Bu gün Azərbaycan Ordusunun 2016-cı ilin aprelində işğalçı Ermənistan üzərində qazandığı şanlı qələbənin iki ili tamam olur.
Düşmən ordusu və Ermənistanın siyasi rəhbərliyi üstündən iki il keçsə də, aprel məğlubiyyətinin acısını hələ də unuda bilmir. Qüdrətli ordumuzun aprel zəfərində pay sahibi olan qəhrəman hərbçilərimiz ötən il Müdafiə Nazirliyinin hazırladığı videosujetdə dördgünlük müharibə ilə bağlı təəssüratlarını bölüşmüşdülər.
Mövzunun aktuallığını nəzərə alaraq, hərbçilərimizin çıxışlarını oxuculara təqdim edirik:
General-mayor Mayis Bərxudarov Lələtəpənin işğaldan azad edilməsi əməliyyatının detallarını açıqlayıb: “Azərbaycan ordusunun mövqelərinə hücuma keçmək istəyən düşmənin kəşfiyyat-diversiya qrupları neytral mövqedə məhv olunub. Bundan sonra biz Lələtəpə istiqamətində əks hücuma başladıq. Öncə həmin döyüş mövqeyində yerləşən bölmələr qrup halında düşmən tərəfə irəliləyərək onlara güclü atəş zərbəsi endirdi”.

General-mayor bildirib ki, biz həmin vaxt düşmənin özünün minlardan təmizlədiyi cığırlardan istifadə etdik: “Lələtəpə yüksəkliyi qısa müddətdə düşməndən azad olunub. Döyüş təqribən 40 dəqiqə davam etdi və ermənilərin mövqelərini tam ələ keçirdik. Düşmən bir atəş də aça bilmədi, çünki səngərdə olanların hamısını məhv etmişdik. Onların artilleriya silahlarını tam sıradan çıxartmışdıq, düşmən bizə gülllə ata bilmirdi. Düşmən elə bir hazırlıqlı ordu ilə rastlaşdı ki, qaçmaqdan başqa əlacı qalmadı. Azərbaycan ordusunun kəşfiyyatçıları, döyüş qrupları Lələ təpə yüksəkliyini işğaldan azad edəndən sonra düşmən qaçmağa başladı. Düşmənin bir neçə hərbi qulluqçusu, hətta zabitləri bizə yalvarırdılar ki, onları öldürməyək. Erməni zabitləri deyirdilər ki, bizi öldürməyin, təslim oluruq və geri çəkilirik”.
 General-mayor Hikmət Həsənov bildirib ki, ötən il martın sonunda təmas xəttində yaranmış vəziyyəti dəyərləndirən müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə xəttinə sonuncu səfəri zamanı qoşunların düşmənlə aktiv müdafiədən, daha kəskin zərbələrin vurulması mövqeyinə gətirilməsi üçün lazım olan tədbirlərin görülməsi və adekvat addımların atılması ilə bağlı göstəriş verib.
Astarainfo.az Milli.Az-a istinadən xəbər verir ki, generalın sözlərinə görə, aprelin 1-dən 2-nə keçən gecə düşmənin kəşfiyyat-diversiya qrupları Talış, Tapqaraqoyunlu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərinə əvvəlcə minaatanlardan zərbə endirib, bunda sonra isə düşmənin kəşviyyat-diveriya qrupları hücuma keçməyə cəhd göstərib: “Şəraiti qiymətləndirdikdən sonra həmin zolaqda yerləşən briqadanın ehtiyat qüvvələri və hərbi birləşmənin tank taborunun qüvvələri ilə hücum edən düşmənə sarsıdıcı zərbə vuraraq, öncə onların ön xəttə olan mövqeləri ələ keçirildi, eyni zamanda düşmənin müdafiə xəttinin dərinliklərinə irəliləyərək Talış yaşayış məntəqəsi istiqamətində hakim yüksəklikləri ələ keçirdik. Bununla da Tapqaraqoyunlu kəndi və o istiqamətdə yerləşən Naftalan şəhərinin təhlükəsizliyi tam təmin edildi.

Çox sevindirici haldır ki, bu döyüşlərin gedişatı zamanı hətta yaralı zabitlərimiz, gizirlərimiz və müddətdən artıq hərbi qulluqçularımız, əsgərlərimiz döyüş meydanını tərk etmək haqqında fikirləşmir, əksinə, yaralandıqlarını gizlədərək sona qədər döyüşürdülər. Buna misal olaraq, bizim tank əleyhinə batareyanın komandiri kapitan Balıyevi, gizir Eynullayevi nümunə göstərmək olar. Onlardan başqa, neçə-neçə hərbi qulluqçumuz son ana qədər döyüşərək düşmənə ağır zərbələr vurdular. Onların qəhrəmanlığı nəticəsində işğaldan azad edilmiş yüksəkliklərdə tam möhkəmlənərək təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində təhlükəsizlik tam təmin olundu.
Ümumiyyətlə, döyüş əməliyyatı nəticəsində işğaldan azad olunmuş mövqelərdən Azərbaycan ordusunun hərbçilərini dayandırmaq olmurdu. Onlar irəliləyərək işğal olunmuş bütün torpaqları azad etmək üçün fədakarlıq göstərirdilər”.
Aprel döyüşlərində göstərdiyi şücaətə görə Milli Qəhrəman adı alan polkovnik Şükür Həmidov deyib ki, aprel döyüşlərində erməni əsgərlər ön xəttdəki mövqelərini qoyub qaçırdılar: “Əks hücum edərək onların bölmələrini ön xəttimizdən qovduq və LələTəpə yüksəkliyindən Yaşıl təpə deyilən dağa qədər düşməni mövqelərdən çıxardaraq əlverişli hədlər üzrə mövqelərimizi möhkəmləndirdik. Güclü ordumuzun, peşəkar komandirlərimizin başçılığı altında üçrəngli bayrağımızı Şuşa qalasında, Xocalıda, Qubadlıda və digər işğal olumuş bölgələrimizdə dalğalandıracayıq. O yerləri yenidən xalqımızı qaytaracayıq”.

Aprel döyüşlərində düşmənin bir neçə ağır texnikasını məhv edən kapitan Mirdamət Bağıyevin sözlərinə görə, düşmən özünü toplayaraq itirilmiş ərazilərin bərpası üçün hücumə keçmək istəyib: “Bizim üzərimizə 9 tank gəlirdi. Yerdəyişmə ilə onları bir-bir vurdum. Onlardan 7-si məhv oldu, 2-si manevr edərək geri çəkildi. Düşmənin canlı qüvvəsini daşıyan 3 maşını, 1 BMP və nəqliyyat vasitəsini sıradan çıxardım. Ümumilikdə, düşmənin 12 texnikasını məhv etdim. Düşmən bizim gücümüzü görüb geri çəkilməli oldu. Əllərində olan silah-sursatı açıb qaçmağa məcbur oldular. Aprel ayının 2-si yaralanmağıma baxmayaraq, döyüşü tərk etmək niyyətim yox idi. Yaralanmağım barədə 5 gün heç kimə məlumat vermədim. Döyüş dayandıqdan sonra hərbi hospitala müraciət etdim. Çünki illərdir həsrətində olduğumuz torpaqları azad etmişdik və irəliləyirdik. Bütün Azərbaycan ordusunda qisas hissi var idi. Hamı ürəklə döyüşürdü və düşməni məhv edirdik”.
Xatırladaq ki, 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. İşğalçı ordu atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iri çaplı silahlardan, mina və qumbaraatanlardan, artileriya qurğularından intensiv atəşə tutmaları nəticəsində 6 nəfər mülki şəxs ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, artileriya qurğularından atılmış mərmi zərbələri nəticəsində vətəndaşların 641 yaşayış evinə və 22 sosial obyektə ziyan dəyib və ya onlar dağıdılaraq tam yararsız hala salınıb.
Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. 4 günlük döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri düşmən azad edib, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirib.
Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb.
Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib.
Milli.Az