Aprelin 18-də Astara rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər bildirmişdir ki, Ağayev aprelin 9-da möhtərəm prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda geniş nitq söyləyən dövlət başçısı  qeyd etmişdir ki, birinci rübdə Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində proseslərin müsbət istiqamətdə getməsi, iqtisadi inkişafın təmin edilməsi, sosial məsələlərin öz həllini tapması onu göstərir ki, 2018-ci il ölkəmiz üçün uğurlu illərdən biri olacaqdır.
Birinci rübdə 7 dövlət başçısının Azərbaycana səfər etdiyini vurğulayan cənab Prezident bu səfərlərin çox böyük əhəmiyyəti olduğunu diqqətə çatdırmışdır. Səfərlər zamanı təhlükəsizlik və siyasi məsələlər müzakirə olunmuş, birgə iqtisadi fəaliyyət sahələrində gələcək əməkdaşlıq, sərmayə qoyuluşu barədə geniş fikir mübadiləsi aparılmışdır.
Martın 15-də Azərbaycanda 47-dən çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçılarının iştirakı ilə Altıncı Qlobal Forum  və dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Bu tədbirlər ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla Azərbaycanı dünyaya müasir, inkişafda olan ölkə kimi təqdim edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olmuşdur. Bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacağını vurğulayan cənab Prezident, bütün beynəlxalq mövqelərdə Ermənistanın işğalçı dövlət olduğunu konkret faktlarla sübut etməkdə davam etmişdir.
2018-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 2,3 faiz, qeyri-neft sənayesi 3 faiz, kənd təsərrüfatı 4,2 faiz, artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir. Ölkədə son illər aparılan sənayeləşmə siyasəti nəticəsində sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Valyuta ehtiyatlarımız 3 ay ərzində 2,2 milyard dollar artaraq  42,2 milyard dollara çatmışdır. Ticarət dövriyyəsi 31 faiz, ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz artmışdır. İdxalın azalması, ixracın isə xeyli artması ölkəmizin iqtisadi sabitliyini təmin edir. Bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun böyük əksəriyyəti xarici sərmayədir.
Hesabat dövründə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı Sərəncamlarla dövlət büdcəsindən maliyyələşən bütün təbəqədən olan insanların əmək haqları, təqaüdlər, maaş və məvaciblər artırılmışdır. Azərbaycanda sosial proqramların icrası davam etmiş, 34 min yeni iş yeri yaradılmışdır. Onlardan 31 mini daimi iş yeridir.  Bu il ancaq dövlət sektorunda təqribən 50 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Birinci rübdə bütün infrastruktur layihələri uğurla icra edilmişdir. Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı çox önəmli addımlar atılmaqla, fevral ayında Bakıda 4-cü Məşvərət Şurası keçirilmişdir.  Azərbaycan öz ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işləri tamamlamışdır.
Ölkəmizdə turizm sektorunun inkişafı da daim diqqət mərkəzində olmuş, yaradılmış  turist şəbəkələri və müalicə mərkəzləri hesabına ölkəyə turist axını birinci rübdə 12,5 faiz  artmışdır.
2018-ci ilin I rübündə rayonumuzda da xeyli iş görülmüşdür. Tikinti-quruculuq sahəsində həyata keçirilən ən böyük layihələrdən biri  olan Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi ərazisinin genişləndirilməsi istiqamətində işlər hazırlanmış layihəyə əsasən uğurla davam etdirilir.
Cənab Prezidentin tapşırığına uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, əkinə yararlı torpaqların əkin dövriyəsinə qaytarılması, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə müəyyən işlər görülmüş, torpaqların əkilib becərilməsi üçün fiziki şəxslərə, fermer və sahibkarlara lazımi köməkliklər göstərilmişdir.
Sevindiricidir ki, Azərbaycan Respublikasında çay, çəltik və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev bu ilin fevral ayında Sərəncamlar imzalamışdır. Sərəncamlarda ölkəmizdə, o cümlədən Astara rayonunda çayçılıq, çəltikçilik və sitrusçuluğun  inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi, çay, çəltik və sitrus meyvələri istehsalına marağın artırılması məsələləri öz əksini tapır. İnanıram ki, cənab Prezidentin kənd təsərrüfatı sahələrinin inkişafına ayırdığı diqqət torpaqlardan səmərəli istifadəni təmin etməklə, bol məhsul istehsalında özünü göstərəcəkdir.
2018-ci ilin I rübündə rayonda bütün sahələrdə uğurlu nəticələr qazanılmışdır. Yerli gəlirlər 1124,3 min manata qarşı 1082,2 min manat icra olunmuş, yerli xərclər isə 1205,0 min manata qarşı 1108,8 min manat icra olunmuşdur.
Ümumi məhsul və xidmətlərin həcmi  2018-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrünə nisbətən  14.5 faiz  artaraq 36.5 milyon manata  çatmışdır. Bunun 11 faizi sənayedə, 24.3 faizi kənd təsərrüfatında, 20.3 faizi tikintidə,  41.3 faizi  ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 2,5 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,6 faizi  informasiya və rabitədə olmuşdur.
Rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7601.6 min manat məbləğində vəsait  yönəldilmişdir ki, onun 97.4 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2.1 dəfə artmışdır. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi  339 manat təşkil etmişdir.
Tikinti-abadlıq və quruculuq sahəsində də rayonda xeyli iş görülmüşdür. Xəzər dənizi sahili boyu Park-Bulvar kompleksi ərazisinin genişləndirilməsi işi hazırlanmış layihəyə uyğun olaraq uğurla icra edilir.  2017-ci ildə mənzil fonduna daxil olan  ictimai-yaşayış binalarında təmir-tikinti işləri görülmüş və bu istiqamətdə işlər davam etdirilir. Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi də rüb ərzində davam etmişdir. Hazırda 11 km uzunluğu olan Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisinə başlanmışdır. Bu yolun asfaltlaşdırılması ilə  bir neçə iri yaşayış məntəqəsinin çoxsaylı sakinlərinin rahatlığı təmin olunacaqdır.
Rayon Su Kanal idarəsi 2018-ci ilin I rübündə qarşıda duran vəzifələrin icrasını təmin etmək, vətəndaşlara nümunəvi xidmət göstərməkdən ötrü səylərini artırmışdır. Astara şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan Respublikasının regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramına salınaraq, layihənin icrasına başlanmış, bu sahədə müəyyən işlər görülmüşdür.
Lənkəran Regional Qaz İstismar idarəsinin Astara Xidmət Sahəsi tərəfindən rayonun qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə 2018-ci ilin I rübündə  3160 p.m. müxtəlif diametrli qaz xətlərində təmir bərpa işləri, 38 ədəd qaz tənzimləyici şkaf təmir olunmuş, 2 ədəd qaz tənzimləyici şkaf yenisi il əvəz edilmiş və 323 ədəd yeni qaz sayğacı quraşdırmaqla  rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 17007-yə çatdırılmışdır. Astara şəhərinin qaz xətlərinin əsaslı təmiri və birpilləli sistemə keçirilməsi ilə əlaqədar 2160 p.m. müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmiş, 94 ədəd fərdi tənzimləyici abunəçilər üçün quraşdırılaraq istifadəyə verilmişdir. Hal-hazırda bu işlər davam etdirilir.
Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılması və əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə bu ilin mart ayında  Sərəncam imzalamışdır. Sərəncamda  Astara rayonunun Rinə kəndinin  qazlaşdırılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar mütəxəsislər yerlərdə olmuş, ilkin hazırlıq işləri görmüşlər.
Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam etmişdir. 35/10 kv-luq Ərçivan və 35/10 kv-luq Pensər yarımstansiyasında 12 ədəd yağ açarında təmir işləri aparılmış, açarlara 0.250 ton yağ əlavə edilmiş və avadanlıqların sellektivliyi saz vəziyyətə gətirilmişdir. Rayon üzrə 10-04 kv-luq hava xətlərində təqribən 120 km məsafədə tarımlama işləri aparılmışdır. 27 ədəd transformatorlarda cari təmir işləri aparılmış, 155 ədəd TM-lərə baxış keçirilərək qüsurlar aradan qaldırılmış, yağı normadan az olan transformatorlara 0.25 ton yağ əlavə olunaraq normal səviyyəyə çatdırılmışdır. Ərçivan, Şuvi, Səncərədi, Təngərüd, Kijəbə, Asxanakəran-Hamuşam, Şiyəkəran-Şahağacı inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin yaşayış məntəqələrini  qidalandıran 10 kv-luq hava xətlərində ümumilikdə 24 ədəd yeni dayaq basdırılmış, 395 metr naqil yenisi ilə əvəz olunmuş, 27 ədəd izolyator dəyişdirilmişdir. I rüb ərzində istehlakçılara verilən elektrik enerjisi 15 mln. 927 min  700 kvt saat, dəyəri isə 1 mln. 216 min manat olmuşdur
Astara Telekommunikasiya Qovşağı tərəfindən regionlarda genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi layihəsi əsasında Ərçivan və Pensər EATS-lərində 128 port tutumu olan DSLAM avadanlığı alınaraq quraşdırılıb istifadəyə verilmişdir.
2018-ci ilin I rübü ərzində Poçt filialına təyin edilmiş 121 min manat tarif gəliri proqnozu faktiki olaraq 117 min 620 manat icra edilmişdir.
Rayonda aqrar sahənin inkişafına diqqət nəticəsində əkinə yararlı torpaq sahələrinin dövriyyəsi xeyli artmışdır. 2017-2018-ci ilin payız qış mövsümündə 1554 hektar sahədə şum işləri aparılmışdır. Rayonda çəltikçilik, çayçılıq, sitrusçuluq və tərəvəzçilik təsərrüfatlarının genişləndirilməsindən ötrü müvafiq tədbirlər görülmüşdür. Həmin şumlanan sahələrin 240 hektarına yaxın ərazisində çəltik əkini üçün hazırlıq işləri hal-hazırda davam etdirilir. Əkin sahələrinə suvarma suyunu itkisiz çatdırılması, su mənbələri və su ötürücü kanalların təmizlənməsi işləri davam etdirilir.
2018-ci ilin məhsulu üçün  32.5 hektar buğda, 0.5 hektar sahədə arpa, 165 hektar paxlalı bitkilər, 37 hektar  qarğıdalı, 831 hektar kartof, 848 hektar faraş tərəvəz,  30 hektar  bostan bitkiləri, 354 hektar sahədə yonca əkilmişdir.
2018-ci ilin I rübündə  iribuynuzlu mal-qaranın sayı 40 min 549 baş, xırda buynuzluların sayı 23 min 989  baş olmuşdur. 949 ton diri çəkidə ət, 6 min 777  ton süd,  2255 min ədəd yumurta istehsal olunmuşdur.
Rayonun təbii iqlim şəraiti arıçılığın inkişafı üçün də əlverişlidir. Bu sahənin prioritet olması nəzərə alınaraq  arıçılığın inkişafı istiqamətində görülmüş işlər nəticəsində ümumilikdə arı ailələrinin sayı 12 minə çatdırılmışdır. Prezident İlham Əliyevin Azərbaycanda arıçılığın inkişafının stimullaşdırılması haqqında imzaladığı sərəncam arıçılıqla məşğul olanlara ən böyük müjdədir. Sərəncama əsasən kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsi məqsədilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10 manat məbləğində subsidiyanın verilməsi nəzərdə tutulur. Bu qərar arıçılığın genişləndirilməsinə müsbət təsirini göstərəcəkdir.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə  Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev 2018-ci ilin mart ayında imzaladığı Sərəncamında rayonun Təngərüd kəndində subartezian quyunun qazılması nəzərdə tutulmuşdur.
Torpaqların su təminatının yaxşılaşdırılması, sel-sularının normal axıdılması və əkin sahələrini gələcəkdə suvarma suyu ilə təmin etmək məqsədilə hesabat dövründə 10000 p.m kanal lildən təmizlənmişdir. Çəltik sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə Astaraçayda və Pensərçayda mövcud bəndlər işlək vəziyyətə gətirilmiş və su sahələrə buraxılmışdır. Qapalı şəbəkələrdə təmir bərpa işlərinə başlanılmışdır. Lovayn su anbarı su ilə doldurulmuş, Lovayn nasos stansiyasının mexaniki hissələri təmir edilmiş və son tamamlanma işləri görülür.
 2018-ci ilin I rübündə 6 hektar sahədə aqromeyvə bağları salınmışdır. Yeni şitillik sahələri salınmaq üçün 0.30 ha böyütmə sahəsi və 0.30 ha tinglik sahəsi yaradılmışdır. Keçən illərdə salınmış meşə əkinlərində və aqromeyvə bağlarında 270 hektarda xidməti işlər, 50 hektarda suvarma işləri, tinglik və böyütmə sahələrində isə 18 hektarda becərmə işləri və 9 hektarda suvarma işləri aqrotexniki qaydalara uyğun olaraq aparılmışdır. Hal-hazırda müəssisədə 2018-ci ilin yaz əkini üçün nəzərdə tutulmuş aqromeyvə bağlarının salınması istiqamətində işlər davam edir.
Novruz bayramında əhalinin hər növ ərzaq malları ilə təmin olunması, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul əldə etmək məqsədilə 15-19 mart tarixlərində rayonun Pensər kəndində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkası təşkil edilmiş, əhalinin ərzaq və kənd təsərrüfatı mallarına olan tələbatı tam təmin olunaraq seçim imkanları artırılmış, eləcə də süni qiymət artımının qarşısı alınmışdır.
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin əsas prioritet istiqamətləri səmərəli sosial  müdafiə sistemini inkişaf etdirməklə, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması sahəsində işlərini davam etdirmişdir.
2018-ci ilin I rübü ərzində hərəkətdə olan sosial müavinət alanların sayı 5235 nəfər olmuşdur. DSMF-nın  Astara rayon şöbəsində 31 mart 2018-ci il tarixə 12697 nəfər pensiyaçı qeydiyyatda olmaqla pensiya alırlar.
 Rayon Dövlət Sığorta Filialı 10340 manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə hesabına hərbi xidmət dövründə xəsarət almış əlillərə, şəhid olmuş vətəndaşların ailələrinə 2750 manat sığorta yardımı verilmişdir.
Rayon  Məşğulluq  Mərkəzində 570 nəfər işaxtaran qeyri məşğul vətəndaş qeydiyyata alınmışdır. Qeydiyyata alınanların 357 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşlar ki, onların da 116 nəfərini qadınlar təşkil etmişdir. Ailə biznesini genişləndirmək məqsədi ilə aztəminatlı ailələrdən olan işaxtaran və işsiz vətəndaşlardan 31 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilməklə təlimlərə başlanılmışdır.
Rayonun təhsil müəssisələrində Təhsil şöbəsinin tədbirlər planına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmişdir. Ümumtəhsil məktəblərinin təmiri və texniki təchizatı ilə əlaqədar 2018-ci ilin I rübü ərzində Bala Şahağac kəndində 96 şagird yerlik modul tipli məktəb istifadəyə verilmiş və Siyətük kənd 56 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi yekunlaşmaq üzrədir. Azərbaycan Respublikası Prezidentinin 21 mart 2018-ci il tarixli Sərəncamı ilə Şəmətük kəndində 20 şagird yerlik və Doli kəndində 40 şagird yerlik modul tipli yeni məktəb binalarının tikintisi üçün vəsait ayrılmışdır.
2017-ci ilin 3 ayı ərzində Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə 44312 nəfər ambulator olaraq müraciət etmişdir. 44 xəstə üzərində cərrahi əməliyyat aparılmışdır ki, onlardan 9-u təxirəsalınmaz əməliyyat olmuşdur. 6819 nəfər xəstəyə  imtiyazlı resept yazılmış, dərman preparatı ilə təmin edilmişlər. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığına əsasən fevral ayının 12-dən əhalinin pulsuz tibbi müayinəsinə başlanılmış, bu günə qədər 40 min nəfərə qədər vətəndaş tibbi müayinədən keçirilmiş, bu iş müvəffəqiyyətlə davam etdirilir.
Gənclər və İdman idarəsi 2018-ci ilin I rübü ərzində 30 tədbir həyata keçirmişdir. Bu tədbirlərdə ümumən 3170 nəfər gənc və idmançı iştirak etmişdir. Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik  tərbiyəsi işinin həyata keçirilməsi onların vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət, intellektual, bacarıqlı və yaradıcı gəncliyin inkişafı daim diqqətdə olmuşdur.  21-23 fevral tarixlərində Azərbaycan televiziyasının bazasında “Mən Azərbaycanlıyam” adlı intellektual layihədə Sərək kənd tam orta məktəbinin şagirdi Eynəlizadə Məlahət seçim və final turunda qalib gələrək diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, dini durum daim nəzarətdə saxlanılmış, bu sahədə sabitlik təmin edilmişdir.
Müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində bütün tədbirlər həyata keçirilmişdir. Rüb ərzində şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, icra hakimiyyəti başçısının aparatı, bələdiyyələr və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrin yardım fonduna 19 min 990 manat vəsaitin köçürülməsi təmin edilmişdir.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür.
Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha vacib olan məsələlər gündəmdədir. Rayonun əlverişlı təbii şəraiti və yaradılmış yol infrastrukturu turizmin inkişafına geniş imkanlar açır, ona görə də iş adamlarının bu sektora diqqət ayırmaları və investisiya yatırmaları qarşıda duran vacib məsələlərdəndir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik  və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaqla  ölkədə  ərzaq bolluğunun yaradılmasına töhvəmizi verməliyik. Astara aqrar rayonudur, burada kənd təsərrüfatını inkişaf etdirmək üçün hər cür şərait vardır.
Rayon İcra hakimiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün imkanlarından maksimum istifadə edəcək, əhalinin rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun inkişafı üçün vacib olan tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində  bütün qüvvəsini  səfərbər edəcəkdir.
Məruzə ətrafında rayon Su Kanal idarəsinin müdiri Anar Baxşıyev, 49 nömrəli Yol İstismarı MMC-nin rəisi Qurban Əliyev və başqaları çıxış etmişlər.
Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 2018-ci ilin birinci rüübndə rayonda görülən işlərin ürəkaçan olduğunu, bununla yanaşı görüləcək işlərin də az olmadığını diqqətə çatdırmışdır.
Bildirmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının kənd təsərrüfatı ilə məşğul olan əhali üçün yaratdığı əlverişli şərait nəticəsində rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik  və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalının ildən-ılə artması bizi çox sevindirir.
Ölkə rəhbərinin tapşırığına uyğun olaraq hazırda rayonda fermer və sahibkarlara məşğul olduqları sahələrin daha da inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır. Ayrı-ayrı ərazilərdə istifadəsiz qalmış torpaqların tamamilə əkilməsi barədə aparılan təbliğat işləri səmərəsini verməkdədir. Həm əkin sahələrinin artırılması, həm də istehsal edilən məhsulların çəkisində ötən ilin müvafiq dövrü ilə müqayisədə yaranmış fərqlər böyükdür. Lakin qazanılan uğurlar bizi arxayın salmamalı, rayonun ayrı-ayrı yaşayış məntəqələrində istifadəsiz qalan hektarlarla kənd təsərrüfatı üçün yararlı torpaqların tamamilə əkin dövriyyəsinə qaytarılmasına maksimum çalışmalıyıq.
Bələdiyyələr torpaqların təyinatı üzrə istifadəsinə diqqəti artırmalı, əkinçiliklə məşğul olan fərdi təsərrüfat sahibləri və iş adamlarına lazım olan köməkliyi göstərməlidirlər.
Rayonda aparılan tikinti abadlıq işləri, dəniz sahilində salınmış park-bulvarda yaradılan yüksək şərait, yol infrastrukturunun yaxşılaşdırılması turizm imkanları geniş olan rayonumuza gələn turistlərin sayında yüksək artımla müşahidə olunur. 2016-cı illə müqayisədə 2017-ci ildə rayona gələn turistlərin sayının dəfələrlə artması bu sahədə həyata keçirilən səmərəli tədbirlərinn nəticəsidir.
Qarşıdan xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyləri gəlir. Bununla əlaqədar rayon İcra hakimiyyətinin geniş tədbirlər planı hazırlanmışdır. Tədbirlər planında nəzərdə tutulan məsələlərin həlli məqsədilə hər kəs üzərinə düşən vəzifələri məsuliyyətlə icra etməyə borcludur və buna səylə çalışmalıdır.
Qarşıda duran vəzifələrlə əlaqədar tövsiyə və tapşırıqlarını verən icra başçısı  birinci rübdə görülən işlərin nəticələrinə əsasən 2018-ci ilin ölkəmiz və rayonumuz üçün əmin-amanlıq, yüksək inkişaf, tərəqqi və bolluq ili olacağına əmin olduğunu bildirmiş, bu işdə hamıya müvəffəqiyyətlər arzulamışdır.
Astarainfo.az