Bakıda Qida Təhlükəsizliyi Agentliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Media və təhlükəsiz qida” mövzusunda görüş keçirilib.
 Görüşdə Agentliyin vəzifəli şəxsləri, Mətbuat Şurasının sədri Əflatun Amaşov və media nümayəndələri iştirak edib.
Görüşün keçirilməsində məqsəd Agentliklə media orqanları arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Agentliyin həyata keçirəcəyi maarifləndirmə işlərində və qida təhlükəsizliyi anlayışının istehlakçılar, sahibkarlıq subyektləri arasında düzgün təbliğ edilməsində iştirakını yaxından təmin etmək olub.
Ə.Amaşov tədbir iştirakçılarını salamlayaraq tərəflər arasında qurula biləcək əməkdaşlıq əlaqələrinin vacibliyindən bəhs edib. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, vəzifələri haqqında geniş məlumat verib. O, qida təhlükəsizliyi sahəsində geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin və bu sahədə media ilə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb. Agentliyin qısa və orta müddətli təbliğat-təşviqat kampaniyaları haqqında məlumat verən Q.Təhməzli bu aksiyalarda qida zəncirinin bütün halqalarında yer alan sahibkarlıq subyektlərinin də iştirakının önəmindən bəhs edib.
Tədbirin sonunda sual-cavab sessiyası baş tutub, Agentlik və jurnalistlər arasında fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri kimi məsələlər müzakirə olunub. Report.az