Azərbaycan Prezidenti: Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik

Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik.
 Astarainfo.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.
Dövlətimizin başçısı qeyd edib: “Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Təbii ki, son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilirdi və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, biz böyük gəlirlər əldə etməyə başlamışdıq. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. Hazırda biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq. Bu layihə bizim təşəbbüsümüzlə həyata keçirilir. 2012-ci ildə bu layihəyə start verildi. Ondan əvvəlki illər isə demək olar ki, nəticəsiz keçmişdir. Çünki Azərbaycan qazını böyük həcmlərlə Avropa bazarlarına çıxarmaq üçün bir neçə il ərzində müzakirələr gedirdi, amma heç bir nəticə yox idi. Biz bunu görəndə artıq bildik ki, ancaq özümüzə güvənməliyik və tarixi qərarlar qəbul edildi. Çox çətin layihəni uğurla icra edirik. Bu, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu layihədir”.
İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur:
“Ona görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Biz, əlbəttə, diplomatik, siyasi və iqtisadi yollarla buna nail ola bilmişik. “Cənub Qaz Dəhlizi” layihələrinin üçü bu il istifadəyə veriləcəkdir – “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP. Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik. Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik. Biz bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmışıq, yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik. Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər perspektiv strukturlar ətrafında tərəfdaşlarla işləyəcəyik”.
Prezident vurğulayıb ki, demək olar, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olubdur və bir-iki ildən sonra Cənub Qaz Dəhlizi tam istifadəyə veriləcək.