“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.
QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 kilometr baş yolun R-65 tipli yarımyararlı materiallarla əsaslı təmiri aparılır.
Təmir işlərini icra edən “Dəmiryolservis” MMC tərəfindən artıq Şirvan çeşidləmə – Şirvan mənzilinin tək yolunda və Şirvan baş stansiyasının tək yolunda 4,1 kilometr uzunluğunda yollar əsaslı təmir edilib.
Hazırda Qaragünə-Şirvan çeşidləmə mənzilində 6,7 kilometrlik yolun əsaslı təmiri həyata keçirilir.
Onu da xatırladaq ki, bu mənzildə son əsaslı təmir işləri 1968-ci ildə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq, bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hazırda görülən işlərin böyük əhəmiyyəti var.AZƏRTAC