Öz qeyri-adi bacarıqları ilə erməni ordusunun onlarla canlı qüvvəsini və texnikasını məhv edən Pəncəli Teymurovun şəhid olmasından iki il ötür.
Gizir Pəncəli Teymurovun adı erməniləri hər zaman lərzəyə salıb. Düşmən əsgərləri bu adı eşidəndə hətta yuxuları ərşəyə çəkilib. 1981-ci il Astaranın Əzərüd kəndində dünyaya göz açan Pəncəli Teymurov hələ uşaq yaşlarında, 1990-ci il yanvar və 1992-ci il Xocalı hadisələrini efir vasitəsi ilə izləyərkən, hərbiçi olub mənfur düşməndən bu qisasları alacağına söz verir.
İllər keçir Pəncəli, Asxanakəran kənd tam orta məktəbini bitirəndən sonra 1999-cu ildə hərbi xidmətə yola düşür və könüllü olaraq N saylı Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat qrupuna yazılaraq Bakıda Gizir məktəbini bitirir. Daha sonra Türkiyyənin Xüsusi Kəşfiyyat məktəblərində yüksək səviyyədə təlim keçir. Vətənə canı və qanı ilə bağlı olan Pəncəli Teymurov öz toyunda özünə arzuladığı arzu hamını şoka salır.
O, təkcə vətəni üçün deyil, ailəsi üçündə dəyərli ovlad olub. Özündən balaca qardaşı ilə birgə xidmət edir, daha sonra onun ali təhsil almasına kömək edir.
2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli, 20 erməni əsgərinin olduğu maşını partladaraq onların hamısını məhv edir. Ermənilərə göz dağı olan Pəncəlinin başına bir milyard dram qoyulsa da, heç kəs onun nə ölüsünü nə də dirisini əldə edə bilmir. Ötən il məlum aprel hadisələrinin ilk günü Pəncəli öz döyüş yoldaşları ilə erməni təxribatının qarşısını almağa yola düşür. Düşmənə qan udduran Pəncəli, ermənilərin bir neçə canlı qüvvəsini və texnikasını məhv edir. Mühasirəyə düşən Pəncəli Teymurov, əsir düşməmək üçün son damla qanına kimi, döyüşür. Komandiri ilə şəhid olan Pəncəlinin nəşi bir neçə gün erməni tərəfində qalsa da, aprelin 10-da onun cansız bədəni alınaraq doğulduğu kəndə gətirilir.
Bu gün Pəncəlinin məzarı kənd sakinlərinin and yerinə çevrilib. Ölümündən bir il keçməsinə baxmayaraq, böyükdən kiçiyə, hamı onun məzarını ziyarət edir, ruhuna dualara oxuyur.
Qeyd edək ki, aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə Pəncalı Teymurov “İgidliyə görə” medalı ilə də təltif edilib.
“Pəncəli Teymurov  kimi qəhrəmanlarımız  həmişə qəlbimizdə yaşayacaq. Xalqımız, vətənpərvər ruhda böyüyən gənc nəsil Pəncəli Teymurovun xidmətlərini heç zaman unutmayacaq”.

  Astarainfo.az