Səncərədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 5 kənd daxildir ki, bunlardan biri də Alaşa kəndidir. Astara rayonunun sərhədyanı kəndlərindən olan Alaşa kəndində yaşayan əhalinin əsas məşğuliyyəti sitrusçuluq, əkinçilik və maldarlıqdır. Son illərdə bu kənddə xeyli abadlıq və quruculuq işləri görülmüş, əhalinin təbii qazla təmin olunması üçün yeni xətlər çəkilmiş, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, suötürücü kanallar lildən təmizlənmişdir. Kəndə iki istiqamətdə asfalt yol çəkilmişdir. Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolu və Səncərədi-İstisu avtomobil yollarının asfaltlaşdırılması kənd sakinlərinin rayon mərkəzi və digər kəndlərlə əlaqəsini asanlaşdırmışdır.
Aprelin 24-də Alaşa kənd sakinləri ilə keçirilən səyyar qəbul və görüşdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev nümayəndəlikdə, o cümlədən Alaşa kəndində görülən işləri xatırlatmaqla, bildirmişdir ki, bu görüşümüzdə də kənddəki problemlər və görüləcək işlər barədə təkliflərininizi dinləyib həlli yollarını birgə araşdıracağıq.
Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri görüşdə kənd sakinləri onları düşündürən və narahat edən məsələlər barədə fikir və təkliflərini diqqətə çatdırmışlar. Kənd sakinlərindən Vaqif Ağayev, Nazlı Əliyeva, Həqiqət Sarıbalayeva, Rəşid Rüstəmov, Xanlar Baxşıyev və başqaları çıxış edərək son illər respublikamızda, xüsusən Astara rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər barədə söhbət açmış, nümayəndəliyin ərazisində aparılan quruculuq-abadlıq işlərdən razılıqlarını bildirmiş, Respublika Prezidenti cənab İlham Əliyevə hədsiz minnətdarlıq etmişlər.
Çıxış edənlər təsərrüfat sahələrinin suvarma suyu ilə təminatı və suötürücü kanalların təmizlənməsi, kəndin tam telefonlaşdırılması, ayrı-ayrı yerlərdə elektrik dirəklərinin dəyişdirilməsi barədə təkliflər irəli sürmüşlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon Suvarma Sistemləri idarəsinin, Telekomunukasiya Qovşağının, Elektrik Şəbəkəsinin rəhbərlərinə, mövcud problemlərin həlli ilə əlaqədar konkret tapşırıqlar vermişdir.
Kənd sakinləri ilə görüşün yüksək fəallıq və işgüzarlıq şəraitində keçdiyinə görə razılığını bildirmiş, 11 aprel Prezident seçkilərində yüksək fəallıq göstərdiklərinə və ölkəmizin işıqlı gələcəyinə, inkişafa, tərəqqiyə səs verdiklərinə görə bütün sakinlərə minnətdarlıq etmişdir.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızın hər yerində, o cümlədən, Astara rayonunda xalqın maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı tədbirlərin görüldüyünü, sosial yönümlü layihələrin həyata keçirildiyini  bildirmişdir. Bütün bunların xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin daim diqqətində olduğunu vurğulayan icra başçısı, daha qlobal layihələrin həyata keçirlməsi üçün ölkədə mühüm işlərin görüldüyünü diqqətə çatdırmışdır.
 Şimal-Cənub dəmiryol xəttinin, Ələt-Astara magistral yolunun rayonumuzdan keçən hissəsində tikinti işlərinin başa çatdırılması, Astara şəhəri və ətraf yaşayış məntəqələrini içməli su ilə təmin edəcək yeni içməli su xəttinin çəkilişinin sürətlə davam etdirilməsi dediklərimizə sübutdur. Hazırda Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi, eyni zamanda rayon sakinlərinin və rayonumuza gələn qonaqların əsas istirahət yerinə çevrilən Astara dənizkənarı park-bulvar kompleksinin genişləndirilməsi işinin sürətlə davam etdirildiyini qeyd edən icra başçısı, görülən işlərin bununla bitmədiyini, əhalinin rahatlığına, mədəni-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edən yeni layihələrin həyata keçiriləcəyini bildirmişdir.
Ərazidə gözəl təbiətin və müalicəvi əhəmiyyətli termik bulaqların olması burada həm də turizmin inkişafı üçün geniş imkanlar açır. Bütün bunları nəzərə alaraq Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş (İstisu-Bəndəsər) avtomobil yolunun asfaltlaşdırılması Dövlət Proqramına salınmışdır ki, yaxın gələcəkdə bu məsələ həllini tapacaqdır.
İcra başçısı ölkə başçısının göstərişi, eyni zamanda böyük diqqət və qayğısı ilə respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar həyata keçirilən dövlət tədbirlərini, aqrar sahənin inkişafı ilə bağlı sərəncamları görüş iştirakçılarına xatırlatmaqla, əkinəyararlı torpaq sahələrindən səmərəli istifadənin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd etmiş, bununla əlaqədar tövsiyə və tapşırıqlarını vermişdir.
Astarainfo.az