İyunun 24-ü Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.
Bu barədə Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Prezident xatırladıb ki, Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsilə bağlı çağırış edib və bu təklif müsbət qarşılanıb.
Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi və keçən il aprelin 16-da parlament üsul-idarəsindən prezident üsul idarəsinə keçidlə bağlı referendumdan bəhs edən Ərdoğan deyib ki, Türkiyə prezidenti və baş nazir arasında fikir ayrılıqları olmaması səbəbindən idərəçilikdə ciddi problemlər qarşıya çıxmır: “Yeni idarəetmə üsuluna keçid zərurətə çevrilib. Dövlət Baxçalının təklifini partiyamızda geniş müzakirə etdik və müsbət qarşıladıq. Seçkinin 24 iyun 2018-ci ildə keçirilməsinə qərar verdik”.
Suriya böhranı və bölgədə təhlükəsizliklə bağlı yaranan problemlərin də Türkiyədə qeyri-müəyyənliyin aradan qaldırılmasını zəruri etdiyini bildirən R. T. Ərdoğan bu seçkinin xalq və dövlət üçün xeyirli olmasını arzulayıb.
Ərdoğan ali seçki qurumunun dərhal seçki hazırlıqlarına başlayacağını da bildirib.
Xatırladaq ki, AKP ilə MHP arasında seçkilərdə əməkdaşlığa dair seçki ittifaqı yaradılmasına dair razılıq mövcuddur. MHP sədri Dövlət Baxçalı aprelin 17-də partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında qarşıdakı prezident və parlament seçkilərinin 2018-ci il 26 avqust tarixinə keçirilməsi barədə çağırış edib.Xezerxeber.az