sürücüsü idarəetməni itirərək avtomobili təmir işləri aparılan ərazidə əvvəlcədən xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq, yol kənarında təmir işləri aparan texnikaya çırpıb. Nəticədə qəza zamanı maşında olan iki sərnişin dünyasını dəyişib, yaralılar var.
Faktla bağlı araşdırma aparılır.
———-
12:16
Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Hacıqabulun Atbulaq kəndi ərazisində “Mercedes” markalı avtomobilin yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində iki qadının öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlardan biri “Mercedes”in sürücüsü, 3-ü isə avtomobildə olan azyaşlılardır.
Xəsarət alan uşaqlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar.
———-
10:53
Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı bildirilir.