Astarainfo.az xəbər verir ki, Astara rayon Mərkəzi Kitabxanasında 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümü ilə bağlı  ümumrayon anım tədbiri keçirilib.
Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə RİHB-nın müavini,  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova açmış, 1918-ci ilin mart soyqırımları qan yaddaşımızın ən ağrılı səhifələrindən biri olduğunu qeyd edib.
Tədbirdə məruzə ilə çıxış edən rayon MKS-nin direktoru Tural Eyvazov xalqımızın tarixən yaşadığı faciələrdən söz açıb. 1918-ci ildə erməni millətçilərinin törətdikləri qanlı faciənin tarixi haqqında danışan T.Eyvazov məhz ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” fərmanının tarixin qaranlıq səhifələrinə işıq salmağa imkan verdiyini diqqətə çatdırıb. 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılan, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün mühüm rol oynadığını xüsusi vurğulayıb.
 Tədbirdə Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara   rayon Təhsil Şöbəsi metodkabinetin direktoru Emin Fətəliyev, Astara rayon Mərkəzi xəstəxanasının baş həkiminin müavini Surxay Məmmədov çıxış etmişdir.
Çıxışlarda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə yanaşı, həmçinin ermənilərin xalqımıza qarşı törətdikləri Xocalı qətliamı barədə də danışılıb. Ermənistanın əzəli Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda həyata keçirdikləri qəsbkarlıq siyasəti nəticəsində bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarından didərgin düşdüyü, ərazilərimizin 20 faizinin işğal altında olması qeyd edilib.
Natəvan Mədətzadə
Astarainfo.az