Cənub bölgəsinin seçiciləri prezident seçkilərində fəallıq nümayiş etdirirlər.
 Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, 77 saylı Astara seçki dairəsinin ərazisində yerləşən 1 nömrəli şəhər seçki məntəqəsində olarkən bunun bir daha şahidi olduq.
Səhər saat 8.00-da məntəqə seçki komissiyasının sədri Hacıbala Ramazanov müşahidəçilərin iştirakı ilə səsvermənin başlandığını elan etdi.
Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında dayanmış məntəqə seçki komissiyasının üzvü qarşılayaraq əlində tutduğu ultra-bənövşəyi rəngli fanarla seçicilərin sol baş barmağını yoxladıqdan sonra onları içəri buraxırdı.
ELS Müstəqil Araşdırmalar Mərkəzinin nümayəndələri Jalə Abiyeva və Eyvaz Əlizadə “exit-poll” keçirirdilər.
Seçki məntəqəsində ilk səs verənlərdən biri, şəhər sakini 80 yaşlı Hüseynqulu Hacıyevdən səsvermənin gedişini öyrəndik. Bildirdi ki, məntəqədə seçkilər azad, demokratik, beynəlxalq standartlara uyğun keçirilir.
Şəhər sakini, Astara Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev də söhbətimizə qoşuldu. O da səsvermənin gedişindən razı qaldığını ifadə etdi.
Məntəqə seçki komissiyası sədri Hacıbala Ramazanovun verdiyi məlumata görə, məntəqədə 1490 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 12 nəfəri ilk dəfə səs verənlərdir.
77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının sədri Hikmət Əkbərov bildirib ki, prezident seçkilərində dairə üzrə 38 min 895 nəfər seçici 44 seçki məntəqəsində prezidentliyə namizədlərə səs verəcək. Seçicilərdən 4 nəfərinin 100-dən, 771 nəfərinin isə 80-dən yuxarı yaşı var. Dairə üzrə 710 gənc seçkilərdə ilk dəfə iştirak edəcək. Əlil seçicilərin səsvermədə iştirakını təmin etmək üçün 16 məntəqədə pandoslar quraşdırılıb.
Dairənin 9 məntəqəsində isə veb-kamera quraşdırılıb. Dairə seçki komissiyasında 530 nəfər yerli, 4 nəfər xarici müşahidəçi qeydə alınıb.
Astarada seçki məntəqələrində səsvermənin gedişini beynəlxalq müşahidəçilər – ATƏT-in müşahidəçiləri Ellen Buch və Havaz Aktar, MDB-nin Müşahidə Missiyasının nümayəndələri Yevqeniy Ryaquzov və Svetlana Anikeeva izləyirlər.
76 saylı Lənkəran-Astara seçki dairəsinin sədri Məzahir Əliyevin verdiyi məlumata görə, dairə üzrə 38 min 68 nəfərin adı seçici siyahısına daxil edilib. Seçicilərdən 20 min 857 nəfəri Astara, 17 min 211 nəfəri Lənkəran rayonunun sakinləridir.
Cənub bölgəsində fəaliyyət göstərən digər seçki dairələrində də səsvermə prosesi yüksək səviyyədə təşkil olunub.