“Təhsil” Respublika İdman Mərkəzinin 13-15 yaşlı oğlanlar arasında yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib.
Təhsil Nazirliyindən  bildiriblər ki, Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 22 komandadan 311 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Komanda hesabında birinci yerə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi, ikinci yerə Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi, üçüncü yerə 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (RİOEUGİM) layiq görülüblər.
Daha bir yarış 13-14 yaşlı yeniyetmə boksçular arasında keçirilib. Şağan Olimpiya İdman Kompleksində təşkil olunan “Təhsil” Respublika İdman Mərkəzinin kuboku yarışına nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərinin, “Neftçi”, “Qarabağ”, “Zenit”, “Rabitə” idman klublarının komandaları qatılıblar.
On doqquz çəki dərəcəsi üzrə 210 idmançının mübarizə apardığı yarışda komanda hesabında birinci yeri 1 nömrəli RİOEUGİM, ikinci yeri Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi, üçüncü yeri Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi tutublar.
Qaliblər kubok və diplomlarla mükafatlandırılıblar.
Qeyd edək ki, yarışların keçirilməsinin məqsədi müvafiq idman növləri üzrə mərkəzin yığma komandalarını formalaşdırmaq, idmançıların dostluq əlaqələrini yaratmaq, uşaq və yeniyetmələr arasında idman növlərini təbliğ etməkdir.AZƏRTAC