Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur – aksiyasına start verilmişdir.
Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adətənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyev cənablarının qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.
Astarainfo.az xəbər verir ki, martın 28-də Mingəçevir, Naftalan, Sumqayıt, Xızı, Siyəzən,Şabran, Laçın, Qubadlı şəhər və rayonlarının qrup rəhbərləri şagirdlərlə birlikdə Astara Heydər Əliyev Mərkəzində olmuşlar.
Məktəbliləri, qrup rəhbərlərini və onlarla gələn qonaqları Astara rayon İcra Hakimiyyəti başçısının müavini – içtimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova və Astara rayon İcra Hakimiyyətinin məsul əməkdaşları qarşılayıblar.
Yasəmən Rəsulova qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Diqqətə çatdırılıb ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası valideynlər tərəfindən də böyük razılıq hissi ilə qarşılanır. Bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir. Qarşılanma mərasimində şagirdləri müşayət edən qrup rəhbərlərinə Astara rayonunun sosial-iqtisadi inkşafını əks etdirən kitablar və bukletlər hədiyyə olunub.
Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova və Mərkəzin bələdçisi Cəmalə Məmmədova şagirdlərə və gələn qonaqlara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat vermişdir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...