Mayın 3-də Astara Heydər Əliyev Mərkəzində “5 may – Xalçaçı günü”nə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Astara rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova, rayon İcra Hakimiyyətinin məsul işçiləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Astara Bilik Evinin “Toxuçuluq” dərnəyi, rayon Tarix-diyarşünaslıq muzeyi, rayon Dövlət Rəsm Qalereyası, rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Sərgidə Astara rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova çıxış edərək bildirib  ki, Azərbaycanda xalçaçılıq sənəti qədim tarixə malikdir. Azərbaycan xalçası beynəlxalq miqyasda tanınır, dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Məhz dövlətin qayğısı nəticəsində 2010-cu ilin 10 noyabr tarixində Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Toxuculuğun inkişafı haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra qanun və sərəncamlar imzalanmışdır. Bunlara misal olaraq, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu”nu, “Xalçaçı günü” peşə bayramının təsis olunması ilə bağlı sərəncamını göstərə bilərik.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Astara Bilik Evinin “Toxuçuluq” dərnəyi və rayon Tarix-diyarşünaslıq muzeyinin iştirakçıları əl işləri – böyük zövqlə toxunmuş, təbii boyalarla boyanmış xalça və xalça məmulatlarından ibarət sərgi keçirilib.
Sərginin məqsədi xalçaçılıq sənətini yaşatmaq, toxuculuğun bu əsrarəngiz sahəsində çalışan fərdi xalçaçılara dəstək olmaqdan ibarətdir. Bu zəhmətli işə qiymət verib dəstəkləyərək, biz çox gözəl ənənənin bir hissəsinə çevrilir onun davamına və inkişafına təkan vermiş oluruq.

Elza Kazımova

Astarainfo.az