Prezident seçkiləri dünya mediasında geniş işıqlandırılıb

Əksər xarici nəşrlər Azərbaycanda keçirilən seçkilərin obyektiv, beynəlxalq standartlara uyğun olduğunu qeyd ediblər

Aprelin 11-də keçirilən seçkilər, hazırkı prezident İlham Əliyevin qalibiyyəti dünya mediasının diqqət mərkəzində olub. Xarici media vasitələri prosesdə yaxından iştirak etməklə yanaşı, seçkilər barədə mövqelərini çatdırıblar. Əksər nüfuzlu nəşrlər, telekanallar prezident İlham Əliyevin qalibiyyətini əks etdirən məqalə və reportajlar təqdim ediblər. Nəşrlərin gəldiyi yekun nəticə budur ki, İlham Əliyev Azərbaycan xalqının böyük əksəriyyətinin üstünlük verdiyi bir liderdir.

Nəşrlər onu Azərbaycanda rifah və sabitliyin qarantı kimi təqdim ediblər. Onun prezidentliyi dövründə Azərbaycanda iqtisadi rifahın yüksəldiyi, irimiqyaslı enerji və infrastruktur layihələrinin reallaşdığı xüsusi vurğulanıb. Məhz yeridilən bu siyasətin nəticəsidir ki, Azərbaycan xalqı da aprelin 11-də seçki məntəqələrinə gedib yekdilliklə ona səs veriblər. Bu xüsusda qonşu Rusiya mediası da prosesə obyektiv münasibəti ilə seçilib. Nəşrlərdə seçkiqabağı mühit, eləcə də, seçki günü insanların seçki məntəqələrində səslərini vermək üçün növbələrə durduqları vurğulanıb. Bu ölkənin “Kommersant” qəzeti yazır ki, seçkilərin nəticələri əvvəldən heç kimdə şübhə doğurmurdu: “Bunu keçirilən sosioloji sorğuların nəticələri də sübut edirdi. “Rəy” monitorinq mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, insanların 83 faizi İlham Əliyevi dəstəkləyir”. Başqa bir nüfuzlu nəşrrin –  “Rossiyskaya” qazeta”nın “Azərbaycanda prezident seçkiləri keçirildi” başlıqlı məqaləsində qeyd edilir ki, İlham Əliyev seçkilərin favoriti olub: “İlham Əliyev digər namizədlərdən fərqli olaraq populist şüarlarla çıxış etmədi. Bunun onun 15 illik idarəçiliyi deyir – ümumdaxili məhsul 3,2 dəfə artıb və bu da dünya rekordu deməkdir. Ölkəyə, 231 milyard dollar xarici investisiya cəlb edilib, kosmik nəhəngə (artıq iki Azərbaycan peyki var) çevrilib, enerji asılılığından azad olub”. Məqalədə səsvermə günü beynəlxalq müşahidəçilər tərəfindən hər hansı bir qanun pozuntusunun qeydə alınmadığı vurğulanıb. Başqa bir nəşr “Komsomolskaya pravda”  da seçki prosesini izləyib. “Azərbaycanda prezident seçkiləri qısa müddətdə start götürdü” başlıqlı məqalədə seçki məntəqələrdə yüksək fəallığın olduğu vurğulanıb. Məqalədə səsvermə məntəqələrində yaşananlar barədə də geniş və dolğun material əks olunub. “Nezavisimaya qazeta”nın “İlham Əliyev xalqın etibarı mandatını uzatdı” başlıqlı məqaləsində onun alternativsiz lider olduğu bildirilir. “Azərbaycan müxalifəti indiki kimi heç bir vaxt zəif olmayıb”, – deyə məqalədə qeyd edilib. “20 ildir ki, eyni şüar, eyni adamlar. Müxalifət partiyaları “ana müxalifət” statusu uğrunda mübarizə aparır, bir-birinə qarşı qısqanclıqla yanaşır. Əsas partiya hesab edilən AXCP və Müsavat son mitinqlərə 3 min adamı güclü yığa bilib”, – deyə  materialda qeyd edilib. Başqa bir nəşr “Qazeta.ru” da seçki prosesi və yaşananlar barədə geniş material dərc edib.
Rusiyanın Birinci televiziya kanalı Azərbaycanda prezident seçkilərindən hazırladığı süjetdə hazırkı Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə qələbəsindən və xalqa müraciətindən söhbət açır. Süjetdə seçki məntəqələri bağlandıqdan sonra Bakı sakinlərinin İlham Əliyevin qələbəsini böyük coşqu ilə bayram etməsindən danışılır. Birinci kanalın müxbiri vurğulayıb ki, seçki məntəqələrində bülletenlərin hesablanması müşahidəçilərin nəzarəti altında aparılıb. Səsvermənin gedişi xüsusi veb-kameralar vasitəsilə MSK-nın saytında yayımlanıb. Beynəlxalq müşahidəçilərin fikrincə, bu, seçkilərin qanun pozuntusu olmadan keçirilməsinə imkan verib. “Mir” telekanalı da seçkilərin ilkin nəticələri elan olunduqdan sonra Azərbaycan paytaxtında hazırkı Prezident İlham Əliyevin qələbəsinin bayram edilməsi barədə süjet yayımlayıb. Süjetdə bildirilir ki, bayram konserti və yürüş atəşfəşanlıqla başa çatıb. Bakı küçələrində öz namizədlərinin qələbəsini qeyd edən sakinlər telekanala müsahibələrində deyiblər ki, Azərbaycan xalqı uzaqgörən və güclü lideri ilə ölkənin qüdrətini yüksəltməkdə davam edəcək. Prezident İlham Əliyev 15 ildə böyük nailiyyətlər qazanıb və əhalinin həyat səviyyəsinin yüksəlməsi üçün əlindən gələni əsirgəmir. Azərbaycan xalqı İlham Əliyevi sevir və dəstəkləyir. İlham Əliyev növbəti prezidentlik müddətinə xalqın böyük etimadı ilə başlayır. Ölkə başçısı ötən dövr ərzində sübut edib ki, respublika inkişaf edə bilər və inkişaf etməlidir. Rusiyanın digər federal telekanalları, o cümlədən “Rossiya 24”, “NTV”, “Beşinci kanal”, habelə TASS, “Ria Novosti” informasiya agentlikləri də Azərbaycanda prezident seçkilərinin gedişini və hazırkı Prezident İlham Əliyevin inamlı qələbəsini geniş işıqlandırıb, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan liderini təbrik etməsini diqqətə çatdırıblar.
Qardaş Türkiyə mediası hər zaman olduğu kimi, bu seçkilərlə bağlı yüzdən artıq material dərc edib. Məsələn, “Milliyət” qəzeti “Azerbaycan’da İlham Aliyev, yüzde 80’in üzerinde oy alarak seçimi kazandı” başlıqlı xəbəri manşetə çıxardıb. “Türkiyə” qəzeti də “Azerbaycan’daki seçimlerden ilk sonuçlar geldi” başlıqlı xəbəri oxucularına son dəqiqə xəbəri olaraq çatdırıb. Qeyd olunub ki, seçkilərdə 4 təşkilat tərəfindən keçirilən “exit-poll”ların nəticələrinə əsasən, İlham Əliyev 80 faizdən çox səs toplayıb: “Bu isə o deməkdir ki, Azərbaycan xalqı növbəti dəfə İlham Əliyevi prezident seçib. “Exit-poll”ların nəticələri həmişə Mərkəzi Seçki Komissiyasının nəticələri ilə demək olar ki, eyni olur”. “Yeniakit” qəzeti isə  “Sandık çıkış anketine göre Aliyev seçimi kazandı” başlıqlı xəbəri oxucularına çatdırıb. Bildirilir ki, İlham Əliyev 80 faizdən çox səs toplayaraq növbəti dəfə Azərbaycanın prezidenti seçilib.
Qardaş ölkənin çox oxunan  qəzetlərindən “Sabah” ölkəmizdə keçirilən prezident seçkilərinə geniş yer ayırıb. Qəzet “Azerbaycan cumhurbaşkanı seçimi için sandık başında” adlı xəbərdə yazır ki, saat 8-də başlayan seçkiləri 59 ölkədən 890 nəfərdən çox beynəlxalq müşahidəçi izləyib. Müşahidəçilər sırasında Türkiyədən olan deputatlar da yer alıblar.
“Hürriyet” qəzeti isə “Azerbaycan’da seçim günü… Sandık çıkış anketlerinde büyük fark” başlıqlı xəbərə yer ayırıb. Bildirilib ki, “exit-poll”un açıqladığı nəticələrə görə 80 faizdən çox səs toplayan İlham Əliyev Azərbaycanda növbəti dəfə prezident seçilib. O da vurğulanıb ki, seçici fəallığının nümayiş edildiyi seçkilər Azərbaycan xalqının demokratik iradəsini tam əks etdirdi.
“Yeni Şafak” qəzeti də “Azerbaycan’da seçimlerin galibi İlham Aliyev oldu” başlıqlı xəbəri manşetə çıxarıb: “80 faizdən çox səs toplayan İlham Əliyev seçkilərin qalibi olub”.
“İhlas Xəbər Agentliyi” isə “İlham Aliyev yeniden cumhurbaşkanı” başlıqlı xəbərə yer ayırıb. Yazılıb ki, Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyev 82 faizdən çox səs toplayaraq yenidən dövlət başçısı seçilib.
“Euronews Türkiyə” isə “Sandık çıkış anketine göre Azerbaycan’da sürpriz yok. Aliyev 4. kez cumhurbaşkanı” başlıqlı xəbəri oxucularına çatdırıb. Bildirilib ki, İlham Əliyev 80 faizdən çox səs toplayaraq növbəti dəfə prezident seçilib. O da vurğulanıb ki, ATƏT Parlament Assambleyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyib.
Türkiyənin məşhur “A Haber”, “TRT Haber”, NTV və s. televiziya kanalları seçki günündə Bakıdan reportajlar hazırlayaraq seçkilərin dinc və sabit şəraitdə keçdiyini, heç bir pozuntu və yayınma hallarının müşahidə edilmədiyini diqqətə çatdırıblar.
“Sonhaberler.com”, “haberler.com”, “hukukihaber.net”, “sanalbasin.com”, “Karar.com”, “Yenihaberden.com”, “Mynet.com” və s. agentliklər isə dərc etdikləri xəbərlərdə Azərbaycanda növbəti prezident seçkilərinin keçirildiyini qeyd ediblər. Bildirilib ki, ölkə vətəndaşları müstəqillik dövrünün 8-ci prezident seçkisində liderini – İlham Əliyevi seçib. Bütün bunlar  onu deməyə əsas verir ki, hər iki dövlət istər regionda, istər dünyada, istərsə də öz daxillərində cərəyan edən hadisələrə də kifayət qədər həssaslıqla yanaşır. Bu mənada Azərbaycanın qarşıdakı dövr üçün ictimai-siyasi həyatında mühüm rol oynayan prezident seçkilərinin  Türkiyənin  xüsusi diqqətdə saxlaması tamamilə təbiidir.
Yeri gəlmişkən, Çin KİV-ləri Azərbaycanda keçirilmiş prezident seçkilərini geniş işıqlandırıb. Bu ölkənin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanda keçirilmiş prezident seçkilərinə böyük diqqət göstərib. Dünyanın ən böyük informasiya agentliklərindən olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, bir milyarddan çox tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, “China Daily” qəzeti, digər məşhur qəzet və xəbər saytları səsvermə günü və seçkilərin nəticələri barədə operativ xəbərlər, geniş məqalələr, reportajlar hazırlayıb, təqdim ediblər. Sinxua agentliyinin “Azərbaycanda prezident seçkilərində İlham Əliyev qalib gəldi” başlıqlı geniş xəbərində seçkilər barədə ətraflı məlumat verilib. Xəbərdə seçicilərin, seçki məntəqələrinin, beynəlxalq və yerli müşahidəçilərin, seçkiləri işıqlandıran xarici jurnalistlərin, veb-kamera quraşdırılmış məntəqələrin sayı, MSK-nın və “exit-poll” sorğularının nəticələri öz əksini tapıb. Çinin CCTV-nin Bakıya ezam olunmuş çəkiliş qrupunun səsvermə günü müxtəlif seçki məntəqələrindən, o cümlədən Prezident İlham Əliyevin səs verdiyi məntəqədən hazırladığı reportajlar televiziyanın müxtəlif kanallarında bir neçə dəfə yayımlanıb. Reportajlarda seçki ilə bağlı dolğun məlumat verilib.
CCTV-nin beynəlxalq icmalçısı Malik Ayub Sumbal seçki günü hazırladığı “İlham Əliyev növbəti müddətə Azərbaycan prezidenti seçilcəkmi?” başlıqlı məqaləsində yazır ki, son illər ölkədə qazanılan uğurlar İlham Əliyevin yenidən prezident seçiləcəyinə şübhə doğurmur. O, bütün beynəlxalq diplomatik cəbhələrdə sözünü deyə bilən çox güclü və uzaqgörən liderdir. Qeyd olunur ki, Cənubi Qafqazda yerləşən Azərbaycan böyük geosiyasi əhəmiyyətə malik ölkədir. Paytaxt Bakı isə tarixi və müasir infrastrukturu olan şəhərdir. Son illər Azərbaycan rəhbərliyi turizm sektoruna böyük diqqət göstərməklə, respublikanı Yaxın Şərq və Asiyadan gələnlər üçün populyar turizm ölkəsinə çevirib. Bu və digər amillər hazırkı rəhbərliyin ölkənin inkişafı ilə bağlı verdiyi vədləri yerinə yetirdiyinə şübhə yaratmır. Müəllif ölkənin əsas problemi olan Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı edilməsi ilə yaranan münaqişədən, Çinin “Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olan
Transxəzər beynəlxalq nəqliyyat və ticarət dəhlizindən də bəhs edib. Yaponiya mətbuatı da səsvermə və nəticələrə yer ayırıb. Ölkənin əsas aparıcı Kyodo News, JİJİ PRESS və digər agentlikləri, “Sankey” və “Nikkey” qəzetləri bu barədə məlumatlar yayaraq bildirirlər ki, İlham Əliyev prezidenti seçkilərində növbəti dəfə qələbə qazanıb. Məqalələrdə ölkəmiz haqqında məlumat verilərək qeyd edilir ki, Azərbaycan Xəzər dənizi sahillərində yerləşən, neft və qaz yataqları ilə zəngin ölkədir. Avropa ölkələrinin enerji təminatında Azərbaycan mühüm rol oynayır. Kaspi.az