-Aprel döyüşlərinin iştirakçısı  – Orxan Əliyev ilə müsahibə.
Vətən anlayışı hər birimiz üçün müqəddəs, əziz və doğmadır. Əbəs yerə dilimizdə “Ana Vətən” deyib öyünmürük. “Özgə yerin odu Vətənimin tüstüsü qədər qiymətli ola bilməz” fikri necə də, yerində söylənilib. Bizim də bir vətənimiz var. İgid ərənlərin, qəhrəmanların oylağı olmuş Odlar Yurdu qədim Azərbaycan.
Azərbaycan dövləti müstəqillik qazanandan sonra hərbi texnika ilə təchiz olunmuş ordumuz da dünya miqyasında özünü tanıtdı. Əlbəttə, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin zabit və əsgərləri Vətənin keşiyində fədakarcasına ömürlərini yaşasalar da, hələ də düşmən tərəfindən zorla işğal edilmiş torpaqlarımızın həsrətindəyik. Düşmən tapdağı altında qalmış doğma yurdlarımız özümüzə qaytarılacaq.
Ötən il aprel döyüşlərində Milli Ordumuzun uğurlu əməliyyatlar aparması, düşməni yerində oturtması, onlara layiqli cavab verməsi bunun bariz sübutudur. Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda  qəhrəmancasına döyüşən əsgərlərin arasında astaralı gənclərin adı da fəxrlə çəkilir. Şəhər 1 saylı tam orta məktəbin məzunu, Milli Ordunun giziri Əliyev Orxan Məhərrəm oğlu, Təngərüd kənd tam orta məktəbinin məzunları, Milli Ordunun əsgərləri Məmmədov Kamus Ramiz oğlu, Fərəməzov Zəka Əbülfət oğlu, Maşxan kənd tam orta məktəbinin məzunu, Milli Ordunun giziri Qasımov Elvin Natiq oğlunun döyüş zamanı ağır yaralanması, Pəncəli Teymurovun şəhidliyi bizi təsirləndirsə də, böyük fəxarətdir. Təmas xəttində gedən döyüşlər bir daha göstərdi ki, Milli Ordumuz basılmaz, hər an şücaət, qəhrəmanlıq göstərməyə qadirdir.
Müsahibimiz Milli Ordunun giziri, aprel döyüşlərində ağır yaralanmış və sol ayağını itirmiş həmyerlimiz Orxan Əliyevdir.
Tanıtma: Orxan Əliyev 1990-cı il iyulun 22-də Astara şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Yetkinlik çağında  hərbiçi olmaq istəyini özündə yaşatdı. Doğru deyiblər, niyyətin hara, mənzilin ora…
Orxan Əliyev 2007-ci ildə şəhər 1 saylı orta məktəbi nümunəvi əxlaqla və yaxşı qiymətlərlə bitirdi. 2008-də Slavyan Universitetinin Lənkəran filialına daxil oldu. Universitetdə iki il oxuduqdan sonra ürəyindəki arzusunu çin olsun deyə hərbi xidmətə yollandı. İl yarım Daxili Qoşunlarda əsgər adını şərəflə daşıdı. Hərbi xidmətdən sonra Silahlı Qüvvələrin nəzdində təlim tədris mərkəzində  altı  ay oxudu. Sonra gizir kimi Bakıda N saylı hərbi hissədə fəaliyyətə başladı.
Orxan Əliyev tank komandiri kimi harada olursa-olsun, verilən tapşırıqları can-başla yerinə yetirir və sevinci yerə-göyə sığmırdı. Orxan bilirdi ki, olduqca məsuliyyətli, həyəcanlı və şərəfli yoldadır. Gizir yoldaşları ilə düşmən tərəfini susdurmaq üçün “son damla qanımıza qədər döyüşəcəyik” deyib and içdilər. Uca Tanrı da, onların fədakarlığını bada vermədi və Ordumuz qələbə qazandı. Amma nisgilli olsa da, bu döyüşdə şəhidlərimiz və ağır yaralananlarımız da oldu.
Bu arada Orxanı dinləmək yerinə düşər.
 – Orxan necəsən? Qürurlu görünürsən, şükür ki, qırılmamısan…
Qırılmaq nədir? Vətən uğrunda, torpaqlarımız uğrunda şəhid, şikəst olmağımız Azərbaycan əsgərinin andıdır. Anda sadiq qalmaq şərəfdir. Bəli, aprel döyüşlərində sol ayağımı itirdim, bu acı xəbər ailəmizi, dost tanışları təsirləndirdi. Bu hadisə meşədə odun yararkən və yaxud qəza zamanı baş verməyib. Ana Vətən yolunda şikəst olmağın özü belə fəxarətdir. Ali Baş Komandan, Milli Ordumuzun hər an qayğısına qalan, hörmətli Prezident İlham Əliyevin bizimlə görüşərkən dediyi sözləri həmişə qulağımda əks-səda verir. “Siz Vətən uğrunda döyüşmüsünüz, yaralanmısınız, Vətən bunu yüksək qiymətləndirir, Azərbaycan xalqı sizinlə fəxr edir”. Anam da cənab Prezident İlham Əliyevlə görüşərkən göz yaşı axıtmadan, qürurla mənimlə fəxr etdiyini söyləmişdir. Fürsətdən istifadə edib, məni minalanmış ərazidən uzaqlaşdıran polkovnik Elşən Qarayevə minnətdarlığımı bildirirəm.
Onu da xatırladaq ki, Orxanın qardaşı Hüseyn də müddətdən artıq hərbi xidmətdədir. Onları çətinliklə, atasız böyüdən Zeynəb ana oğlanları ilə öyünür, Vətən uçun canından belə keçməyə hazır olan övladları ilə fəxr edir.
Bəli, “ot kökü üstə bitər” Orxan Əliyev üzünü görmədiyi babası Eyvaz Əliyev böyük Vətən müharibəsindən çoxlu orden və medalla vətənə qayıtmışdır. Ana babası Əhəd və anasının dayıları böyük Vətən müharibəsində həlak olublar.
Aprel döyüşünün qəhrəmanları Orxanı, Kamusu, Zəkanı, Elvini ümumən Azərbaycanın əsgər və zabitlərini daha mətin, daha mübariz, daha cəsur görmək diləyi ilə…

 Vətən məni yetişdirib,

      Bu ellərə yolladı.

       Bu torpağa qurban deyib,

       Allaha ismarladı!

 

Gülnar Əsədli

Astarainfo.az