Astara rayonu ərazisində 77 saylı Astara seçki dairəsi üzrə 44 seçki məntəqəsi, 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə 25 seçki məntəqəsi olmaqla ümumilikdə 69 seçki məntəqəsi fəaliyyət göstərir.
Prezident seçkilərinə hazırlıqla əlaqədar hər iki dairə üzrə məntəqələrin səsverməyə hazırlanması üçün bütün zəruri tədbirlər görülmüşdür. Rayonda Prezident seçkilərində seçki məcəlləsinin tələblərinə tam əməl edilməklə, seçkilərin demokratik, şəffaf keçirilməsinə nail olmaq məqsədi ilə qanunla müəyyən olunmuş tədbirlərin görülməsi təmin edilir. Seçki məntəqələri üzrə seçicilərin siyahısı dəqiqləşdirilmiş, ilk dəfə səs verənlər, orduya çağırılan, ordudan tərxis olunanlar, tələbələr, ahıl və qocalar, xəstələr müəyyən edilmişdir. Hər iki dairə üzrə Mərkəzi Seçki Komissiyası tərəfindən verilmiş seçici siyahıları üçün yeni lövhələr, kabinələr və digər inventarlar məntəqələrə paylanmışdır.
77 saylı Astara seçki dairəsi üzrə səsvermə hüququ olan 38895 nəfər, 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə səsvermə hüququ olan 20857 nəfər seçicinin siyahısı dəqiqləşdirilmişdir. Beləliklə, rayon üzrə 59752 nəfər səsvermə hüququ olan seçici vardır.  Bunlardan 2403 nəfəri ilk dəfə səs verəcək, 1074 nəfəri əyani təhsil alan, 81 nəfəri 1-11 apreldə 18 yaşı tamam olan, 1249 nəfəri 80-100 yaş arası, 4 nəfəri isə 100 yaşdan yuxarı, seçicilərdir. Rayonda ən yaşlı seçici 106 yaşlı Tahirova Mələk Cəbrayıl qızıdır. O, Siyatük kəndində yerləşən 29 saylı seçki məntəqəsində səs vermişdir.
Aprelin 11-də – səhər saat 8.00-da  respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da prezident seçkilərinə start verilmişdir.  Rayonun bütün seçki məntəqələrində bu mühüm siyasi kompaniyaya nümunəvi hazırlıq görüldüyündən hər yerdə bayram əhval-ruhiyyəsi hiss olunurdu. Seçicilər son illərdə ölkəmizdə sosial iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətləri yüksək qiymətləndirirlər. Onlar seçki məntəqələrinə ruh yüksəkliyi, gələcəyə inam və böyük sevinclə gəlir, layiq bildikləri namizədə səs verməyi özlərinin vətəndaşlıq borcu hesab edirlər. Olduğumuz bütün seçki məntəqələrində seçicilərin fəallığı diqqəti cəlb edirdi. Səsverməyə gələnlər arasında gənclər, orta yaşlılarla yanaşı, yaşı 70-80-ni ötmüş ahıllar da az deyildi. Səhər tezdən şəhər 2 saylı seçki məntəqəsinə gələn 89 yaşlı rayon ağsaqqalı Heydər Dadaşovla  səmimi görüşdük. Heydər kişi  Prezident seçkilərində iştirak etdiyinə görə özünü xoşbəxt hiss etdiyini bildirdi. Bizimlə söhbətində qeyd etdi ki, ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi nəticəsində xalqımız bugünkü xoş günlərə gəlib çatıb. İnanıram ki, bu siyasətin layiqli davamçısı İlham Əliyev ona göstərilən etimadı son 15 ildə olduğu kimi, yenə layiqincə doğruldacaq.
Şəhər 2 saylı seçki məntəqəsində olarkən MDB ölkələrini təmsil edən müşahidəçilər qrupunun Rusiyalı nümayəndələri buradakı seçici fəallığından razı qaldıqlarını diqqətə çatdırdılar.
Seçki məntəqəsində müşahidəçilər onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirirlər. “Cəbhəçilərin təşəbbüs qrupu”nu təmsil edən müşahidəçi Rauf Abdullayev söhbət zamanı məntəqədə seçicilərin rahat və sərbəst şəkildə səs vermələri üçün hər cür şəraitin olduğunu diqqətə çatdırdı.
Şəhər 1 saylı seçki məntəqəsində də fəallıq uzaqdan diqqəti cəlb edirdi. Müasir Müsavat Partiyasını təmsil edən Sahib Bağırov müşahidəçilərin ümumi fikrini ifadə edərək bildirdi ki, burada bütün partiyaların nümayəndələri üçün yaradılan şəraitdən tamamilə razıyıq. Seçicilər səsvermədə fəallıq göstərir, sərbəst şəkildə seçimlərini edirlər.
 Bütün seçki məntəqələrində siyasi kompaniyaya vaxtında hazırlıq görüldüyündən səsvermə rəvan, növbə əsasında, şəffaf və ədalətli şəkildə aparılırdı. Hansı məntəqədə olduqsa səsvermə prosesinin mövcud qanunlara uyğun həyata keçirildiyinin şahidi olduq. Əlilliyi olan seçicilərə xüsusi qayğı göstərilir. Məntəqəyə gələ bilməyənlərə məntəqə üzvləri seçki qutuları ilə evlərinə gedib səsvermədə iştirak etmələrini təmin edirlər.
Şəhərdə yaradılmış bütün seçki məntəqələrində, iri yaşayış məntəqələri olan Ərçivan, Kijəbə qəsəbələrində, Şiyəkəran, Şahağac, Siyaku və digər kəndlərdə seçicilərin fəallığı açıq-aşkar hiss olunurdu. Ən ucqar dağ kəndlərində də sakinlər Prezident seçkilərində böyük ruh yüksəkliyi ilə iştirak edirlər. Diqqəti cəlb edən hal o idi ki, bütün məntəqələrdə müşahidəçilər və digər səlahiyyətli nümayəndələrin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdı.
Kijəbə qəsəbəsində 9 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrdə  səsvermənin gedişini müşahidə edərkən seçici fəallığı diqqəti cəlb edirdi. Burada seçicilərlə yanaşı, müxtəlif partiyaları və təşkilatları təmsil edən müşahidəçilərlə fikir mübadiləsi apardıq. Qəsəbədəki  8 saylı məntəqədə Milli Dirçəliş Partiyasını təmsil edən müşahidəçi Asya Həsənova seçicilərin sərbəst şəkildə öz seçimlərini etmələri üçün normal şəraitin yaradıldığını bildirdi. Müşahidəçilərdən Kitabulla Hüseynov, Xanağa Babayev, Nüşabə Hüseynova iştirak etdikləri məntəqələrdə seçkilərin ədalətli və şəffaf keçirildiyini ifadə etdilər.
22 saylı Pensər seçki məntəqəsində Ekzit-pollun nümayəndəsi Nicat Abdullayev orada sübh tezdən seçicilərin fəallığı barədə məlumat verdi.

Astarainfo.az