Dünyada olduğu kimi Azərbaycanda da bronxial astma daha çox yayılıb. Azərbaycanda əhalinin təqribən 5-8 faizində bronxial astma müşahidə olunur.
 Bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yazın gəlişi ilə əlaqədar allergik xəstəliklər çox müşahidə olunur. Həm böyüklər, həm də kiçiklər arasında ən çox rast gəlinən allergik xəstəliklər isə pollenozdur: “Belə xəstələrin burnunda daim selik olur, dəfələrlə asqırır. Xəstəlik hətta bronxial astmaya da səbəb olur”.
Baş allerqoloqun sözlərinə görə, çox vaxt insanlar allergik xəstəlikləri virus xəstəlikləri, qrip kimi qəbul edirlər və buna görə də xəstələri səhvən olaraq, antibiotiklərlə müalicə edirlər: “Allergik xəstəliklərdən fərqli olaraq qrip zamanı tərləmələr də olur. Xəstələr vaxtında allerqoloqa müraciət etsələr, sonda onların vəziyyəti ağırlaşmaz və astmadan da əziyyət çəkməzlər. Nəmlik olan ərazilərdə astma yaradan “ev gənələri” bu xəstəliyə irsi meyliliyi olan insanlarda astmanın yaranmasına imkan verir”.Xezerxeber.az