Bu gün və qarşıdan gələn günlərdə geomaqnit həyəcanlanmasının davam edəcəyi gözlənilir.
Bunu Şamaxı Astrofizika Rəsədxanasının direktorunun elmi işlər üzrə müavini Elçin Babayev deyib.
O bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur), lakin o, daha da artacaq:
“Yaxın saatlarda və 11 aprel tarixində G1 sinifli qasırğa gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir.
Geomaqnit həyəcanlanmasının əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan və kanyonabənzər böyük ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli və neqativ polyarlığa malik Günəş plazma küləyinin təsiridir.
“Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də Yer planetinə doğru yönəlir. Hal-hazırda “günahkar” plazma küləyini sürəti 515 km/saniyə-dir”.
E. Babayev qeyd edib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır:
“Atmosfer təzyiqinin xeyli qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır.
Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının (“Aurora borealis”) şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir zəif olur.
Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər”.Oxu.az